Səlim Müslümov: "Kim nə yayır yaysın"
"Musavat.com" bu və ya digər suallara S.Müslümovdan cavab alıb.
- Səlim müəllim, işdən çıxardığınız Tibbi Sosial Ekspert Komissiyalarının sədrlərinin onların himayədarlarının təzyiqi altında yenidən işə bərpa etməyinizlə bağlı iddialar var. Bu iddialara münasibətiniz?
- Bu gün nazirliyimizin ictimaiyyətlə əlaqələr şöbəsi bununla bağlı press-reliz yaydı. Biz də gördük ki, ağızlarına gələni yazırlar. Kimə nə təzyiq oluna bilər? Nə qəribə şeydir bu? Heç kim bununla bağlı məndən nəsə xahiş də etməyib.
- Onda bu söz-söhbətlərin sizin bədxahlarınız tərəfindən yayıldığını söyləmək olarmı?
- Ola bilər, hər şey mümkündür. Kim nə yayır yaysın. Cənab prezidentin tapşırığı var ki, bu sahədə şəffaf və təmiz mühit olmalıdır. Mənə ciddi və təcili tapşırıq verib. Yəni nə edirsən et, kimi istəyirsən dəyiş, amma orda təcili şəffaflığı təmin elə. Məni bu vəzifəyə təyin edəndə dövlət başçısının verdiyi tövsiyələrin içərisində əsas bu olub ki, nazirlik şəffaf və təmiz olmalıdır. Birinci növbədə də mənə əsasən bu sahələrlə bağlı şikayətlər gəlir. Mənə də heç kim təzyiq-filan eləmir və eləyə də bilməz. Çünki dövlətin başçısının tapşırığı, iradəsi olan yerdə kim nə təzyiq edə bilər?!
- Ünvanlı sosial yardım alanların siyahısı açıqlandı. Siyahının açıqlanması şəffaflıq istiqamətində mühüm addım olsa da, tamamilə şəffaf mühitin yaradılmasını iddia etmək hələ tezdir. Prosesin tam şəffaflaşması üçün hansı növbəti addımlar atılacaq?
- Bax, inanın, bu dəqiqə iclasdan çıxıram, heç nahar da etməmişəm. İki saat yarımdan çoxdur ki, burda Dünya Bankının, digər təşkilatların, bizim və kənardakı mütəxəssislərin iştirakı ilə ünvanlı sosial yardımın necə dəyişdirilməsi ilə bağlı müzakirə oldu. Bunu necə dəyişək ki, məmurlardan, çinovniklərdən asılı heç nə olmasın...
- Yəni şəffaflığın təmin olunması üçün əlavə yollar axtarırsınız...
- Mütləq şəkildə. Dünyanın ayrı-ayrı ölkələrində nə formadadırsa o cür. Şəffaflıq necə yaradıla bilər? Elə bir sistem olmalıdır ki, məmurdan heç nə asılı olmasın. Yəni, insanların müraciətləri avtomatik qeydiyyatdan keçməlidir. Ondan sonra onların müraciəti əsasında yoxlamaları elə adamlar aparmalıdırlar ki, tamam regional mərkəzlər və şəxslərin yardımı olmasın. Belə fikirlər səsləndi. Yəni onlar heç o adamları tanımasın, adicə o formaları aparıb doldutdursunlar, sonra da o mərkəz həmin formalara baxsın, ayrı-ayrı orqanların məlumatları əsasında bunu ümumiləşdirsin, ya razılıq, ya da rədd cavabı versin. Bu zaman da məmurlarla insanların kontaktının heç bir əhəmiyyəti olmaz. Ya da heç bir kontakt olmaz. Bayaqdan tədbirdə 2 saat yarımdır ki, beyin fırtınası yolu ilə müzakirələr aparırdıq. Nəticədə ortaya belə bir mənzərə çıxdı. İndi onun ilk konturlarını da mən sizə dedim. Yəqin ki, belə bir şey tətbiq olunacaq. Hələlik belə bir şey formalaşdı. İndi bizim mütəxəssislər onu işləyib, hazırlayıb verəcəklər.
- Saxta əllilik dərəcəsi alanlara qarşı mübarizə apardığınızı bildiribsiniz. Bu məsələdə obyektivlik və şəffaflıq necə təmin ediləcək? Çünki bu sahədə də kifayət qədər neqativ hallar var.
