03.03.2014. - Azərbaycanda VƏTƏNDAŞ MÜHARİBƏSİ başlayıb! Mir ŞAHİN
Düzdür, şükürlər olsun ki, bu müharibə hələ coğrafi baxımdan ərazimizə keçməyib. Amma bu müharibə var və gedir. Ölkənin cənubundan gedənlər təriqət baxımından özlərinə daha yaxın saydıqları Bəşər Əsəd tərəfdə döyüşürlər. Azərbaycanın şimalından Suriyaya gedənlərin isə müxalifət tərəfdə döyüşdüyü barədə kifayət qədər fakt var.
Beləliklə, vətəndaşlarımız bir-birinə qarşı durur. Bəlkə də yaxşı axtarsaq, məlum olar ki, Suriyada ölən həmvətənlərimiz arasında bir-birinin gülləsinə tuş gələnlər də var. Vətəndən ötrü nə fərqi var ki, onun vətəndaşı harada həlak olur?! O, öz balasını itirir. Bütün hallarda itirən Azərbaycandır.
Nurun kölgəsi hara düşür?
Kimsə öz imamı yolunda, kimsə öz imanı yolunda, kimsə də öz inamı yolunda öldüyünü zənn edə bilər. Amma hər bir halda ölən Azərbaycanın adamıdır və Azərbaycanın varlığından gedir.
Məsələn, mənim yadımdadır, 1992-ci ildə Çıldıranda həbsxanadan buraxılmış məhbusları hərbi əməliyyata hazırlayanda Nəcməddin Sadıqov onları üzərində necə əsirdi, ölməmək üçün tələb olunan təcili şərtləri necə səylə izah edirdi. O zaman burada kimin hansı cinayəti törədib həbsə düşdüyünü düşünmək yeri deyildi. Onlar sadəcə vətəndaş idilər. Pis və yaxşı deyildilər. Vətəndaş idilər.
Suriyaya yollanan azərbaycanlılar da Azərbaycan vətəndaşlarıdır. Dövləti də onların məhz vətəndaş tərkibləri narahat edir. Amma çox qəribədir ki, vətəndaşın vətənə qaytarılmasına cəhdlər ən müxtəlif məzmunlu müqavimət formaları ilə üzləşir.
Məsələn, radikal dini təriqətlər mövzusunda ANS-ın ilk təhlilindən sonra cəmiyyətdə özünəməxsus reaksiyalar baş qaldırdı. Bütün Qafqazın Şeyxi təcili çağırdığı toplantıda fitva verildi. Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin yaydığı məlumatda isə əməliyyat şəraitinin nəzarət altında olduğuna işarə edilirdi.
Amma heç demə, qarşı tərəfin müqavimət qüvvəsi gözlənildiyindən artıq, əhatə dairəsi isə təsəvvür etdiyimizdən də geniş imiş.
Əlbəttə, mən burada ANS-in Milli Televiziya və Radio Şurası tərəfindən cəzalandırılmasının məhz həmin ərəfəyə düşməsinin sırf təsadüf olduğuna özümü inandırmağa çalışıram. Amma dindən radikal maraqları üçün bir şirma kimi istifadə edənlərin atdığı addımları təsadüf hesab etməyə gücüm çatmır.
Məsələn, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin sərt çıxışı, şəhidliyin düzgün anlaşılması üçün etdiyi vəz və fitva qısa bir müddətdə onun əleyhdarlarını fəallaşdırdı. Mətbuatda Şeyxin haqqında elə məlumatlar dərc etdirildi ki, Allahşükür Paşazadənin yerinə zəif birisi olsaydı, bəlkə də hirsindən istefa verərdi.
Baxmayaraq ki, Şeyx bəlkə də bütün İslam dünyası üçün xüsusi çəkiyə malik olan “İmam Hüseyn nə şiə idi, nə sünni idi, o, müsəlman idi!” bəyanatını vermişdi və təkcə bu bəyanat təriqətlərarası yaxınlaşmanın əsas şüarı ola bilərdi.
Amma ölkənin birinci müsəlmanının opponentlərinə bu da kifayət etmədi. Suriya muzdurlarını və muzdurluğunu pisləyən, vətəndaşlarımızı Azərbaycanımıza sözün bütün mənalarında qaytarmaq istəyən başqaları da sakit buraxılmadılar. Azərbaycan vətəndaşlarının ölkədən kənarda muzdlu-muzdsuz döyüşməsinə, həlak olma faktlarına millət vəkillərinin parlament səviyyəsində münasibət bildirməsi ilk baxışda bir prosedur məsələsi idi. Deputatlar cari məsələlər sırasında vətəndaş həssaslığı nümayiş etdirirlər, gənclərimizi qeyri-müəyyən hədəflər uğrunda döyüşə girməkdən çəkinməyə çağırırlar.
Məsələn, millət vəkili Qənirə Paşayeva dövləti öz vətəndaşlarını qorumağa çağırır.
Fuad Muradovun da çıxışı eyni məzmuna yaxındır.
Bu isə artıq Fazil Qəzənfəroğludur. O, öz məqaləsində Suriyaya yola düşənləri yolunu Qarabağdan salmağa çağırır:
“Nəticəsi də budur ki, Allah yolunda şəhid olmaq istəyən itirdiyi Vətən torpağını qorumaq əvəzinə gedib Kəlbəcərdə, Zəngilanda, Ağdamda ermənilərə qarşı diversiya törətmək, lazım gələrsə, Mübariz kimi 10-15 erməni işğalçısını öldürərək şəhid olmaq yerinə məchul bir cihad bacarığı ilə Suriyaya yollanır və kimsəsiz bir ananı, gənc bir qadını, körpə bir cocuğu həyatın amansız təlatümlərinin içinə buraxır”.
Ceyhun Osmanlının nurlanmasının isə biz onun bu fikirlərindən sonra şahidi olduq. Elə bütün bunlar kifayət edir ki, hansısa qüvvələrin nəzarəti və dirijor çubuğu altında işləyən mətbuatda birdən-birə bu şəxslər haqında neqativ rəy formalaşdırılsın.
Məhz bu şəxslər nurçuluqda günahlandırılır, bununla da diqqət Suriyada döyüşənlərdən yayınır. Bir də ayılıb görürük ki, ey dadi-bidad, biz artıq neçə gündür ki, “Nur” surəsində ilişib qalmışıq (ANS TV).