Babəkin şəxsiyyəti və ailəsi barədə - TARİXİ HƏQİQƏTLƏR

 

Maraqlıdır ki, haqqında mənfi yöndən danışdığımız ərəb-fars tarixçilərinin tarix adına hər cür hədyanları qələmə almalarından çox-çox sonra  - XX əsrdə də işğalı altında olduğumuz sovet imperiyasının hakim tarix konsepsiyasına uyğun olaraq süni şəkildə Babəkdən “sosializm ideyaları uğrunda alovlu mübariz” obrazı yaratmağa cəhd edilmişdir.

 Sovet tarixşünaslığı Babəkin şəxsiyyətini o dərəcədə təhrif etməyə girişmişdir ki, bir tərəfdən onun atəşpərəst olması və İslam dininə qarşı mübarizə aparması barədə saxta müddəalara geniş yer vermiş, digər tərəfdənsə onun guya bərabərlik, habelə istismarçı və əzilən siniflər haqda demiş olduğu fikirləri “kommunizm ideyalarının klassik forması” kimi qələmə vermişdir. Məhz bu səbəbdən bu gün hətta Azərbaycan ictimaiyyətinin qaymağı sayılan ziyalıların da böyük bir qisminin Babəkin kimliyi, mübarizə amalları haqqında doğru-düzgün təsəvvürü yoxdur.

 Bu gün milli düşüncəli ziyalılarımız və alimlərimiz tamamilə haqlı olaraq sovetlərdən qalma bu saxta konsepsiyanın ortaya atdığı üfunətli fikirləri tamamilə inkar etməklə Babək hərəkatını, Hürrəmilik ideyasını Azərbaycan adlı Ruhi Məkanın milli-dini özünüdərki və qorunması ilə əlaqələndirən faktları araşdırırlar, daxilimizdə üst-üstə yığılan suallara cavab tapmaqla məşğul olurlar. Babəki İslam dininə və onu yayan ərəblərə qarşı mübarizə aparmış birisi kimi göstərənlər indinin özündə də bu suallar qarşısında aciz qalırlar: əgər Babəkin və onun ata-anasının dini İslamdan fərqli bir din idisə, niyə onun əsl adı Hz.Əlinin böyük oğlu imam Həsənin adı ilə eynidir, atasının və qardaşının adı isə Hz.Məhəmmədin atası Abdullahın adı ilə eyniyyət təşkil edir? Əgər Babək İslamı yayan ərəblərə qarşı mübarizə aparmaqla yanaşı atəşpərəstlik dininə sitayiş edirdisə, niyə Babək ordusunda külli miqdarda müsəlman və o cümlədən də müsəlman ərəb vuruşurdu (axı bu haqda hətta Babəki ilan-qurbağa gözündə görmüş xəlifə sarayının muzdlu tarixçiləri də yazıblar)? Onda görəsən tarixçilərin qeyd etdiyi kimi, bu “on minlərlə müsəlman” Babəkin ordusunda olmaqla kimə və nəyə qarşı vuruşurmuş? Allaha inanan bu qədər müsəlman dəli deyildi ki, onun dinini və Allahını qəti şəkildə inkar edən atəşpərəstlərlə bir səngərdə durub müsəlman ordusuna qarşı onlarla çiyin-çiyinə qılınc çalsın? Necə olur ki, ərəb tarixçisi Təbərinin, pers tarixçisi Səmaninin hürrəmilərin cəm məclisləri, toplantıları haqda böhtan dolu qeydləri ilə altı əsr sonra Osmanlı tarixçilərinin Qızılbaş məclisləri və toplantıları barədə yazdıqları iftiralar öz məzmununa görə bir-biri ilə üst-üstə düşür? Və necə olur ki, hürrəmilərin seçdiyi rəng simvolikası ilə (al rəng) Qızılbaşların XV-XVI əsrlərdə seçdikləri rəng kultu eyniyyət təşkil edir? Məgər Şeyx Heydər, Şah İsmayıl Xətai atəşpərəst və ya “utopik sosialist” idilərmi?..

