BAKI-TBİLİSİ-QARS dəmir yolunda işlər tamamlanmaq üzrədir

 Bu gün Türkiyədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ilə Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binalı Yıldırım arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icra vəziyyəti müzakirə olunub.

 QSC-dən Virtualaz.org saytına verilən məlumata görə, görüşdə Cavid Qurbanov çıxış edərək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tarixi, mövcud vəziyyəti, reabilitasiya, rekonstruksiya və tikintisində görülən işlər, eləcə də bu dəhlizə cəlb oluna biləcək yüklər haqqında məlumat verib.

O bildirib ki, hazırda bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə qədər olan hissədə yolun üst quruluşu işləri tamamlanıb, artıq dizel ilə işləyən lokomotivlər bütün yol boyunca maneəsiz hərəkət edə bilirlər. Elektrik təchizatı, işarəvermə və rabitə işləri bu ilin avqust ayına kimi tamamlanacaq və yol tam istismara veriləcək.

Sonra Binalı Yıldırım çıxış edərək bildirib ki, bağlantının Türkiyə hissəsində tikinti işlərinin 80% -i görülüb. Bir çox tamamlama, eyni zamanda elektrik təchizatı, işarəvermə və rabitə işləri ilin sonuna kimi başa çatdırılacaq.

Tərəflər yaxın gələcəkdə Azərbaycan, Gürcustan və Turkiyə rəsmilərinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolunun istismar şərtləri və tarif siyasətinin muəyyən edilməsi üçün üçtərəfli görüşün keçirilməsi barədə razılıq əldə ediblər.

(Azərtaym.az)






Fikirlər