ŞAHIN MUSTAFAYEVƏ BAŞ NAZİRİN MÜAVİNİ statusunun verilməsi təklif edildi

 

vahid-22.jpg

Prezident İlham Əliyev dövlət orqanlarında struktur islahatlarının tərkib hissəsi olaraq bir neçə mühüm fərmana imza atıb.

Dünənki fərmanlarla Satınalmalar üzrə Dövlət Agentliyi, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi ləğv edilib, İqtisadiyyat və Sənaye Nazirliyinin adı dəyişdirilib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov modern.az-a açıqlamasında struktur islahatları istiqamətində verilən fərmanları yüksək qiymətləndirib:"Xüsusilə Satınalmalar üzrə Dövlət Agentliyinin ləğv edilməsi çox yaxşı haldır. Çünki bu qurumla bağlı çox mənfi rəylər var idi. Şikayətlər çox idi. Doğrudan da bu qurum İqtisadiyyat Nazirliyinin tərkibində olmalı idi. Çünki iqtisadiyyata birbaşa cavab verən qurumdur. Ona görə də tenderlərin keçirilməsi də bu nazirliyə həvalə olunmalıdır. Bayraq Meydanı Kompleksi İdarəsinin Dənizkənarı Bulvar İdarəsinə birləşdirilməsi yerində verilmiş qərardır. İnanıram ki, kadrlarla bağlı da islahatlar davam etdirilıcık”.

Millət vəkili İqtisadiyyat Nazirliyinə baş nazirin müavininin statusunun verilməsinə tərəfdar olduğunu söyləyib: “Mən açığını deyim, İqtisadiyyat Nazirliyinə daha çox baş nazirin müavini statusunun verilməsinin tərəfdarıyam. Çünki bu daha çox birləşdirici bir nazirlikdir. Bu quruma həm də hökumət səlahiyyəti verilməlidir ki, o daha çox müəyyən nazirliklərlə sıx əlaqə qura bilsin, işləri aparsın, müəyyən qərarları vermək imkanına malik ola bilsin”.

Vahid Əhmədov artıq ciddi islahatlara start verildiyini bildirib: “Dövlət başçısı bundan sonra hansı qurumlarda struktur islahatlarının aparılmasını yaxşı bilir. Dünən də Dövlət Gömrük Komitəsi ilə “ASAN xidmət”in rəhbərləri görüşüblər. Yəni ki, ciddi islahatlara artıq start verilir. Biz bunun nəticələrini görəcəyik. Bu və gözlənilən dəyişikliklər Azərbaycan iqtisadiyyatına müsbət təsirlər göstərəcək”.






Fikirlər