POLİS GÜNÜndə POLİS GENERALININ portretinə bəzi cizgilər... - ÖZƏL!

Mərhum prezident Heydər Əliyev müasir Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisliyinin təmin olunmasına çox böyük önəm verirdi. Buna görə də 24 may 1998-ci il tarixli fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində müstəqil Azərbaycanın polis orqanları yaradıldığı gün - Azərbaycan Polis Günü elan olundu.    

Mərhum prezident bununla müasir Azərbaycan polisinin özünün sələfləri - 1918-1920-ci illərdə mövcud olmuş polis kimi Azərbaycan dövlətinin formalaşmasına öz tövhəsini verməsini təmin etmək idi. Heydər Əliyev müasir Azərbaycan polisinin qarşısında duran vəzifənin əsas istiqamətlərini müəyyən etdi, bu vəzifəni isə daxili işlər naziri kimi həyata kecirmək Ramil Usubova həvalə olundu.

Ramil Usubov daxili işlər naziri təyin olunduğu 1995-ci ildə gənc Azərbaycan dövləti çox çətin xarici və daxili problemlərlə üz-üzə qalmışdı.Təcavüzkar Ermənistanla atəşkəs imzalansa da, atəşkəs rejimi olduqca həssas idi. Rusiyanın Azərbaycana qarşı açıq təzyiqləri ölkəni faktiki iqtisadi blokada vəziyyətinə qoymuşdu. Şimali Qafqazda vəziyyət çox gərgin idi və bu Azərbaycanın şimal rayonlarının kriminogen durumuna çox ciddi təsir edirdi. Gürcüstanda xaos hökm sürürdü və bu  şərait də Azərbaycanın Qərb rayonlarındakı kriminogen vəziyyətə öz təsirini göstərirdi. İranla sərhədin demək olar ki, açıq olması qaçaqmalçıların, narkotik ticarətçilərinin meydan sulamasına imkan verirdi. Sərhəd qoşunlarının formal mövcud olduğu, təhlükəsizlik orqanlarının öz vəzifəsinin öhdəsindən gəlməyə çətinliklə qadir olduğu həmin 90-cı illərin ortalarında bütün bu vəzifələrin öhdəsindən gəlmək qeyri-rəsmi şəkildə polisin üzərinə qoyulmuşdu. Ramil Usubov daxili işlər naziri təyin olunanda Daxili İşlər Nazirliyi sərhəd pozucuları ilə mübarizədən tutmuş Azərbaycanda təxribat yaratmaq istəyən qüvvələrə qarşı mübarizənin bütün ağırlığını öz peşə -vəzifə öhdəlikləri ilə bərabər, bunları da prioritet kimi öz üzərlərinə götürmək məcburiyyətində qalmışdı. Daxili İşlər Nazirliyi o dönəmlərdə həm Sərhəd qoşunlarının, həm də Milli Təhlükəsizlik Nazirliyinin vəzifələrinin bir hissəsini öz çiyinlərində daşımağa məhkum idi.         

Ramil Usubovun sələfi bu ağır vəzifənin öhdəsindən gələ bilməmiş və buna görə istefaya göndərilmişdi. Ramil Usubov daxili işlər naziri təyin edildiyi ilk günlərdə, onun da bu ağır vəzifənin öhdəsindən gələ biləcəyinə şübhə ilə yanaşanlar vardı. Lakin onu yaxından tanıyanlar bu polis zabitinin peşəkar əməliyyatçı olmağı ilə yanaşı, istedadlı təşkilatçı və öz qərarlarının icrasını təmin etmək üçün dəmir iradəyə malik olduğunu bildiklərindən Heydər Əliyevin bu seçiminin uğurlu olacağına inanırdılar. Zaman bu cür fikirləşənlərin haqlı olduğunu, Heydər Əliyevin Daxili İşlər Nazirliyinin rəhbərliyinə Ramil Usubovu gətirməklə nə qədər doğru qərar verdiyini təsdiqlədi.

Daxli işlər naziri Ramil Usubov haqqında danışarkən hətta onun əleyhdarları belə nazirin peşəkar əməliyyatçılığını inkar edə bilmirlər. Mübaliğəsiz Ramil Usubov, Azərbaycan polisinin təxminən yüz illik tarixinin üç ən yaxşı əməliyyatçılarından biridir. Uzun illər polis orqanlarında işləmiş zabitlərdən birinin bir dəfə dediyi bu  ifadə Ramil Usubovun əməliyyat işinə nə qədər önəm verdiyini göstərmək baxımından çox maraqlıdır. Həmin polis zabiti o zaman belə demişdi: “Ramil Usubovu yuxunun ən şirin yerində oyadıb, ən ucqar və kişik rayondakı polis əməliyyatçıları haqqında soruşsan həmin zabitlə bağlı ən kiçik xırdalıqlara qədər dərhal danışa bilər. Ramil Usubov başqa vəifələrə təyinatda güzəşt edə bilər, ancaq əməliyyatçıların sçimində heç bir güzəşt etməz”.