- İndi biz əmr vermişik, işçi qruplar yaratmışıq. Ölkənin bütün rayonlarında olan işçi qruplar hazırda bizdə olan 20 minə yaxın müraciətin üzərində işləyir. Onun 2300-ü birinci qrup, dializ xəstələri və onkoloji xəstələr idi. Hansılar ki, yoxlanmağa ehtiyacı yox idi və dərhal qrupları verilməlidir, bunlar gedib pensiya və müavinətlərini almalıdılar. Biz bunları bir gün ərzində həll etdik. Yerdə qalan 17700 nəfərin - iki və üçüncü qrup əlil olanların hamısını həmin işçi qrupları yerlərdə əyani müayinədən keçirirlər. Bunun üçün iki həftə vaxt verilib. Hətta bazar günlərində də işləyirlər. Onun hamısını müəyyənləşdirəndən sonra biz yeni ildə əvvəllər qrup almış şəxsləri - söhbət ikinci və üçüncü qruplardan gedir, çünki inanmıram birinci qruplarda nəsə belə söhbət olsun, çünki birinci qrupda adətən iş qabiliyyəti olmur - əyani müayinə yolu ilə bu qruplar yoxlayacaq. Bilirsiz, burda nə etsək də, ortada insan faktoru var. Amma burdan gedən işçi qrupu təbii ki, orda heç kimi tanımır. Məsələn, tutaq ki, Gədəbəyə gedənlər Saatlı və Bakıdan olan həkimlərdir. Onların cəmi 10 gün vaxtları olur, həmin vaxta da hamını müayinədən keçirməlidilər. Sonra başqa mexanizmlər fikirləşəcəyik. Sabah (bu gün-red.) günün ikinci yarısında yenə Dünya Bankının mütəxəssisləri və digər şəxslərlə birlikdə biz həmin sahə üzrə hansı mexanizmi qoymaq olar ki, şəffaf sistem qurulsun, onu müzakirə edəcəyik.
- Səlim müəllim, Əmək Məcəlləsinin istisnasız olaraq bütün müəssislərdə tətbiq olunması ilə bağlı hansı addımlar atılacaq?
- Vallah, mən o addımı bilmirəm. Amma ləğv etməyinə biz edəcəyik. Ləğv eləmək o demək deyil ki, bu, son nəticədir. Çünki məhkəmələr var. İnsanlar məhkəmələrə müraciət edə bilərlər. Həqiqətən də özlərinin bu dərəcəni almalı olduqlarını sübut edə bilərlər. Bu, sadə bir proses deyil. Ona görə də biz dərhal hansısa müraciətə görə addımlar atıb adamlara nəsə cəza tədbiri görməyi doğru saymırıq. Bu, sonrakı prosesdir. İlk öncə öz işimizi görməliyik, hüququ olmayan adamlara, əlillik qrupunun verilməsi nəticəsində dövlətin büdcəsindən pulların getməsinin qarşını almalıyıq. Artıq sonrakı prosesdir ki, onlar məhkəməyə müraciət edəcəklərmi, məhkəmə kimə necə baxacaq, necə qərar qəbul edəcək. Ona görə də əsas mərhələni həll edəndən sonra biz digər məsələlər barədə hansısa qərar qəbul edə bilərik.
- Keçmiş həmkarınız Füzili Ələkbərovla hər hansı əlaqəniz varmı? Vəzifəni təhvil alandan sonra heç onunla görüşmüsüzmü? El dili ilə desək, ondan “halallıq” aldınızmı?
- Yox, əlbəttə burda heç bir problem görmürəm. Neçə dəfələrlə telefonla danışmışıq. İşdi, insandı, neçə ildi işləyir, işi bacardığı nöqtəyə qoyur. Nə qədər bacarırsa, o qədər reallaşdırır. Hansısa səhvlər də ola bilər, müvəffəqiyyətlər də. Bizim Füzuli müəllimlə hər hansı incikliyimiz olmayıb. Bir yerdə işləmişik, bir yerdə oturub durmuşuq. Telefonla da danışmışam, müəyyən məsələləri də müzakirə eləmişik. Heç bir problemimiz olmayıb. Mətbuatda oxuyuram, boş-boş şeylər yazırlar ki, guya kompromat toplayır. Belə şeylərə ehtiyac yoxdu, onları yığışdırmaq lazımdır. Açığı, “Yeni Müsavat”da mən bu cür yazılara rast gəlməmişəm. Bizim ictimaiyyətlə əlaqələr şöbəsi mediada bu mövzuda çıxan yazıların xülasəsini mənə verir, oxuyuram. Özüm də axşamlar çox yorğun olmayanda mətbuatı izləyirəm, saytlara, qəzetlərə baxıram. Bir neçə gün öncə görürəm yazıblar ki, Səlim Müslümova təzyiq olur. Amma bunlar yanlışdır, kim yayır, bilmirəm.