Ermənistan Rusiya ilə qarşıdurmanın yeni raunduna START verdi...

Ermənistan Rusiya ilə qarşıdurmanın yeni raunduna start verdi

Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ünvanıına yeni ittihamlar səsləndirib. Baş nazir qeyd edib ki, KTMT Ermənistanın suverenliyi və təhlükəsizliyi üçün təhdid mənbəyinə çevrilib. Paşinyan məhz bu səbəbdən də Etmənistanın  KTMT-dəki fəaliyyətini dondurduğunu bildirib.

 Xatırladaq ki, Paşinyan bundan öncə də KTMT-in ünvanına tənqidlər səsləndirsə də, onu heç vaxt bu qədər sərt şəkildə ittiham etməyib. Baş nazirin bu dəfə “baltanı kökündən vurması”  Ermənistanın Rusiya ilə qarşıdurmanın növbəti raunduna start verdiyini göstərir. Paşinyanın bu cəsarətinin arxasında Qərbin aktiv dəstəyinin dayandığı isə birmənalıdır.

 Ukraynada Rusiya ilə dolayı şəkildə hərbi-iqtisadi qarşıdurma yaşayan Qərb, Cənubi Qafqazda da Kremli siyasi baxımdan gözdən salmaqda, onun dayaqlarını sarsıtmaqda maraqlıdır. Bu mənada Paşinyanın əli ilə KTMT-yə açılan atəş Rusiyanın liderliyi ilə yaradılan bu qurumu parçalamağa, ona digər üzv dövlətlər arasında da inamsız münasibət formalaşdırmağa hesablanıb. Bu mənada Paşinyanın məlum bəyanatının Ermənistan-Rusiya münasibətlərini daha da gərginləşdirəcəyi şübhəsizdir. Ehtimal ki, Rusiya da Paşinyanın bu bəyanatını hansısa formada cavablandıracaq və Ermənistana borclu qalmadığını İrəvanla yanaşı, onun Qərbdəki himayədarlarına göstərəcək. İstənilən halda, bu gün bir çox müstəvidə Rusiyadan həyati asılılığı olan Ermənistanın bu raunddan qalib çıxması mümkünsüzdür. Bu isə o deməkdir ki, Paşinyanın məlum bəyanatı Ermənistanın hərbi-diplomatik məğlubiyyətlərlə zəngin tarixini bir qədər də zənginləşdirəcək.

 Seymur ƏLİYEV






Fikirlər