Tarixdə  sevdiyi peşəyə belə diqqətlə yanaşanlar haqqında nümunələr tapmaq olar, ancaq Azərbaycan polisinin 98 illik tarixində  yəqin ki,bu ilk nümunədir. Məhz onun peşəkar əməliyyatçı olması, əməliyyat işinə müstəsna önəm verməsi Azərbaycana kənardan edilən pozuculuq işlərinin qarşısını vaxtında almaqda və ölkədə kriminogen durumun daim nəzarətdə saxlanılmasında  həlledici rol oynadı. Bu gün Azərbaycan həssas bir regionun ən stabil ölkəsidirsə bunda ən çox payı olan iki şəxsdən biri heç şübhəsiz daxili işlər naziri Ramil Usubovdur.

 R.Usubovun daxili işlər naziri kimi uğurlu fəaliyyətinin təməlində dayanan amillərdən biri də onun yüksək istedad və təşkilatçılıq qabiliyyətinin olmasıdır. Qeyd etmək lazımdır ki, Heydər Əliyevin uzaq görən gözləri Ramil Usubovun bu istedadını heç kimin görmədiyi bir zamanda görmüş və ölkə üçün ən həssas məqamda məhz bu keyfiyyətinə görə çəkinmədən Daxili İşlər Nazirliyini ona əmanət etmişdir. Zaman Heydər Əliyevin nə qədər doğru qərar verdiyini təsdiqləməklə yanaşı, Ramil Usubovun da istedadlı təşkilatçılığının hər kəs tərəfindən qəbul olunmasına imkan verdi. Bu gün Daxili İşlər Nazirliyi saat mexanizmi kimi dəqiqliklə işləyən mükəmməl bir dövlət strukturudur.

Ramil Uusbovun Daxili İşlər Nazirliyinə rəhbər təyin edilməsindən sonra qazandığı uğurlardan danışarkən onun peşəkar əməliyyatçı kimi istedadlı təşkilatçılığı ilə yanaşı dəmir iradəyə malik olmasını da hökmən qeyd etmək lazımdır. Xatırladaq ki, R.Usubov daxili işlər naziri təyin edildiyi vaxt əksər nazirlər ayrı-ayrı siyasi qruplaşmaların dəstəyinə malik idi. Heç bir siyasi qruplaşmaya bağlı olmayan R.Usubov, daxili işlər naziri kimi onun fəaliyyətinə müdaxilə etmək istəyən,siyasi mübarizədə Daxili İşlər Nazirliyinin gücündən yararlanmaq istəyənlərə məhz dəmir iradəsi sayəsində imkan verməmişdir. Nazir təyin edildikdən çox qısa zaman sonra hər kəs anladı ki, Ramil Usubovun dəmir iradəsinə təsir etmək, onun Heydər Əliyevə sədaqətini və bağlılığını qırmaq mümkün deyil. Məhz Ramil Usubovun bu keyfiyyəti sayəsində Daxili İşlər Nazirliyi daxili siyasi oyunların aləti olmaqdan qurtuldu və dövlət aparatının ən mükəmməl strukturuna çevrildi. Bütün bu keyfiyyətlər və illərlə çəkilən zəhmət Ramil Usubovu polis zabitindən görkəmli DÖVLƏT XADİMİNƏ çevirmişdir və onun müasir Azərbaycan tarixindəki ən böyük mövqeyi də elə məhz bundan ibarətdir.

Bu gün Iyulun 2-də Azərbaycan Polisi özünün peşə bayramını qeyd edir... 2 iyul tarixi mərhum prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan Polis Günü elan edilsə də, onu həqiqətən peşə bayramına çevirən Azərbaycan polisi olmuşdur ki, burada da ən böyük xidmət nazir Ramil Usubova məxsusdur.  

Biz də öz növbəmizdə, bu gün  cənab NAZİRin şəxsində 2 iyul tarixini - Azərbaycan polislərinin həqiqi peşə bayramına çevirənləri təbrik edir, onlara şərəfli,həm də çətin və məsuliyyətli xidməti vəzifələrində yeni-yeni uğurlar,naliyyətlər arzu edirik!  

Azər Abdul.    






Fikirlər