15.02.2014. - "Dini zəmindəki gərginliklər iqtidarı hədəfə alıb" - İ.İSMAYIL

15.02.2014. -  "Dini zəmindəki gərginliklər iqtidarı hədəfə alıb" - İ.İSMAYILSon günlər radikal dini qruplaşmaların aktivləşməsi ölkəmizdə dini zəmində gərginliyin artacağı ilə bağlı narahatlıq yaradıb.
Radikal qruplaşmalardan olan "Meşə qardaşları" və "Ceyşullah"ın Azərbaycanda qarışıqlıq yaradaraq, hakimiyyətə qarşı hərbi əməliyyatlara start vermələri ilə bağlı sosial şəbəkələrdə məlumatların yayılması isə vəziyyətin kritik həddə olduğunu düşünməyə əsas verir.

Bu günlərdə Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovniki,
Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl
"Reytınqinfo.az" saytına bu və ya digər mövzuda maraqlı müsahibə vermişdir.
Müsahibənın aktuallığını nəzərə alıb onu olduğu kimi təqdim edirik.


- Son hadisələri təhlil etdikdə, o qənaətə gəlirsən ki, baş verənlər təkcə Azərbaycanın daxilində gedən proseslərdən qaynaqlanmır. Dünyada bu istiqamətdə gedən proseslər istər-istəməz, hansısa formada Azərbaycanda mövcud olan radikal dini qruplaşmalara təsir edir. Ancaq bu təsirlər göstəriş formasında da ola bilər. Mümkün deyil ki, Azərbaycan müsəlman ölkəsi kimi, ayrıca yaşıl ada olsun və bu proseslər-dən kənarda qalsın. Vəziyyətin gərginləşməsi də Azərbaycanın təsir dairəsindən kənarda qalmadığını göstərir.
Suriyada hadisələrin gərginləşməsi, ölüm hallarının artması, Soçi Olimpiadası ilə bağlı Rusiyadakı radikal qruplaşmaların fəallaşması istər-istəməz, bu prosesin alovlanmasına xidmət edir.
Azərbaycan da perspektivdə Olimpiada keçirəcək, radikal qruplaşmalar burda da gərginlik yaratmağa çalışırlar. Yadınızdadırsa, bir müddət öncə kiçik miqyasda olsa da, məzhəblərarası gərginliklər yaşandı. Məsələ ondadır ki, bu gün ölkəmizdəki radikal qruplar profilaktik tədbirlərlə, sərt olmayan nəzarətlə sa-kitləşəsi deyillər. Maarifləndirmənin zəif olması, nəzarətin yumşaqlığı belə bir vəziyyət yaradıb. Hətta bu çatışmazlıqlar olmasa belə, xaricdən olan təsirlər Azərbaycandan yan keçmir.
Amma onu da qeyd edim ki, bu gərginlik hələlik sözdədir, daha ciddi hadisələr baş verə bilər.

- Yəni, radikal qrupların yaratdığı gərginliyin daha geniş müstəviyə keçmə təhlükəsi var?
- Əslində, vəziyyət ciddidir. Çox adamın xəbəri yoxdur ki, alt qatda hansı proseslər gedir. Hansısa təşki-latın bəyanat verməsi, hədə-qorxu gəlməsi məsələnin görünən tərəfidir. Radikal dindar qruplar, hətta deyərdim ki, terror qrupları həmişə proses tam yetişəndən sonra əsas planlarını gerçəkləşdirirlər. Ona görə deyirəm ki, baş verənlər bir görüntü ola və ciddi proseslər bir azdan başlaya bilər.
Bu gün sosial şəbəkələri izləsəniz, görərsiniz ki, orda da müəyyən təşkilatlanma gedir. Dini maarifləndirmə işi aparılır, inqilaba, hətta dini inqilaba çağırışlar edilir. Prosesin görünən tərəfini analiz edərək demək olar ki, nə baş verəcək. Amma sonra gec ola və proseslər fərqli müstəviyə yönələ bilər. Bu dəqiqə cəmiyyətdən onlara dəstək olmadığına, olsa da, çox az olduğuna görə, onların atdığı addımlar böyük qı-naqlara səbəb olacaq. Kimsə alqışlaya bilməz ki, dini nöqteyi-nəzərdən atılan filan addım doğrudur, ya-xud heç kim iddia etməz ki, hər hansı terror hadisəsi, təxribat düzgün oldu. Bu mənada, hazırda gərgin-lik hiss eləmirik. Sadəcə, söz oyunu görürük.
İran və onun Azərbaycana təsiri, Suriyadaki şiələr və qarşıdakı qüvvələrin burda olan azsaylı tərəfdarlarının mövqeləri isə olduqca zəifdir. Amma görünməyən tərəflər də var. Bax, görünməyən tərəflərin yarada biləcəyi gərginliklər qəflətən baş verə bilər. Hər halda, prosesin görünməyən tərəflərini xüsusi xid-mət orqanları bilməlidir.

