Qarşıdakı illərdə Bakının mərkəzi yerlərinin birində AXC-nin qurucusunun abidəsini görmək olar
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə iki il qalır. Hər 28 may ərəfəsində Cümhuriyyətimizin banisi Məhəmməd Əmin Rəsulzadəyə Bakıda heykəl qoyulmaması ciddi müzakirə mövzusu olur. Yenə də məsələ gündəmdədir...
Belə iddialar var ki, 2018-ci ildə, yəni Cümhuriyyətin 100 illiyində görkəmli dövlət xadiminə Bakının mərkəzində heykəl ucaldılacaq. Hazırda yeganə abidəsi doğulduğu Novxanı kəndində olan Rəsulzadənin paytaxtda heykəlinin olmasına qarşı çətin ki, Azərbaycanda kimsə tapılsın. Əvvəlki illərdən fərqli olaraq, Cümhuriyyət banisinə hakimiyyətin də münasibətinin müsbətə doğru dəyişdiyini nəzərə alsaq, səsləndirilən iddialara inanaraq, qarşıdakı illərdə Rəsulzadənin Bakının mərkəzi yerlərinin birində abidəsini görmək olar.
İqtidaryönlü deputat Zahid Oruc Rəsulzadə ilə bağlı daim müsbət fikirlər səsləndirən şəxslərdən biri olduğunu söylədi: “Söhbət burada əsasən, Rəsulzadə və Cümhuriyyətin 100 illiyi ilə bağlı başqa hansı addımların atılacağı ilə bağlıdır. Düşünürəm ki, Cümhuriyyətin yaşadılması, həmin respublikanı quranların tarixini, kitablarını oxumaq hər bir halda heykəldir, əbədi xatirədir. Öncəliklə bunu belə qəbul etməliyik. Baxmayaraq ki, Azərbaycanda bu məsələ ətrafında daim problemlərin olması ilə bağlı fikirlər söylənilir. Belə fikirlər səsləndirənlər düşünürlər ki, Rəsulzadəyə qarşı hansısa bir qısqanclıq var. Amma bu mövzuda danışanlardan biri olmuşam. Fikirlərimi indi də təkrar söyləmək istəyirəm ki, o dövrdə gerçəkdən bu fədakar insanlar Azərbaycanın istiqlaliyyəti üçün təmənnasız, eyni zamanda mərd, mübariz bir fəaliyyət apardılar və Azərbaycan sadəcə coğrafi məkan deyil, beynəlxalq hüququn təmsilçilərindən biri kimi meydana çıxdı. Bu, o şəxslərin xidmətləri idi. Bunu heç kəs dana bilməz, inkar etməyə gücü çatmaz. Buna əlavə söz artıq olar. Lakin hər kəs bilməlidir ki, Cümhuriyyətin süquta uğraması nə indiki, nə də bundan əvvəlki hakimiyyətlərin günahı olmayıb. Bizim sovetin tərkibinə keçməyimizi, ölkəmizdə bolşevik ideyalarının yayılmasını heç kim Cümhuriyyət qurucularının fəaliyyətlərinin davamı kimi qəbul edə bilməz. Birinin simvolu çəkic və oraqdan, digərinki isə üçrəngli bayraq və 8 guşəli ulduzdan ibarət idi. Şərqdə ilk demokratik dövləti həmin şəxslər qurublar. Rəsulzadə və silahdaşları barədə danışanda deyirəm ki, o dövləti onlar qurublar, indiki dövlətimizi isə Heydər Əliyev qurub. Bu açıq şəkildə belədir. Tarixdə bu böyük insanlar arasında mübahisə yoxdur. Heç kəs bu tarixi adlara subyekt olaraq, iddia edə bilmir.
Bunlar artıq tarixi kateqoriyalardır. 1993-cü ildəki xaosa görə bəzi müxalif nöqtələr saxlanılmalı oldu. Heydər Əliyev dövləti qurarkən sadəcə atributlara söykənmədi. O dövrdə elə bir dövlətimiz əleyhinə olan amillərin qarşısını aldı ki... Bu gün əminliklə deyirik, yalnız bayraqla dövlət qurula bilməzdi. Rəsulzadəyə heykəl qoyulub və ya qoyulmaması dövlət və parlamentin bir nömrəli vəzifəsi olmaqdan daha çox onların yaşadılması önəmli olmalıdır. Əlbəttə, onların adlarının əbədiləşdirilməsi üçün daha çox tədbirlər görülə bilər. Cümhuriyyətimizin xatirinə qoyulmuş məlum abidə onların hər birinə olan ehtiramı özündə ehtiva edir. Konkret şəxslərə yönəlik qərarlar dövlət tərəfindən verilə bilər. 27 may tarixində ”Buta" şadlıq sarayında Cümhuriyyətin yaradılmasının növbəti ili geniş şəkildə qeyd olunacaq. 2018-ci ilə kimi daha geniş tədbirlər reallaşdırılacaq. Əsas olan indiki müstəqilliyimizin qurban verilməməsidir. Mənə elə gəlir ki, Rəsulzadə də bu dövrə həmin illərdəki yanaşmalarından yanaşaraq, belə qiymət verərdi".
Tarixçi alim Mehriban Vəzir Rəsulzadəyə heykəl qoyulacağına ümid etmir: “Düşünmürəm ki, indiki hakimiyyətin olduğu sürəcdə Rəsulzadəyə həqiqi qiymət verilsin. Həqiqi qiymət təkcə heykəl qoymaqla deyil. Bu bütöv sistemdir. Çox ciddi bir məsələdir. Dövlətin əsas siyasətlərindən birinə çevrilməlidir. İndiki hakimiyyətin nümayəndələri yalnız xaricdə olanda Cümhuriyyətlə fəxr edirlər. İlk dəfə müsəlman aləmində, Şərqdə respublika qurulması ilə öyünürlər. Ölkənin daxilində isə tamam başqa cür fikirlər səsləndirilir. İkili bir siyasət yürüdülür. Rəsulzadə ilə hazırkı hakimiyyət sistem olaraq biri-birilərinin əksidir. Bu baxımdan, ümidli deyiləm. Rəsulzadənin əslində qiyməti verilib. Sizin sual verməyiniz, mənim cavablarım, ictimai müzakirələrdə bu məsələnin səslənməsi, insanların axın-axın onu yad etmək üçün Novxanıya getmələri əslində verilən qiymətdir. Sadəcə, xalqın qiymətidir. Amma Rəsulzadəyə siyasi qiymətin verilməsi, görünür, gələcəyə bağlıdır”.