Orucun bütün ibadətlərdən FƏRQİ nədir?

Allah-Taala buyurur: “Oruc Mənim üçündür və Mən onun savabını (Özüm) verəcəyəm”.

AzNews.az xəbər verir ki, bütün müsəlmanlar Ramazan ayının orucunu vacib hesab edir və onun gəlişini səbirsizliklə gözləyirlər. Orucu digər ibadətdən fərqləndirən bəzi xüsusiyyətlər var.

İbadətlərin hamısı əməldir, oruc isə əməlin tərkidir. Məsələn, namaz rükuya getmək, cihad Allah yolunda vuruşmaq, xums Allah yolunda xərcləməkdir. Bütün ibadətlər hansısa bir əməli etməkdir. Oruc isə əməllərin tərkidir. Namazın görüntüsü var, həccin görüntüsü var. Həcc ziyarətində kəbənin ətrafına təvaf etməli, iki dağın arasında səy etməli, qurban kəsməliyik. Orucun vacibində nəyi etmək deyil, nələri etmək olmaz onları bilmək lazımdır. Məsələn, Quran oxumaq müstəhəbdir. Lakin, orucun qayəsi bir sıra əməlləri tərk etməkdir. Orucun fəziləti budur ki, tərkə istiqamətlənir, yəni əməllərin tərk olunmasına istiqanətlənir. Əgər bu ayda halal olanlar qadağa olunursa haramı ümumiyyətlə etmək olmaz. Digər aylarda günorta vaxtı su içmək olursa, amma bu ayda olmaz. Əgər yeməyi tərk etmək vacib buyrulubsa, qeybət ümumiyyətlə olmaz.

Orucun hər saatı, hər dəqiqəsi, hər saniyəsi Allahı və Ona qovuşma nemətini xatırlatma baxımından əhəmiyyətlidir. Oruc bu funksiyasını iki yolla həyata keçirir: Bunu ləzzətləri gedən, amma yox olmayan nemətlərə istək və məşəqqətlərin bitməsi nəticəsində meydana gələn ləzzət şəklində ümumiləşdirə bilərik. Səhərdən axşama qədər oruc tutub ac-susuz qalan insan zahirən əziyyət çəksə də, etdiyi ibadətin axirətdə mükafatını düşünməklə bu əziyyətləri unudur. Oruc tutan adam yemək-içməyi, şəhvani hisləri rizası üçün tərk etdiyi Rəbbinə qovuşmağı düşünür. Bunun sayəsində həyatının hər anı dini qadağalar və əmrlər dairəsində cərəyan edir. Rəsuli-Əkrəm də: “Oruc tutan adam iki dəfə sevinər: iftar açarkən və Rəbbinə qovuşarkən,” – deyə buyurur.

Oruc nemətlərin qədrini bilməyi öyrədir

Allah-Təala yer üzünü bir çox nemətlərlə bəzəyib və onları insanın istifadəsinə verib. Sanki, hər gün qarşımızda səmadan ard-arda endirilən bir süfrə açılır, yay, yaz, qış, payız demədən ağaclar meyvə verir, səma ətəyini dolduraraq cövhərlər gətirir, yer üzünü növbənöv nemətlərlə süsləyir. “Göyləri və yeri yaradan, göydən yağmur endirən, o yağmurla sizin üçün ruzi olaraq (cürbəcür) meyvələr yetişdirən, əmri ilə dənizdə üzmək (yüklərinizi bir yerdən başqa yerə daşımaq) üçün gəmiləri sizə (sizin mənafeyinizə) tabe və çayları sizə ram edən Allahdır!” (“İbrahim” surəsi, 14/32) “(Allah) sizə istədiyiniz şeylərin hamısından vermişdir” (“İbrahim” surəsi, 14/34 )

Yer və göy insanın ixtiyarına verilmişdir. Amma bu saysız-hesabsız nemətlər içində üzən insan çox vaxt bu nemətlərin əhəmiyyətini dərk etmir. “O balıqlar ki dəryada üzsələr də, dəryadan xəbərsizdirlər”. Dənizin içindədirlər, ancaq su sayəsində üzdüklərini bilmirlər. Nemətlər içində üzən insan oruc tutmaqla onların qədir-qiymətini anlar, şükür etməyə çalışar.