- İlham bəy, amma görünən hadisələr də gözardı edilməyəcək qədər ciddidir. "Meşə qardaşları" və "Ceyşullah"ın məlum mesajları barəsində nə düşünürsünüz?
- Öncə onu aydınlaşdırmaq lazımdır ki, həmin bəyanatı həqiqətənmi o təşkilatlar veriblər, yoxsa burda bir siyasi oyun gedir? Ola bilsin ki, bu proseslər kiçik bir dəstə tərəfindən həyata keçirilir və "Meşə qardaşları" ilə "Ceyşullah"ın adından belə bir bəyanat yayılır. Digər tərəfdən, beynəlxalq aləmdə "Meşə qardaşları" terrorçu təşkilat kimi qəbul olunmayıb. Yalnız Azərbaycanda belə bir radikal dəstənin mövcudluğu qəbul olunur.
"Meşə qardaşları"nın təhlükəli fəaliyyəti olub. Deməli, təxribata, radikalizmə meyillidirlər.
"Ceyşullah" da tamam başqa bir dəstədir. İndi bu iki qrup bəyanat verib, hədələyir, təhdid edir. Ona görə deyirəm ki, burada siyasi bir maraq var və bu iki təşkilatın bəyanatı da hansısa bir siyasi sifariş nəticəsində ortaya çıxıb. Amma bütün hallarda bu cür bəyanatlar diqqət mərkəzində olmalı, sosial şəbəkələr-də yayılan bu kimi xəbərlərə də fikir verilməli, araşdırılmalıdır.

- Siz deyən olsa, yəni baş verənləri siyasi sifariş kimi qəbul eləsək, o zaman bu oyunun ssenarisinin han-sı mərkəz tərəfindən yazıldığını düşünmək olar?
- Bu prosesi hərəkətə gətirən qüvvələr Azərbaycanın daxilində deyil. Sifariş verənlər də, ssenarini hazırlayanlar da, maliyyəni verənlər də xaricdədir. Ən çox radikal qanad olan xəvarilərə xaricdən dəstək verilir. Azərbaycanda onların nə siyasi, nə də cəmiyyətdə təşkilatlanmağı yoxdur. Ona görə də indi Azərbaycanın daxilindən hər hansı bir formada dəstək axtarırlar, ətraflarına daha çox adam toplamaq istəyirlər. Təəssüf ki, hazırda bu istiqamətdə proses gedir, sadəcə, geniş miqyas qazanmayıb.
Sualınıza cavab olaraq, istiqamətin xaricdən verildiyini demək olar. Təbii ki, daxildə dəstəkçilər olmasa, onlar burda hər hansı sifarişi kiçik miqyasda da olsa, həyata keçirə bilməzlər.

