Mənim öz bildiklərimi açıqlamağım doğru olmaz - ABDULLAH GÜL
“Bu işin bir günlük, bir həftəlik hazırlıq nəticəsində baş vermədiyi ortadadır". Bunu APA-ya açıqlamasında Türkiyə Cümhuriyyətinin XI prezidenti Abdullah Gül deyib. “Hərbi çevrilişə cəhd edən xunta silahlı qüvvələrdə uzun müddət içində yaradılaraq fəaliyyət göstərib, yoxsa yaxın keçmişdə yaranandan sonra 15 iyulda hərbi çevrilişə təşəbbüs edib? Bu xuntanın varlığından necə xəbərdar olunmayıb? Bununla bağlı nə deyə bilərsiniz?” sualına Abdullah Gül belə cavab verib : ”Hələlik işin mahiyyəti tam ortaya çıxarılmayıb. Hələ ciddi araşdırma gedir. Səlahiyyətli şəxslər açıqlayacaqlar, mənim öz bildiklərimi açıqlamağım doğru olmaz. Bunun bir günlük, bir həftəlik iş olmadığı açıq-aşkardır. Sabahdan başlayaraq hər şey 100% nəzarət altına keçəndən və qayda-qanunlar nöqsansız işləməyə başlayandan sonra həssaslıqla lazımi təhqiqatlar aparılacaq. Hazırda da hər şey nəzarət altındadır. Kim bu işə hardan qarışıb? Kim kimdir-nədir? Bütün bu suallara Konstitusiya və qanunlar çərçivəsində cavab tapılandan sonra günahkarlar Türk ədliyyəsinin önünə çıxarılacaq. Buna inanıram, heç şübhəm yoxdur”.