Ailəsi Elçibəyin 80 İLLİYİ ilə bağlı TƏKLİFLƏR hazırladı
Milli Məclisin dünənki iclasında deputat Qüdrət Həsənquliyev bu il mərhum eks-prezident Əbülfəz Elçibəyin 80 illik yubileyinin tamam olduğunu xatırladıb. Elçibəyin oğlu Ərturqut Əliyev saytımıza deyib ki, bu məsələylə əlaqədar hələ ki özləri təkliflər irəli sürüblər. “Bizə hakimiyyət nümayəndələrindən hələ ki hər hansı təklif gəlməyib. Amma bu il atamın 80 illik yubileyi ilə bağlı ailə olaraq təkliflərimiz var. Hələlik heç nə açıqlamaq istəmirik. Zamanı gələndə hər şeyi biləcəksiz”. Mərhum eks-prezidentin adının əbədiləşdirilməsinə gəlincə, Ərturqut Əliyev təkliflərin içində adla bağlı məsələnin olduğunu istisna etməyib. “Sağlığında əmim atamın adının əbədiləşdirilməsinə çox çalışdı. Amma alınmadı. Düşünürük ki, bu il atamın adının əbədiləşdirilməsini gerçəkləşdirək. Təbii ki, təkliflərin arasında bu da var”. Əbülfəz Elçibəy 24 iyun 1938-ci ildə Naxçıvanın Ordubad rayonunun Kələki kəndində anadan olub. 22 avqust 2000-ci ildə – 63 yaşında dünyasını dəyişib.
Modern.az saytı mərhum eks-prezidentin oğlu ilə əlaqə saxlayaraq, atasının 80 illik yubileyi ilə bağlı hansısa təkliflər alıb-almadıqları barədə soruşub.