- Bir neçə ay öncə Sizinlə söhbət zamanı bu kimi proseslərin Rusiya tərəfindən körükləndiyini demişdi-niz. Son hadisələrin alovlanmasına səbəb olan "maşa" indi kimin əlindədir?
- Yeri gələndə, Rusiya Azərbaycana dini təşkilatların vasitəsi ilə təsir göstərir. Vaxtilə özlərinə zərər vermiş və bu gün onlara işləyən adamların vasitəsi ilə müəyyən təxribatlar ediblər. Ancaq bu gün Rusiyanın başı Olimpiada təhlükəsizliyinə qarışıb. Bu təhlükə də məhz elə radikal dini qruplar tərəfindən gəldiyin-dən, məntiqlə bu istiqamətdə Rusiyanın bizə qarşı hər hansı addım atmasına ehtiyac yoxdur. Azərbay-canda prosesləri gərginləşdirmək üçün Rusiyanın əlində Qarabağ kartı var.
Yeri gəlmişkən, son günlər cəbhə xəttində baş verən gərginliklərin Rusiyada, Ukraynada baş verən proseslərlə dolayısı ilə əlaqəsi var. Amma indiki halda, Azrbaycanda dini zəminə gərginliyin artmasında Səudiyyə Ərəbistanının rolu, körfəz ölkələrində yerləşən müəyyən dini qrupların təsiri var. Hər halda, bu gün Azərbaycan geniş miqyasda beynəlxalq terrorizmin hədəfində olmasa da, hədəfdən tamamilə kə-narda da deyil.

- Sizcə, hədəfdə yalnız Azərbaycan hakimiyyətidir, yoxsa milli və dövlətçilik maraqlarımıza zərbə vurmaq planı da var?
- Terrorla hədələmə, dini zəmində gərginlik yaratma cəhdləri həmin ölkədəki siyasətə təsir etmək məqsədi güdür. Yəni, dini zəmindəki gərginliklər hakim siyasəti hədəfə alıb. Bu gün maraqlı xarici qüv-vələr Azərbaycan hakimiyyətinin siyasətini dəyişmək, onu istədikləri istiqamətə yönəltmək üçün bu cür ssenarilərdən təzyiq vasitəsi kimi istifadə edirlər. Əsas məqsəd budur. Onlar üçün Azərbaycanda haki-miyyətin dəyişməsi maraqlı deyil. Təbii ki, onlar istəyərlər ki, Azərbaycanda hakimiyyət dəyişirsə, şəriy-yət dövləti olsun. Ancaq buna zənim yoxdursa, hakimiyyəti dəyişmək maraqları da olmur. Əgər möv-cud hakim siyasət onları qane eləmirsə, o siyasətin dəyişməsi üçün təzyiqlər göstərirlər. Son hadisələr də bu qəbildəndir.
- Əvvəllər Qafqaz Müsəlmanları İdarəsi (QMİ) dini zəmində baş verən proseslərə müdaxilə etməməkdə, maarifçilik işi aparmamaqda suçlanırdı. Amma bu günlərdə QMİ sədri sərt bəyanat verdi. Sanki bundan sonra proselər daha da qızışdı və Paşazadəni hədələyənlər də oldu. Bu barədə nə deyə biləriniz?
- Son hadisələrlə bağlı QMİ-nin Qazilər Şurasının verdiyi bəyanatın dili, üslubu daha çox siyasi xarakter daşıyırdı, nəinki maarifləndirmə. Orda məsələlər elə üslubda çatdırılır ki, onun heç bir nəticəsi olmaya-caq. Uzaq başı əks-reaksiya yaradıb, QMİ sədrini hədəfə götürməyə zəmin yarada bilər. Hərçənd ki, şeyx həmin bəyanatda konkret olaraq, kimlərisə hədəfə götürməyib. Şeyxi istəməyən qruplar ola bilər və onlar bundan istifadə edib QMİ sədrinin hədəfdə olmasına səy göstərə bilərlər.
Amma məsələ ondadır ki, QMİ-nin bu bəyanatı gecikmiş, üslub nöqteyi-nəzərdən zəif, mənəvi çaları az olan bir sənəd idi və onun heç bir maarifləndirmə rolu da olmayacaq.
Televiziyaya çıxıb insanlara emosional şəkildə təsir eləmək tamam başqa şeydir. Şeyxin tolerant obrazı var, amma onun və QMİ-nin nüfuzu yoxdur ki, kimisə, hansısa yanlış yoldan çəkindirsin. Onlar bu mövqelərini itiriblər, bunu bərpa etmək isə asan məsələ deyil.

