“ÖZÜNÜ CİRSAN DA…” – DÜT-DÜLÜ!

 

Yaxud, Araz Əlizadənin “möhtəşəm səs payı”

araz_debat_9Seçki kampaniyasında hər namizəd özünü bir cür apardı – öz savadına, mədəniyyətinə, dünya görüşünə və ümumilikdə səviyyəsinə uyğun şəkildə. Belə bir deyim var ki, qonşunla savaşanda da elə savaş ki, sabah barışmağa üzün olsun. Amma bizə xalqın namizədləri kimi təqdim olunanların xüsusilə də ikisi elə ağzını açıb, gözünü yummuşdu ki, nə xalqa, nə onları ora çıxaranlara, nə də özlərinə hörmət qoydular. Nə üz bildilər, nə abır…

Bunlardan biri Araz Əlizadə idi. Sərdar Cəlaloğlunun obyektiv və əsaslı tənqidinə cavab olaraq, ona milyonluq auditoriyanın qarşısında “özünü cırsan da…” və camaata üz tutaraq “bəsdir köhnə maralların anqırtısına qulaq asdınız” deyə xitab etmişdi. Düzdür, sonra onu düşdüyü “ekstaz halından” çıxardılar və həddini aşmamağı tapşırdılar, o da itaət etdi, ancaq dediyini artıq demişdi.

Budur, seçkinin ilkin nəticələri açıqlandı və məlum oldu ki, ona cəmi 1 faiz “səs payı” düşüb. İndi A.Əlizadənin özünə elə öz dili ilə deyən lazımdır ki “özünü cırsan da”, bütün canfəşanlığının, biədəb ifadələrinin, insanlarda ikrah yaradan ifadə tərzinin, Rəsulzadənin, Elçibəyin ruhlarını təhqir etməyinin və digər “xidmətlərinin” mükafatı nə oldu – “DÜT-DÜLÜ”! Belə baxanda heç o da olmadı, çünki “düt-dülü” məşhur tamaşada deyildiyi kimi, ikinin qoşası deməkdir. A.Əlizadəyə isə heç olmasa iki də vermədilər – bir aldı!

Əlbəttə ki, o 1 faizin özü də, yumşaq desək, “əngəlli” görünür. Ən maraqlısı isə odur ki, bu adamı namizəd edənlərin özləri belə, onu 1 faizdən artığa layiq bilmədilər. Görəsən özünü ucuz-ucuzuna istifadə etməyə imkan verən və seçkidə 1 faizə layiq görülən bir şəxsin deputat mandatı daşımağa mənəvi haqqı nə dərəcədədir? İndi elə bilirsiniz durub deyəcək ki, xalq mənə səs vermişdi, faizim daha çox olmalıdır, ədalətsizlik olub? Əlbəttə ki, yox – “maral anqırtısı” olmayacaq, olsa-olsa itaəti bildirən müəyyən inilti səsləri gələcək, vəssalam…

Əlbəttə ki, mövzunu uzatmaq da olar, ancaq adamın bəziləri üçün sərf etdiyi vaxta və yazını yazdığı kompyüterin işlətdiyi elektrik enerjisinə heyfi gəlir…

AzPolitika.info

 
 

 






Fikirlər