Ərəb şeyxlərini ERMƏNİSTANA aparan səbəblər

Qafar Çaxmaqlı:  “Ermənilər özlərinin mənafeyi naminə şeytanı da yoldan çıxardarlar”

Bir neçə ərəb şahzadəsi və onların oğulları artıq üç gündür ki, Ermənistanın oliqarx siyasətçisi Qaqik Sarukyanın qonağıdır. İstiPress-in məlumatına görə, bu barədə İrəvanda dərc olunan “Qraparak” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, gələn qonaqlar arasında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti şeyx Zahid əl-Nahayyanın böyük oğlu da var.  Qəzet yazır ki, ərəb şeyxləri Ermənistan iqtisadiyyatını dəstəkləmək üçün sərmayə qoymağa qərar veriblər. Həmçinin qəzet bildirir ki,  ərəb şeyxləri İrəvandakı qohumlarını görməyə gəliblər.

Qeyd edək ki, müxtəlif erməni mənbələri iddia edirlər ki, indiki Əbu-Dabi əmiri, BƏƏ prezidenti şeyx Xəlifə ibn Zahid əl-Nahayyanın ana tərəfi ermənidir. Bu xətlə onlar həm də Səudiyyə kralı Salmanla da qohumdurlar, erməni mətbuatı kral Salmanın da anasının erməni olmasından yazır.

Erməni mətbuatının yazdığına görə, Səudiyyə krallığının əsasını qoymuş Abdel Əziz ibn Saud 1915-ci ildə başlamış erməni qiyamı zamanı Türkiyədən qaçmış erməni qızı ilə evlənib.

Ərəb şeyxlərinin Ermənistana sərmayə yatırması bu ölkənin gücləndirilməsi deməkdir ki, bu da, dolayısı ilə Qarabağın Ermənistan ordusu tərəfindən işğalına dəstək verməsidir.

Təəssüf doğuran hal həm də budur ki, səfər Türkiyənin sədrliyi ilə keçirilən İslam Əməkdaşlıq Təşkilatının zirvəsindəki çıxışlarda işğala, terrora qarşı çağırışların səslənməsindən, İslam dünyasının bu kimi hallara qarşı səfərbər olunması barədə çağırışlardan sonraya təsadüf edib. Hansı ki, Azərbaycanın dövlət başçısı da İslam aləmini məscidlər dağıdan Ermənistanla əlaqələrdən çəkinməyə çağırmışdı. Ancaq görünən budur ki, bəzi ölkələr və özlərini müsəlman adlandıran insanlar üçün dəyərlər məfhumu deyilən bir şey yoxdur.   

Budur, Ermənistanın təbii resurslar və energetika infrastrukturu naziri Aşot Manukyan İrana səfər edib. Axar.az xəbər verir ki, səfər çərçivəsində o, İran Milli Qaz Şirkətinin beynəlxalq əlaqələr üzrə direktoru Behzat Babazadə ilə görüşüb. Görüş zamanı tərəflər Ermənistana İran qazının tədarükünün artırılması barədə razılıq əldə ediblər. Manukyan Tehranda həmçinin erməni iş adamları ilə də görüş keçirib.

Image result for Qafar Çaxmaqlı

Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümü başqanı, Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı bu mövzular barədə “Yeni Müsavat”a bildirdi ki, iş adamı Karen Karapetyan Ermənistanın baş naziri olandan sonra Ermənistan iqtisadiyyatına investisiya cəlbinə önəm verilməyə başlayıb: “Hətta İqtisadiyyat Nazirliyi indi - İqtisadiyyat və İnvestisiyalar Nazirliyi adlanır - sərmayə cəlb edilməsi üçün Ermənistanın bank sistemində islahatlar aparılmağa və buraya da xaricdə təhsil almış ekonomistlər, maliyyəçilər gətirilməyə başladı. İş adamları ilə bir neçə dəfə toplantılar keçirilərək Ermənistanı iqtisadi krizisdən xilas etmək üçün yollar axtarıldı. Eyni zamanda ərəb ölkələri ilə əlaqələr qurmaq üçün xüsusi proqram hazırlandı. Özü də hər bir ərəb ölkəsi ilə çalışmaq seçilmiş iş adamlarına tapşırıldı. Birləşmiş Ərəb Əmirlikləri ilə indi ”Çiçəklənən Ermənistan" Partiyasının sədri Gaqik Tsarukyan məşğul olur. Onun Dubayla ciddi ticarət əlaqələri var". Q.Çaxmaqlı qeyd etdi ki, ərəb şeyxlərinin nümayəndələrinin də Ermənistan səfərləri bununla əlaqədardır: “Bu adamları başqa şeylər maraqlandırmır. Onlarda müsəlman təəssübkeşliyi axtarmaq mənasız cəhddir. Gəzmək, yeyib içmək, eyş-işrət... Guya onları Azərbaycana müsəlman faktoru cəlb edirdi? Ermənistan bu işdə maraqlı olduğundan onlara hər cür şərait yaradılacağı şübhəsizdir. Ermənistan hələ bir açıq iqtisadi zona da yaratmaqdadır. Bu, İran sərhədində, Meğri rayonunda yaradılır. Buraya ciddi sərmayə qoyulur. Təəccüblü də olsa, srağagün ”Kenton" TV-də Ukrayna nazirlərindən birinin müsahibəsində Ukraynanın da buraya maraq göstərdiyi vurğulanırdı. Ərəb şeyxlərinin övladlarının buraya gəlməsində bu məsələnin də müzakirə olunacağı istisna deyil".

Ekspert qeyd etdi ki, “Ərəblər Ermənistanda nə axtarır?” sualının cavabını Ermənistanın istəyi ilə uzlaşdırsaq, belə bir mənzərə alınacaq: “Ermənilər özlərinin mənafeyi naminə şeytanı da yoldan çıxardarlar. Qaldı ki, Ermənistanın işğalçılıq siyasətini dəstəkləmək məsələsinə, yenə də bu fikir ortadadır ki, bəzi ərəb ölkələri heç Fələstini də müdafiə etmədilər. Türkiyənin təşəbbüsünə qoşulmadılar. O da təsadüfi deyil ki, İsrail iki gün öncə 8 ərəb ölkəsi ilə çox yaxşı əlaqələrinin olduğu və bu əlaqələrin davam etdirildiyi barədə bəyanat verdi. Onların arasında Birləşmiş Ərəb Əmirlikləri də var. Bunları təhlil edərkən Ermənistanda ərəblərin ”nə axtardığı" sualına bir az cavab tapa bilirik. Demək, İslam həmrəyliyi deyilən şey yoxdur, var idisə, İran nədən bizim deyil, Ermənistanın tərəfindədir? Özümüzü aldatmamalıyıq. Bakı da siyasətini bu istiqamətdə dizayn etməlidir".






Fikirlər