Ermənistandan "İNTİHARA CƏHD": Paşinyan Bakını aldatdı? - Sülh olmayacaq...

Ermənistandan

Ermənistan yenə ikibaşlı oyun oynayır. Vaşinqtonda 4 günlük görüşlərin gedişində Bakı ilə İrəvan arasında sülh istiqamətində danışıqlarla bağlı müsbət siqnallar gəlsə də rəsmi İrəvan "oyunbozanlıq" etməkdə davam edir. Halbuki dünənə kimi okeanın o tayında gerçəkləşən görüşlərdə əldə olunan nəticələr, razılaşmalar Ermənistan siyasi sferasında çox böyük narahatlıqlar yaratmışdı. Hətta bununla bağlı İrəvandan ard-arda bəyanatlara da şahid olduq.

Belə açıqlamalardan biri erməni politoloq Andranik Ovannisyandan gəlib. O bildirib ki, Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistanın xarici işlər nazirlərinin iştirakı ilə keçirilən üçtərəfli danışıqların elə ilk günündə Ermənistan nümayəndə heyətinin üzvü, xarici işlər naziri Ararat Mirzoyan Qarabağı Azərbaycan Respublikasının ayrılmaz hissəsi kimi tanıyıb.

Onun sözlərinə görə, bununla da Paşinyan hakimiyyəti Qarabağ məsələsini birdəfəlik bağlamaq qərarına gəlib: "Xarici işlər naziri Ceyhun Bayramov da öz növbəsində Azərbaycanın Ermənistanın regionda iqtisadi, nəqliyyat və logistika layihələrində iştirakına mane olmayacağını bildirib".

Lakin Vaşinqton görüşünün sonları yaxınlaşdıqca biz bir qədər dəyişik mənzərənin şahidi olmağa başladıq. Belə ki, özünü bütün dünyaya sülh tərəfdarı, "sülh göyərçini" kimi təqdim edən Nikol Paşinyan yenidən aranın gərginləşməsinə səbəb olacaq bəyanatları ilə diqqət mərkəzinə düşüb.

Paşinyan bu gün Çexiyaya səfər edərək vəziyyəti gərginləşdirməyə yönələn açıqlamaları ilə yadda qalıb:
 
⚫️ Qarabağa beynəlxalq missiya göndərilməlidir
 
⚫️ Azərbaycanla vəziyyət gərgin olaraq qalır
 
⚫️ Azərbaycan güc ritorikasından əl çəkməlidir
 
⚫️ Qarabağda 4 aydır "blokada"dır, qaz, işıq, internet tez-tez kəsilir, beynəlxalq ictimaiyyət buna reaksiya verməlidir.

Açıq-aydın görünür ki, tərəflər arasında bir çox məsələlərdə razılığın əldə olunduğu, müsbət irəliləyişlərin nəzərə çarpacaq dərəcədə diqqət mərkəzində olduğu bir vaxt  Nikol Paşinyan yenidən danışıqlara xələl gətirmək üçün keçmiş ritorikasına "sadiqlik" nümayiş etdirib. Bununla da Ermənistan baş naziri Vaşinqton danışıqlarının əhəmiyyətini sıfırlamaq niyyətində olduğunu, bu formata da itaətsizliyini büruzə verməyə başladı. 

Çünki bu saatdan sonra Azərbaycanın öz suveren ərazisində yaratdığı və erməni sakinlərin artıq şəffaf şəkildə hər iki istiqamətdə keçməyə başladığı "Laçın" sərhəd nəzarət-buraxılış məntəqəsini təsis etməsi məsələsinə hər hansı bir bu cür manipulyativ şərh ancaq danışqılardan qaçmaq cəhdi kimi qəbul edilə bilər. 

Nikol Paşinyanın (4 may tarixində) Çex Respublikasının baş naziri ilə birgə mətbuat konfransında çıxışı zamanı ölkəmizin Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi təsis etməsi, habelə guya Azərbaycanın Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməsi, Qarabağ bölgəsində humanitar böhran yaratdığı ilə bağlı dəfələrlə səsləndirdiyi cəfəng iddialar Bakını ehtiyyat tədbirlər barədə düşünməyə, Ermənistanın yeni oyununa hazır olmağa vadar edir. 

Əslində ötən gün Ceyhun Bayramovla Ararat iİrzoyan arasında baş tutan 4 günlük Vaşinqton görşünün yekunları ilə bağlı istər ABŞ tərəfinin yaydığı bəyanatda, istərsə də Bakı və İrəvanın bu təmaslarla bağlı yekun məlumatında müsbət məqamlara rast gəlsək də, konkret olaraq tərəflərin bütün istiqamətlərdə razılaşmadığının da şahidi olduq: "Nazirlər və onları müşayiət edən nümayəndə heyətinin üzvləri Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər".

