Saakaşvili MƏHKƏMƏ qarşısına ÇIXARILDI

Elxan Şahinoğlu: “Poroşenkonun Saakaşvilini Gürcüstana ekstradisiya etməsi istisna deyil”; Ağa Zeynalov: “Qərb Saakaşvilinin Gürcüstana ekstradisiyasının əleyhinə çıxacaq”

Ukraynada həbs edilən Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin öz ölkəsinə ekstradisiya olunması məsələsi gündəmə gəlib. Rəsmi Tiflis bu inadından dönmür.

Dekabrın 11-də Mixail Saakaşvili Kiyevdə məhkəmə qarşısına çıxarılıb.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Saakaşvilinin ekstradisiyasını istisna etmir: “Ukrayna prezidenti Pyotr Poroşenkonun ən böyük səhvi o idi ki, Saakaşvilini vətəndaşlıqdan məhrum etdi. Saakaşvili böyük ölçüdə Poroşenkoya mane olmurdu. Gürcüstanın keçmiş prezidentinin Ukraynadakı reytinqi yüksək deyildi. Ancaq Poroşenko Saakaşviliyə qarşı səlib yürüşünə başlamaqla problemlərini artırdı, Gürcüstanın keçmiş prezidentini hadisələrin mərkəzinə sürüklədi. Saakaşvili iki dəfə Poroşenkonu məzhəkəyə qoydu. Saakaşvili əvvəlcə sərhədi keçdi, daha sonra həbsdən yayına bildi. Doğrudur, Gürcüstanın keçmiş prezidenti indi həbs olunub. Ancaq Saakaşvilinin həbsdə olması Poroşenkoya daha çox başağrısı yaradır və yaradacaq. Çünki istənilən həbsdə olan siyasətçinin ətrafında güclü mif formalaşır və onun reytinqi yüksəlir. Bunu uzaq və yaxın tarix də göstərir. 27 il həbsdə yatan Nelson Mandela Cənubi Afrika Respublikasının əhalisi üçün azadlıq simvoluna çevrildi və o, həbsdən azad edilən kimi ölkənin prezidenti seçildi. Tarixdə belə hadisələr az olmayıb. Elə Türkiyə cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın yüksəlişi onun 6 aylıq həbsindən sonra başladı. Saakaşvili həbsdə daha çox populyarlaşacaq. Ona görə də Poroşenkonun Saakaşvilini Gürcüstana ekstradisiya etməsi istisna deyil. Bu dəfə isə Saakaşvili Gürcüstan hakimiyyətinə başağrısı yaradacaq. Çünki Saakaşvilini Gürcüstanda da tərəfdarı az deyil və onlar da fəallaşacaqlar”.

Image result for Elxan Şahinoğlu

Politoloq Ukrayna hökumətinin nüfuzuna dəyə biləcək zərərlərdən də söz açdı: “Poroşenko Saakaşvilini Gürcüstana ekstradisiya edərsə, nüfuzuna böyük zərbə vuracaq. Çoxları anlayacaq ki, Poroşenko Saakaşvilidən çəkindiyindən onu Gürcüstana ekstradisiya edib. Qərbin mövqeyi də həlledici olacaq. Sirr deyil ki, Poroşenko Vaşinqtondan asılıdır. Əgər Vaşinqton Poroşenkoya Saakaşvilini Gürcüstana ekstradisiyasına qadağa qoysa, Ukrayna prezidenti yüz dəfə fikirləşəndən sonra qərar vermək məcburiyyətində qalacaq. Ancaq mənə elə gəlir ki, Saakaşvilinin taleyi hələ ki, Qərbi bir o qədər maraqlandırmır. Amerikalı rəsmilərin və diplomatların dilindən Saakaşviliyə dəstəkləyici fikir eşitmədim. Demək, Poroşenkonun Saakaşvilini Gürcüstana ekstradisiyası üçün manevr imkanı var. Buna baxmayaraq, son anda Vaşinqtondan və ya Brüsseldən Saakaşviliyə dəstək açıqlaması da gələ bilər. Ancaq bütün hallarda Poroşenko Saakaşvilidən qurtulmaq istəyir. Saakaşvilinin Ukraynadakı məhkəməsi Poroşenkonun başını çox ağrıda bilər. Üçüncü bir variant da var: Saakaşvilini geri qayıtmamaq şərtilə Qərb ölkələrindən birinə yola sala bilərlər. Məncə, bu, Poroşenkonun da ən böyük arzusudur. Ancaq Saakaşvilinin xarakterini nəzərə alaraq onun asanlıqla həbsxananı rahat mühacir həyatına dəyişəcəyini də proqnozlaşdırmaq çətindir. Əks halda, Saakaşvili Amerika və Avropadakı rahat həyatını qoyub Ukraynaya getməzdi. O bilirdi Ukraynada onu nə gözləyir”.

Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Ağa Zeynalov da hesab edir ki, Poroşenko Saakaşvilini Gürcüstana vermək üçün əlindən gələni edəcək: “Saakaşvilinin tərəfdarları isə hər dəqiqə çoxalır. Bu çoxalma davam edəcək. Poroşenko Saakaşvilini həbs edə bilər, ancaq minlərlə insanın Odessanın keçmiş qubernatoruna olan simpatiyası və verdikləri dəstək Poroşenko üçün ciddi problemlər yaradır. Ukraynalılar Saakaşvilini dəstəkləyirlər. Məhz buna görə Poroşenko onu Gürcüstana ekstradisiya etməyə çalışacaq. Baş verənlər Poroşenkonun imicinə ciddi zərbə vurur və 2019-cu il prezident seçkisi öncəsi onun mövqeyini zəiflədir. Həm Poroşenko, həm də Saakaşvili Qərblə sıx bağlı siyasətçilərdir. Qərb öz adamından asanlıqla vaz keçməz. Saakaşvilinin aclıq aksiyası davamlı hala gəlsə, Qərbin ona dəstəyi, Poroşenkoya isə təzyiqi artacaq. Fikrimcə, Qərb Saakaşvilinin Gürcüstana ekstradisiyasının əleyhinə çıxacaq”.






Fikirlər