“ETİBAR MƏMMƏDOVUN DƏSTƏSİ ELÇİBƏYİN ŞƏRƏFİ İLƏ OYNAYIRDI” - Şok ittihamlar
Etibar Məmmədov iyunun 17-də (1993) baş nazir təyin edilmək üzrəymiş - Ülvi Həkimov o müdhiş gecədən danışdı “Bu girdirmə “ana müxalifət” Elçibəyə gülməli şərtlər sürürdü. Bu tərbiyəsiz dəstə Elçibəyin qururu və şərəfi ilə oynayırdı..” Vaxtilə AXC-nin üzdə olan funksionerlərindən biri olmuş Ülvi Həkimov 4 iyun qiyamıyla bağlı AMİP lideri Etibar Məmmədovun mətbuata verdiyi açıqlamalara etiraz bildirərək sosial şəbəkədə status paylaşıb. Mövzunun aktuallığını nəzərə alaraq Ü.Həkimovun statusunu oxucularına təqdim edirik:”EtibarMəmmədov danışdıqca özünü bitirir. Azərbaycanın qara ləkəsi olan və qanuni hakimiyyətin devrilməsində 4 iyun qiyamına cinayətkarcasına dəstək verərək özünə gülməli haqq qazandırmağa çalışan EtibarMəmmədov güya Elçibəyə birgə ölməyi təklif edib! Nə bilim, qiyam yatırıldıqdan sonra güya onu məhv edəcəklərmiş… Bu adam hər zaman cümlənin axırında deyiləcək sözləri əvvəldə deyir. 7 iyun 1993-cü ildə mən və Rövşən Ağayev prezident Elçibəyin tapşırığı ilə AMİP-in qərargahında Etibar Məmmədov və onun yaxın “adamları” (sonradan bəlli oldu ki, bu dəstə H.Əliyevin çevrəsi imiş) ilə görüşdük. Onlara ana müxalifət kimi yaranmış vəziyyətdən çıxmaq yolu kimi koalisyon hokümətin qurulması, hakimiyyətin bölünməsi, Etibar Məmmədova baş nazir postunun verilməsi (14 iyun 1993) və s. təklif olundu. Əsas təklif kimi Etibar Məmmədovun prezidentlə görüşməsi və PA-ya dəvət olunması idi. Gözləmədiyimiz halda bu dəstə özlərini yekaxana apardı və yumşaq desəm, tərbiyəsizliklər oldu. Özlərindən razı olan bu girdirmə “ana müxalifət” Elçibəyə gülməli şərtlər sürürdü. Bu tərbiyəsiz dəstə Elçibəyin qururu və şərəfi ilə oynayırdı… “Qoy mənə şəxsən zənq edib təklifləri desin və dəvət etsin… biz müzakirə edək, cavabımızı verək və s.”. Onu da bildirim ki İsa Qəmbər bunların boğazında elə bil kal armud olub qalmışdı. Hey İsa bəyin qiybətini edirdilər. O qərargahdakı Etibar Məmmədovla ayrılanda son sözüm bu oldu ki, bəy, ayıbdır, Əbülfəz bəy sənin müəllimin olub, silahdaş olmusan, gəl gedək görüşə və s. Sonda dedim ki, “sənin problemin cümlənin sonunda deyiləcək sözləri əvvəl deməyindir… elə bu cür davranışların səni AXC-dən və sonra da hakimiyyətdən uzaqlaşdırdı”. Nə isə… Bəlli oldu ki, bunlar elə qiyamın tərkib hissəsi imiş: siyasi-hərbi müxalifət. Elçibəy 17 iyun 1993-cü ildə Kələkiyə getməmişdən 4 saat öncə H.Əliyev, R.Quliyevin yanında Etibar Məmmədova deyib ki, “Etibar, gəl indi sənin fərmanını imzalayım baş nazir vəzifəsinə….sonra gec olacaq!” Cığal Etibar isə hər zamankı kimi səlahiyyət davası edib. Hətta Əbülfəz bəy “bu səlahiyyət məsələlərini sonra həll etmək olar” deyərək Etibar Məmmədovun baş nazir postuna təyin edilməsi barədə fərmana qol çəkmək istəyərkən H. Əliyev əlindən tutaraq deyib ki, “müzakirə edib sabah gələrik…” Beləcə, Etibar Məmmədov razilaşıb, “sabah gələrik” deyib gedib… Etibar Məmmədov 4 iyun qiyamına siyasi və hərbi dəstək verdiyinə görə vicdan əzabı çəkib-çəkmədiyini bilmirəm, amma onu dəqiq bilirəm ki, o, gələcəkdə qanun qarşısında cavab verəcək”. Etibar Məmmədov isə öz növbəsində Moderator.az-a açıqlamasında bildirib ki, Ülvi Həkimovun dedikləri yalandır:“Mən nə onun dediklərini oxumuşam, nə də ki, belə bir adamla görüşmüşəm. Deyilənlər həqiqəti əks etdirmir. Bu haqda hər il danışılır, müzakirələr gedir. Mən bu haqda çoxlu açıqlamalarım olub və yenidən bu mövzulara qayıtmaq istəmirəm.”