Qənaətkar olmaği öyrədir

Oruc ibadəti insana gözəl xüsusiyyətlərdən biri olan qənaətkarlığı öyrədir. İstədiyi şeyi istədiyi vaxt etməyə öyrəşən insan oruc tutanda məcburən istədiyini edə bilməyəcək. Məsələn: ürəyi istəyəndə yemək yeyən, vücudunun nəfsani əmrlərini yerinə yetirən insan oruc tutanda istər-istəməz axşamı gözləməyə məcbur olacaq və beləcə qənaət etməyi öyrənəcək, məsuliyyətsiz, plansız, rejimsiz həyatdan uzaqlaşacaq.
Namaz dinin, oruc ruhun, zəkat da cəmiyyətin dirəyidir. Yəni namazsız dinin, orucsuz ruhun, zəkatsız cəmiyyətin var olması çox çətindir. Yemək vücudu bəslədiyi kimi, oruc da ruhu qidalandırır. Yemək yemədən maddi həyatı davam etdirmək çətin olduğu kimi, oruc tutmadan da ruhi-mənəvi həyatı davam etdirmək çətindir.

Ona görə də insanı ruhaniləşdirməyi, vücudun əsarətindən qurtarıb mənən kamilləşdirməyi qarşısına məqsəd qoyan bütün dinlərdə (formaca fərqli olsa da) oruc əsas ibadətlərdən biri olmuşdur. Hətta insanlara kamillik yolunu göstərəcək bütün peyğəmbərlər bu müqəddəs vəzifəni yerinə yetirməyə hazırlaşarkən həmin ərəfəni oruc tutmaqla keçirmişlər. Bu da insanın kamilləşməsində orucun nə qədər müsbət təsirə malik olduğunu göstərən dəlillərdən biridir.

Bəli, insanlarda ruh vücuda, vücud da ruha zidd inkişaf edir. Ruhən, mənən kamilləşmək istəyən insanlar mütləq oruc tutmalıdır. Başqa sözlə, oruc tutmayanlar vücudun altında “əzilir” və istənilən səviyyədə ruhən, mənən kamilləşə bilmirlər.

Nəfsi cilovlayır

Nəfsi özünə ram etmək insanlar üçün ən əhəmiyyətli məsələdir. Çünki nəfsin istəkləri və vərdişləri insanı zəhərləyir və onu əsfəli-safilinə (ən aşağı səviyyəyə) doğru çəkir. Nəfs insana daima pisliyi – pis işləri, çirkin əməlləri, napak düşüncələri əmr edir. Hz. Yusuf (ə.s.): “Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi (şəhvətə uymağı) əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!” – deyə nəfsin nə olduğunu göstərməyə çalışıb. Nəfs verdikcə böyüyən, böyüdükcə istəyən bir xüsusiyyətə malikdir. Peyğəmbərimiz (əleyhissalatu vəssalam) də bir duasında: “Ey Allahım, acizlik və tənbəllikdən, qorxaqlıq və xəsislikdən, qocalıb əldən düşməkdən və qəbir əzabından Sənə sığınıram. Ey Allahım, mənə (nəfsimə) təqvalı olmağı nəsib eylə. Məni (nəfsimi) pak et. Çünki Sən təmizləyənlərin ən xeyirlisisən. Sənsən nəfsin sahibi. Ey Allahım, fayda verməyən elmdən, qorxmayan qəlbdən, doymayan nəfsdən, qəbul olunmayan duadan Sənə sığınıram,” – buyurub. (Müslim, Zikr 73) Başqa bir duada isə nəfsin şərindən, pisliyindən, başa gətirəcək bəlalardan Allaha sığınmışdır. (Tirmizi, Dəavat 14)
Bu baxımdan oruc insanı böyük təhlükələrə aparan zinaya (məşru olmayan cinsi əlaqəyə) qarşı bir qalxandır. Evlənməyə imkanı olmayanlar Allah Rəsulunun tövsiyəsinə görə oruc tutmalıdırlar. Çünki oruc insanı günahlardan qoruyan qalxandır.

Bəli, oruc nəfsi ram etməyin simvoludur. Ona görə də oruc fərz olaraq dinin əsas rüknlərindən və insanı (İslamın nəfsə tətbiqinin praktik ifadəsi olan) təqvaya aparan yollardan biridir. Allah-Təala Qurani-Kərimdə belə buyurur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə fərz buyurulduğu kimi, sizə də fərz buyuruldu ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (“Bəqərə” surəsi, 2/183)

Oruc nəfsin “yüyəni”dir. Başqa sözlə, nəfsin şaha qalxmasına imkan vermir, onu cilovlayır. Bu xüsusla bağlı bir hədisdə belə buyurulur: “Allah-Təala nəfsi tərbiyə etmək üçün ona müxtəlif cəzalar verdi. Əvvəlcə odda yandırdı. Sonra soruşdu: “Sən kimsən, mən kiməm?” Nəfs: “Sən Sənsən, mən də mənəm,” – dedi. Buna görə də Allah-Təala onu aclıqla tərbiyə etdi və soruşdu: “Sən kimsən, mən kiməm?” Nəfsin isə cavabı belə oldu: “Sən aləmlərin Rəbbisən, mən isə Sənin aciz qulunam”.

Xülasə, insan oruc tutmaqla öz nəfsini Allah-Təalaya üsyan etməkdən, itaətsizlikdən xilas edir və müti, itaətkar qula çevrilir. İnsan oruc tutanda digər günlərə (oruc tutmadığı günlərə) nisbətən pillə-pillə mələkləşdiyini hiss edir. Və dərk edir ki, izin verilməsə, ən adi işləri görə, hətta əlini suya belə uzada bilməz. Nəticədə, əşyaların həqiqi sahibi olmadığını, azad deyil, Allaha bir qul olduğunu anlayır, acizliyini, fəqirliyini, qüsurunu görür və mənəvi şükürlə mərhəmət qapısını döyməyə hazırlaşır. Bu şərtlə ki, orucu dini qoyduğu qaydalar çərçivəsində saxlasın.

Oruc səbr etməyi öyrədir

Orucun ən böyük faydalarından biri də səbir etməyi öyrətməsidir. İnsan tutduğu orucla səbir “təlimi” keçir: acanda yeməz, susayanda içməz, pislik görəndə “mən orucluyam” deyib, səbir edər. İnsan əlini, ayağını, dilini, dodağını, qulağını bağlayıb Rəbbinə doğru pərvazlanarkən səbri özünə “buraq” edə bilsə, Allah-Təalanın rizasını qazanma şərəfinə çatar.

Sinir sistemin orqanizmdə mühüm rol oynayır. Əgər insanın dil sinirləri iflic olsa, danışa bilməz, ayaq sinirləri sıradan çıxsa, yeriməyə bilməz. Sinirlərin pozulması – iflic səviyyəsindən asılı olaraq, – insan həyatı üçün təhlükəlidir. Əsəbləri pozulmuş insan narahat həyat keçirir, səbir edə bilmir. Dava-dalaşların, cinayətlərin çoxu əsəbilikdən, səbirsizlikdən qaynaqlanır. Hədisi-şərifdə: “Oruc səbrin, səbir də imanın yarısıdır,” – buyurulur. (İbn Macə, Sıyam, 44) Deməli, oruc tutmaq imanın göstəricilərindən biridir. İmanlı insan da imanının dərəcəsindən asılı olaraq əsəblərinə hakim olar, cinayət və günah işləməz. Oruc tutaraq ac qalan insanın istəkləri bir növ “taqətdən” düşür və səbir etmək daha asan olur.






Fikirlər