Bu, deməyə əsas verir ki, sülhlə bağlı yekun razılığa gəlmək bu dəfə də mümkün olmadı. Əslində hansı maddələr üzrə razılaşma olduğu açıqlanmasa da bu, Paşinyanın da qərəzli açıqlamalarından İrəvanın danışıqları dalana dirəyən istəklərinin hansılar olduğu barədə ilkin versiyalar ortaya çıxır:

✔️ Qarabağdakı ermənilərin "hüquq və təhlükəsizliyinin qorunması" Bakı erməni əhalisi ilə təmaslar məsələsinin sülh sazişinə daxil edilməsinə qarşıdır və bu mövzunun qaəti olaraq masaya yatırılmasına qarşıdır. Çünki ərazi Azərbaycan ərazisidirsə, vətəndaşlarının təhlükəsizliyini də necə qorumaq barədə qərar da Azərbaycanındır. Buna digər kənar müdaxilələr Azərbaycanın daxili işinə qarışmaq, ərazi iddialarını yenidən alovlandırmaq cəhdindən başqa bir şey deyil. 

✔️ Paşinyan hakimiyyətinin təmsilçiləri əslində son dönəmlər az qala hər çıxışlarında Qarabağ mövzusundan əl çəkdiklərini deməklə ikili oyun oynayırlar. Bununla da rəsmi İrəvan "Bakı-Xankəndi" formatı kimi qondarma təklif ortaya ataraq,  Azərbaycanı separatçılara "tərəfə" çevirməklə, danışıqları onlarla aparmaq niyyətlərini gizlətmirlər. Bakının bu məsələdə mövqeyini dəfələrlə eşidən Ermənistan bununla da yenidən destruktiv yanaşma ortaya qoyaraq, əslində sülhdən yayınmaq üçün vaxt qazanmaq məqsədilə manevr etməyə çalışır.

Bunun ilkin siqnallarını hələ iki gün əvvəl dövlət başçısı İlham Əliyev Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransda çıxışı zamanı beynəlxalq ictimaiyyətə ötürmüşdü: "Sülh sazişinin mətninə mövcud olmayan Dağlıq Qarabağı salmaq üçün istənilən cəhd qeyri-məhsuldardır".

✔️ Tərəflər arasında sülh gündəliyində razılaşdırılmayan növbəti məsələ isə böyük ehtimalla delimitasiya-demarkasiya prosesinə daxil olan işğal altındakı 8 kəndlə bağlı fikir ayrılığına aiddir. Belə anlaşılır ki, rəsmi İrəvan hər vəchlə çalışır ki, bu kəndləri geri qaytarmasınlar, vəziyyətin olduğu kimi qalmasını və bu mövzunu əbədi dondursunlar. Beləcə, Ermənistan bu işğalı legitimləşdirməyə can atır.

Blinken danışıqları "ciddi irəliləyiş" adlandırsa da hərçənd, Ermənistanın bu sadalanan mövqeyi faktiki olaraq prosesləri növbəti dəfə dalana dirəyir. Nəzərə alsaq ki, növbəti raund Moskvada keçiriləcək, o zaman həmin görüşdən də nəticə əldə etməkıə bağlı ehtimallar olduqca aşağıdır. 

İstisna edilmir ki, Vaşiqntonda olduğu kimi Moskvada da Ermənistan tərəfi əvvəlki görüşlərdə olduğu kimi masaya absurd təkliflər gətirərək sənədin imzalanmasına növbəti dəfə imkan verməyəcək. Hadisələrin bu cür inkişafının məhz Moskva ssenarisinə uyğun olduğunu da nəzərə alsaq, o zaman danışıq masası ətrafında müsbət nəsə gözləmək Azərbaycan üçün qarşıdakı həftələrdə-aylarda vaxt itkisi hesab edilə bilər. 

Paşinyanın iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin sammitində sülh müqaviləsinin imzalanması ilə bağlı fikirləri də artıq sadəcə zaman qazanmaq üçün növbəti yalan məlumatdan başqa bir şey deyil. Çünki Emanuel Makronun başbilənliyi ilə qurulan Avropa Siyasi Birliyinin sammitində Ermənistanın qardaş-bacılarının əhatəsində Azərbaycanın təkif etdiyi 5 maddəlik sülh sənədini qəbul edəcəyinə inanmaq sadəlöhvlük olar. 

Düzü, sülhün imzalanması ilə bağlı İrəvanın cəhdlərini Bakı ilə yanaşı Ankara da səmimi hesab etmir. Türkiyə mediasında Müdafiə naziri Hulusi Akarın Ermənistan-Azərbaycan münasibətlərinə dair dərc olunan məqaləsində də Ordu rəhbəri bildirib ki, İki ölkə arasında vəziyyət qeyri-sabitdir və sülh sazişinə olan ümidlər sönməkdədir.

Demək ki, hər kəs artıq hər şeyi yaxşı başa düşür, görür və bu cür gedişatın hadisələri ahara apardığının fərqindədir. Deyəsən tək fərqində olmayan yenə də Ermənistan hakimiyyətidir. O zaman Prezident İlham Əliyevin dediyini təkrarlamaqdan başqa əlimizdən heçnə gəlmir: Üçtərəfli Bəyanat atəşkəs razılaşması deyil, sülh sazişi də deyil. Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq.

Bəs nə olacaq? Məncə bu ritorik sualın cavabını Ermənistan yaxşı bilər. Çünki 3 il əvvəlki ağır məğlubiyyətin acısını istər regional, istərsə də qlobal sferada çox yaxşı hiss edirlər. Əgər Ermənistan bu dəfə də konstruktiv olmasa, yeni geosiyasi konfiqurasiyada özünə yer tapmalı olacaq. Təbii ki, onda özünü bir dövlət kimi tapa bilsə... /Milli.az/






Fikirlər