Azərbaycançılıq – Bir xalqın ortaq dəyəri ...
Azərbaycançılıq müstəqil, suveren Azərbaycanın istiqlalını və bu ölkədə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır. Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır. Azərbaycançılıq milli dövlət ideologiyası kimi, Azərbaycan Respublikasının Konstitusiya əsaslarına söykənən, Azərbaycanın müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir. İdeologiya olaraq azərbaycançılıq mühüm funksional elementlərlə zəngindir və bunların da mahiyyəti ölkəni mənəvi və fiziki baxımdan zəiflətmək cəhdlərindən qorumaqdır. Bu ideologiya inzibati-ərazi quruluşuna görə unitar, siyasi quruluş və dövlət idarəçiliyinə görə hüquqi və demokratik dövlət kimi Azərbaycanın möhkəmlənməsinə və inkişafına yönəldilib. Azərbaycan tarixən müxtəlif millətlərin dinc yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkə olub. Burada hər bir xalqın və millətin nümayəndəsinə bərabər münasibət göstərilib. Ona görə Azərbaycan vətəndaşı sayılan hər kəs azərbaycançılıq ideyası ətrafında birləşib. Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası ictimai-siyasi proseslərə, konstitusiya sisteminə, xüsusilə dövlət quruculuğuna öz müsbət təsirini göstərir. Azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, onun demokratik inkişafını təmin etməklə bərabər, davakar millətçilik və şovinizmə qarşı təşəkkül tapmış ideologiyadır. Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanır. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır. Mövzu ilə bağlı Yenisabah.az-a danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi və keçmiş deputat Sabir Rüstəmxanlı bildirib ki, azərbaycançılıq ideologiyası ölkəmizdə yaşayan etnosların qardaşlığını təcəssüm edir: “Bu çox geniş mövzudur. Bir müsahibədə buna cavab vermək olduqca çətindir. Azərbaycan bizim torpağımızdır, vətənimizin adıdır. Bu torpaqda, bu vətəndə yaşayan hər bir kəs Azərbaycan adına, sözünə və dövlətinə sayğı duymalıdır. Azərbaycan şərqlə-qərb, şimalla-cənub arasında elə bir nöqtədədir ki, burada müəyyən mədəniyyətlər, dillər var. Bu ərazidə bir sıra xalqlar üz-üzə gəlib, qarşılıqlı əlaqədə olub. Təbii ki, bu coğrafiyada Azərbaycan dövlətini yaşadan, azərbaycançılıq ideyasını ortayan atan xalq Azərbaycan türkləridir. Ona görə də, dövlətin dili də Azərbaycan dilidir. Bu dil türk dilinin bir ailəsidir. Azərbaycan dili deyəndə bir elə türk dilini nəzərdə tuturuq. Biz azərbaycançılıq deyəndə burada yaşayan xalqların, etnosların qardaşlığını nəzərdə tuturuq. Təəssüf ki, bəzən bunu pozmaq istəyənlər də olur. Azərbaycanda yaşayan xalqların hər biri öz adını deyə bilir. Lakin bəzən hansısa türk özünə “türk” deyəndə etiraz yaranır ki, ayrı-seçkilik etməyin, hər birimiz azərbaycanlıyıq. Heç kim etnik kimliyini unutmamalıdır. Bu baxımdan biz türklər də unutmalı deyilik”. Sabir Rüstəmxanlı qeyd edib ki, kimliyindən asılı olmayaraq, hər bir xalqın dilinə və mədəniyyətinə dərin hörmətlə yanaşılır: “Mən hər zaman Azərbaycanda milli birliyin tərəfdarı olmuşam. Hətta öz dilini tək başına qoruyan Xınalıq kəndi var və böyük hörmətə layiqdir. Mənim bu barədə bir şeirim də var. Sayından, kimliyindən asılı olmayaraq, bütün etnoslara hörmət və ehtiramla yanaşırıq. Onlar da eyni formada türk etnosuna belə yanaşmalıdır. Çoxları “türk” deyəndə Osmanlı türklərini nəzərdə tutur, amma Türkiyədə xalqın adı “osmanlı” olanda “türk” sözü məhz Azərbaycanda yaşayıb. Bu ad 1937-ci ildə əlimizdən alınıb, indi öz müstəqil dövlətimizdə bu sözü sərbəst formada işlədə biliriksə, azərbaycançılığın gətirdiyi bir xoşbəxtlikdir. Mənim idealım Azərbaycanda hər zaman milli birlik və vətəndaş həmrəyliyi olub. 44 günlük Vətən müharibəsindən sonra bütün siyasi partiyalar azərbaycançılıq ideyası ətrafında milli birliyi dəstəkləyir. Bir sözlə, dövlət kimliyi olaraq, biz hamımız azərbaycanlıyıq. Bu kimlik altında biz hamımız bir ailə kimi yaşayırıq”. Nazim Hacıyev Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır.