Gürcüstan Azərbaycandakı GÜRCÜLƏRƏ İKİLİ vətəndaşlıq verir

Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı bu addım da atıla bilərmi?

Gürcüstan hökuməti Azərbaycanda yaşayan gürcülərin öz ölkəsinin  vətəndaşlığını almasını asanlaşdırır. Bu barədə qanunvericilikdə sadələşdirilmə həyata keçirilir. Qeyd edək ki, Gürcüstan vətəndaşı olan azərbaycanlıların sayı Azərbaycan vətəndaşı olan gürcülərin sayından 10 dəfələrlə çoxdur. Bəs Azərbaycanın da Gürcüstandakı soydaşlarımızın Azərbaycan vətəndaşlığı hüququ almasına qanunvericilikdə şərait yaratmasına ehtiyac varmı? 

Borçalı İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli “Yeni Müsavat”a bildirdi ki, 2009-cu ildə Mixail Saakaşvili hakimiyyətdə olan zaman gürcü hökuməti bu məsələni açıq qoydu və gürcü kökənli insanların Gürcüstan vətəndaşlığı alması şansını tanıdı. Sonra bu məsələ qanunvericilikdə də öz əksini tapdı. İndi isə Gürcüstan bu hüquqi prosesi daha da sadələşdirir: “Mən o zaman Borçalı Cəmiyyətinə yeni sədr seçilmişdim. Biz o zaman Gürcüstan vətəndaşı olan soydaşlarımızla bağlı Azərbaycan hökumətinin belə bir addım atmasının lazım olduğu barədə müraciət etdik. Bəyan etdik ki, bunun ölkəmiz və soydaşlarımız üçün faydalı tərəfləri var. Gürcüstan milli dövlətdir, milli-strateji hədəfləri var, müəyyən mənada mühafizəkardır. Gürcüstan dövləti dünyaya səpələnmiş gürcü millətinə sahib durmaq istəyir. Bunu təqdir edirəm. Milli dövlətin vəzifələrindən biri həm də budur. Azərbaycan da milli strateji hədəflərini məhz bu cür qurmalıdır”.

İlgili resim

Z.Məmmədli qeyd etdi ki, ikili vətəndaşlıq Azərbaycan qanunvericiliyində əksini tapsa, bir dövlət olaraq daha çox mənfəət əldə eləyə, milli maraqları daha da geniş səviyyədə təmin oluna bilər. Təəssüf ki, Azərbaycanda qanunvericilik ikili vətəndaşlığı qadağan edir: “Hətta Azərbaycan vətəndaşı başqa bir ölkənin vətəndaşlığını qəbul edərsə və bundan Azərbaycanın müvafiq qurumlarının məlumatı olarsa, avtomatik olaraq həmin şəxs Azərbaycan vətəndaşlığını itirə bilər. Biz hesab edirik ki, ikili vətəndaşlıq məsələsini Gürcüstanla rəsmi müstəvidə müzakirəyə çıxarmaq lazımdır. Bu istiqamətdə hökumətə təkliflərimizi bir neçə dəfə göndərmişik. Bəziləri ehtiyat edir ki, əgər Gürcüstan vətəndaşı olan azərbaycanlılara Azərbaycan vətəndaşlığı verilsə, orada yaşayan azərbaycanlılar ev-eşiklərini qoyub kütləvi surətdə bura köçə bilərlər. Məncə bu, yanlış yanaşmadır. Heç bir kütləvi köç olmaz. Sadəcə olaraq, Azərbaycanın milli dövlət olaraq imkanlarından Gürcüstanda yaşayan soydaşlarımız bəhrələnəcək. Bundan isə Azərbaycan dövləti də bəhrələnəcək. Gürcüstandakı soydaşlarımızın əmək bazarına girişi, mülkiyyət alması, Azərbaycana giriş-çıxışının sadə formada tənzimlənməsi asanlaşar. Gürcüstandakı soydaşlarımıza seçki hüququndan başqa digər vətəndaş hüquqlarının verilməsi kifayət qədər normaldır. Bu, insanların vəsait qoyması, leqal formada ticarət işlərini həyata keçirməsi, ticarət dövriyyəsinin artması da milli maraqlarımıza uyğun olardı. Odur ki, Azərbaycan qanunvericiliyində bu istiqamətdə dəyişikliklərə ehtiyac var. Azərbaycan prezidenti dəfələrlə ”Mən 50 milyonluq xalqın prezidentiyəm, Azərbaycan da onların dövlətidir" ifadəsini bəyan edib. Bu məqamı da əldə əsas tutaraq ikili vətəndaşlıqla bağlı qanunvericilikdə müəyyən dəyişiklik etmək gərəkdir".

“Yeni Müsavat”






Fikirlər