“Azərbaycan xalqı həmişə öz milli-mənəvi dəyərlərinə sadiq olub. Bu gün Azərbaycan dövləti milli dəyərlərimizin qorunması üçün ardıcıl siyasət aparır”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Novruz bayramı münasibəti ilə Bakıda keçirilən ümumxalq şənliyində çıxışı zamanı söyləyib.
Dövlət başçısı deyib ki, Novruz bayramı milli sərvətimizdir: “Müstəqil Azərbaycan dövləti də milli-mənəvi dəyərlər üzərində qurulub. Bu il müstəqilliyimizin bərpa edilməsinin 25 illiyi qeyd ediləcək. Müstəqilliyimizin ilk illərindəki çətinliklərin aradan qaldırılmasında Heydər Əliyev böyük xidmətləri var”.
Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycan sözün əsl mənasında müstəqil siyasət aparır:“Dünyada mürəkkəb proseslərin getdiyi bir vaxtda Azərbaycan sabitlik və təhlükəsizlik məkanıdır. Biz çalışacağıq ki, xalqımızı bütün risklərdən qoruyaq, insanların rahat yaşayışını təmin edək. Azərbaycan heç bir ölkənin daxili işinə qarışmır, heç bir avantüraya qatılmır. Beynəlxalq məsələlərlə bağlı Azərbaycanın prinsipial mövqeyi var, Azərbaycan ədalətin, beynəlxalq hüququn tərəfindədir. Ölkəmizin başqa dövlətlərin maraqlarını təmin etmək üçün qarşıdurma məkanına çevrilməsinə heç vaxt imkan verilməyəcək. Azərbaycan öz siyasəti ilə dünya miqyasında böyük hörmət qazanıb və bu hörmət getdikcə artır”.
Dövlət başçısı qeyd edib ki, bu il bir neçə xarici ölkədə səfərdə olub, ölkəmizə bir çox dövlət və hökumət başçıları səfər edib, Bakıda bir neçə beynəlxalq tədbir keçirilib: “Bu, ölkəmizin fəal xarici siyasətindən irəli gəlir, Azərbaycan qlobal məkanda böyük rol oynayır”.
AzərTaym.az