- İlham bəy, Azərbaycan vətəndaşlarının Suriyaya döyüşmək üçün getmələri və ordan ard-arda ölüm xəbərlərinin gəlməsi gündəmi zəbt edən əsas məsələlərdən biridir. Sizcə, vəziyyət təhlükəli həddə deyilmi?
- Əlbəttə ki, təhlükəli həddədir. Ötən ilin yayında böyük bir kampaniya aparıldı və bu kampaniyada Suri-yaya gedənlərin sayı çox oldu. Məlumata görə, kənardan gəlib Suriyadakı döyüşlərdə iştirak edən 7 mindən çox adam var. Onların arasındakı azərbaycanlıların sayı ilə bağlı müxtəlif rəqəmlər verilir. Amma bu informasiyanın daha doğrusu, 200-250 nəfər azərbaycanlının olmasıdır.
Onu da deyim ki, Suriyaya gedən adamlar müəyyən təlimlər keçmədən döyüşə buraxılmırlar. Sadəcə olaraq, son dövrlər Bəşər Əsədin daha çox ölümlə sonuclanan hücumları nəticəsində hazırlıqsız insanları da döyüşə göndərirlər. Yetişməyən, müharibənin vahiməsini bilməyən təcrübəsiz adamlar da daha çox öləcəklər. Ona görə də tez-tez ölüm xəbərlərini eşidirik.
Bu adamları Azərbaycandan xüsusi olaraq, təşkilatlanmış formada Suriyaya göndərirlər. Tək-tək adamlar öz başına Türkiyəyə, ordan da Suriyaya gedə bilər. Hətta gedənlərin içərisində işsizlikdən bezib gedənlər də, ailəsi ilə birgə köçüb gedənlər də var. Təbii ki, bunun qarşısı dövlət tərəfindən alınmalıdır. Əks təqdirdə bu, təhlükəyə çevrilə bilər.

- Suriyada vuruşan azərbaycanlılar ölkəyə qayıtdıqdan sonra da ciddi təhlükə mənbəyi ola bilərlər...
- Bəli. Ölü qayıdanların təhlükəsini cəmiyyət yaşayır ki, sabah başqa gənclər də təsirə düşüb gedə bilərlər.
İkinci bəla odur ki, ordan sağ qayıdıb gələnlər sabah hansısa təlimatı yerinə yetirmək üçün potensial terrorçu ola bilər. Bax, bu daha təhlükəlidir.

- Son dövrlər 250 adamın Suriyaya təşkilatlanmış formada göndərilməsi, radikal qrupların hakimiyyəti təhdid edən bəyanat verməsi, sosial şəbəkələrdə milli dövlətçilik əleyhinə təbliğatın aparılması kimi hadisələr yaşanır. Əgər bunlar baş verirsə, bu, xüsusi xidmət orqanlarımızın fəaliyyətində boşluğun olması demək deyilmi?
- Təbii ki, müəyyən boşluqlar var. Amma dünyanın bütün ölkələrində bu kimi boşluqlar ola bilər. Ameri-ka kimi nəhəng bir dövlətin xüsusi xidmət orqanında boşluq oldu ki, 11 sentyabr hadisəsi baş verdi də.
Təhlükəsizliyimizi təhdid edən məsələlərdə nəzarət həyata keçirilir. Amma bu kimi məsələlərdə oluqca sərt davranmaq lazımdır. Çünki bu, aparılan ideoloji müharibənin nəticəsidir. Mən keçmiş sovet dövründəki təcrübəmdən də, təhsil aldığım zamanda mühazirələrdə xüsusi olaraq, vurğulayırdılar ki, bu gün dinin sakit görünməyinə baxmayın, istənilən an kəskin şəkildə alovlana bilər. Biz bunu İranın timsalında görmüşdük. Sosial şəbəkələrin yoxluğuna, texnikanın inkişaf etməməsinə baxmayaraq, İranda İslam inqilabı baş verdi. Sosial şəbəkələrdə milli dövlətçilik əleyhinə təbliğatın aparılmasına və bu kimi hallara qarşı, cəmiyyət xüsusi xidmət orqanları ilə birgə mübarizə aparmalıdır. Prosesi boş buraxdıqca, on-lar özlərinə yer edəcək, tərəfdar toplayacaq və nəticədə ölkə üçün ciddi təhlükəyə çevriləcəklər.


Zaur ƏHMƏD






Fikirlər