Əflatun Amaşov Cəlal Əliyevin dairəsinə getdi
Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşovun hansı dairədən deputatlığa namizəd olacağı məlum olub. AzPolitika.info-ya daxil olan məlumata görə, MŞ sədri 62 saylı Saatlı Seçki Dairəsində mandat uğrunda mübarizə aparacaq.
Bu dairənin hazırki deputatı akademik Cəlal Əliyev 1 noyabr seçkilərində iştirak etməyəcək. Yeni Azərbaycan Partiyası (YAP) 62 saylı dairədən Rəşidov Nazim Sahib oğlunun namizədliyini irəli sürüb.
Əflatun Amaşov seçkidə iştirak niyyətini iki gün əvvəl açıqlasa da, hansı dairədən namizəd olacağını bildirməmişdi. “Bunu hələ dəqiqləşdirməmişəm. Dairələrdən kimlərin namizəd olduğunu, kimlərlə qarşılacağımızı bilmək lazımdır. Buna uyğun da təbliğat aparmalıyıq”.
Bizə verilən məlumata görə, sabah Əflatun Amaşov sənədlərini 62 saylı Dairə Seçki Komissiyasına təqdim edəcək.
Qeyd edək ki, əməkdaşımız MŞ sədrinin niyə Bakıdan yox, Saatlıdan namizəd olduğunu öyrənmək üçün özü ilə danışmağa cəhd edib. Lakin o, sükan arxasında olduğunu bildirərək, daha sonra əlaqə saxlamağı tövsiyə edib.