İkinci QARABAĞ MÜHARİBƏSİ qapıda – ekspertlər XƏBƏRDARLIQ edir

İkinci Qarabağ müharibəsi qapıda – ekspertlər xəbərdarlıq edir

Bütün cəbhə xətti boyu gərginlik müharibə ehtimalının reallaşmağa doğru getməsi mənzərəsini yaradıb; “Azərbaycan qəfildən genişmiqyaslı antiterror əməliyyatına başlamalıdır...” 

 

Son günlər cəbhə xəttində atəşkəs rejimi intensiv şəkildə pozulmaqdadır. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 122 dəfə atəş zərbəsi endirib.
 
Müdafiə Nazirliyinin mətbuat xidməti dünən daha bir məlumat yayıb ki, düşmənin kəşfiyyat-təxribat qruplarının basqın cəhdlərinin qarşısı alınıb, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə vurulan atəş nəticəsində işğalçılar geri çəkilməyə məcbur edilib. İlkin ehtimala görə düşmən 5-7 nəfər itki verib.
Silahlı Qüvvələrimiz heç bir itki verməyib, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. 
İşğalçı erməni qüvvələrinin yuxarıda qeyd olunduğu kimi, demək olar ki, bütün cəbhə xətti boyu fəallaşması, hücuma cəhd etməsi böyük müharibənin qapının kandarında olduğu ehtimallarını artırıb. Qarabağ müharibəsinin yenidən alovlanması təhlükəsinin olduğunu artıq bəzi beynəlxalq təşkilatlar da dilə gətirməyə başlayıblar. NATO baş katibi Yens Stoltenberq “Azadlıq” radiostansiyasına müsahibəsində deyib ki, hazırda ən vacib məsələ Dağlıq Qarabağ münaqişəsi tərəflərinin iradə nümayiş etdirərək vəziyyətin gərginləşməsinə yol verməməsidir: “Biz hazırda Azərbaycanda, Dağlıq Qarabağdakı prosesləri diqqətlə izləyirik. Həm Azərbaycan, həm də Ermənistan NATO-nun tərəfdaşlarıdır və biz hər iki tərəflə əməkdaşlığı yüksək qiymətləndiririk”.
ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Ceyms Klepperin Konqresin kəşfiyyat komitəsində Amerika kəşfiyyat cameəsinin dünya üzrə risklərin qiymətləndirilməsinə dair illik məruzəsində isə bildirilir ki, 2016-cı il ərzində Ermənistanla Azərbaycan arasında gərginlik yüksək olacaq. Məruzədə qeyd edilib ki, Bakının artan hərbi gücü və Azərbaycandakı iqtisadi problemlər münaqişənin 2016-cı ildə daha da kəskinləşməsi potensialını yaradır. Çünki Azərbaycan Dağlıq Qarabağdan imtina etməyə, Ermənistan isə nəzarət etdiyi əraziləri boşaltmağa hazırlaşmır: “Bu isə münaqişənin sülh yolu ilə nizamlanmasını mürəkkəbləşdirir”.
 
 
Politoloq Hikmət Hacızadə yuxarıda qeyd edilənlərə münasibət bildirərək ABŞ kəşfiyyat şefinin söylədiklərinin reallaşmasını mümkün sayır. O, ABŞ Milli Kəşfiyyat Agentliyinin sıradan heç bir qərar vermədiyini deyərək məruzədəki fikirlərin adətən, əsaslandırıldığını söyləyir: “Onlar heç vaxt havadan proqnoz vermirlər. Belə bir çıxışla məruzə təqdim edirlərsə, deməli, onun üçün əsasları və hansısa məlumatları var. Rusiyanın təsiriylə Gürcüstanın geosiyasi orientasiyasının dəyişməsi, həmçinin, Azərbaycan-Ermənistan münaqişəsinin daha da gərginləşəcəyilə bağlı ABŞ kəşfiyyatının bəyan etdikləriylə razılaşmaq olar”.
Hərbi ekspert Üzeyir Cəfərov isə bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq təşkilatların və böyük dövlətlərin öz geosiyasi maraqlarını diktə etməsi üçün bir alətə çevrilib: “Əsas problem budur. Beynəlxalq təşkilatlar, dünya gücləri məsələdə Azərbaycanın güzəştlərə getməsi üçün Azərbaycana müxtəlif vasitələrlə təzyiq edir. Cəbhə xətti boyu ermənilərin fəallaşmasında bu amil rol oynayır. Cəbhə xəttində vəziyyətin gərginləşməsi planlaşdırılmış şəkildədir. Rusiya ilə ABŞ arasında nüfuz savaşı gedir. Ona görə də hər iki dövlət zaman-zaman vəziyyəti gərginləşdirməklə tərəfləri çağırıb cəlbedici təkliflər verirlər. Daha çox da Ermənistanı şirnikləndirirlər və işğalçı ölkə bunun təsiri altında atəşkəsi intensiv pozur. Beynəlxalq güclər sanki bir məqam gözləyir və həmin məqamın yetişdirilməsi ilə məşğuldurlar. Azərbaycanı çox xoşagəlməyən mənzərə qarşısında qoya bilərlər. Açığını deyim ki, mən çox narahatam. Bir gün Dağlıq Qarabağla bağlı hansısa əcaib qərar qəbul eləsələr və bizi fakt qarşısında qoysalar, o zaman bizə çox çətin ola bilər. Son hadisələrdən çox narahatam. Son bir neçə gündə üç hərbçimiz şəhid olub. Günü-gündən vəziyyət o qədər də ürəkaçan istiqamətdə inkişaf eləmir. 
Azərbaycan dövləti böyük dövlətlərin şıltaqlıqlarına dözüm nümayiş etdirməyi dayandırmalı və ATƏT qarşısında konkret vaxt qoymalıdır. Məsələn, üç ay vaxt qoyulmalı və bəyan edilməlidir ki, bu müddətdə Dağlıq Qarabağ məsələsi ilə bağlı işğalçı tərəfi yerində oturtmasalar və beynəlxalq qanunları, Azərbaycanın Konstitusiyasını pozmayan sazişə məcbur etməsələr Azərbaycan beynəlxalq hüquqa, BMT Təhülkəsizlik Şurasının 4 qətnaməsinə əsaslanaraq işğal olunmuş ərazilərində antiterror əməliyyatlarına başlayacaq. Verilən vaxtda ATƏT-in Minsk Qrupu qoyulan tələbi həyata keçirə bilməyəcəyi halda Azərbaycan heç bir məlumatlandırma etmədən qəfildən çox böyük miqyaslı anti-terror əməliyyatlarına başlamalıdır. Bizim bundan başqa variantımız yoxdur”.






Fikirlər