 

news-detail

 Suallar kifayət qədər çoxdur və Babəkin, onun başçılıq etdiyi hürrəmilər hərəkatının anti-islam xarakterli olması ilə bağlı cəfəng müddəalara sığınan adamlar bu suallara heç vaxt dəqiq cavab verməyiblər. Verə də bilməyəcəklər, çünki bu sualların cavabını tapmaq üçün ilk növbədə dərində olan mətləblərə nəzər salmaq lazımdır. Bir qədər əvvəl biz Babək hərəkatının nəinki anti-islam xarakterli olmaması, hətta İslam təmayüllü bir hərəkat olması barədə mənbələrdən əldə etdiyimiz məlumatları təhlil etməklə həmin bu dərində yatan mətləblərə müəyyən qədər işıq salmağa çalışdıq.

 Haşiyə: Yeri gəlimişkən, Babək hərəkatının  həqiqi mahiyyətini əxlaqi yöndən aşağılayıb heçə endirməyə çalışan ərəb müəlliflərinin qeydlərinin bir çoxu ümumi məzmunca XV-XVI əsr Qızılbaşlıq hərəkatını aşağılayan Osmanlı saray tarixçilərinin sifarişli yazıları ilə oxşarlıq təşkil edir. Adi  bir misal: Təbəri yazır ki, Babəkin anası kor bir qadın idi və Abdulla adlı bir yağsatanla qeyri-qanuni yaxınlıq etdikdən sonra Babək (Həsən) dünyaya gəlmişdir. Osmanlı saray tarixçisi Mehmet Solakzadə (1590-1657, şair və bəstəkar, milliyyətcə persdir – C.B.) də bir neçə əsr sonra Şah İsmayıl haqda yazarkən qeyd edir ki, onun anası Uzun Həsənin (Ağqoyunlu imperatoru Həsən Bayandurlunun aşağılayıcı formada Uzun Həsən kimi göstərilməsini hələ bir tərəfə qoyaq) Trabzon hakiminin qızı Dəspinə xatundan olan qızıdır. Uzun Həsənin bu divanə qızını (müəllif beləcə də yazır) Ərdəbilli Şeyx Heydərə vermək qərarına gəlirlər. Və ardınca Solokzadə yazır: “İştə Şah İsmayıl həmən o divanə qadından doğulmuşdur”. İmadəddin ibn-Kəsir isə özünün “Əl-bidayə-vən-nihayət” adlı əsərində Babəkin anası barədə bunları söyləyir:“Babəkin anası rüsvay olmuş bir kəniz idi. Axırda o cəzasına çatdı. Xalq da onun şərrindən xilas oldu”. İndi isə düşünək: Təbərinin, İbn-ən-Nədimin, ibn-Kəsirin Babəkin anasına olan mövqeyi ilə Mehmet Solakzadənin Şah İsmayılın anasına olan mövqeyi arasında hansı prinsipial fərq vardır? İnanmaq mümkünmü bu cür iftira və böhtan dolu mənbələrə? Babəkin atdığı addımlar Abbasilər sarayının yürütdüyü iyrənc siyasətə qarşı idisə, təbii ki, həmin sarayın buyruq qulu olan bir ərəb tarixçisi onu öz cızma-qarasında bu sayaq aşağılamağa cəhd edəcəkdi. Və eynilə də, Şah İsmayıl Osmanlı sarayı üçün“başıpozuq düşmən ünsür” gözündə idisə, təbii ki, Osmanlı sarayının artıq-urtuğunu yeyən bir tarixçi onu ancaq “şər qüvvə” olaraq göstərəcəkdi. Elə təkcə bu müqayisə bizə söyləməyə imkan verir ki, IX əsrdə Azərbaycanda alovlanan Hürrəmilik hərəkatı ilə XV-XVI əsr Qızılbaşlıq hərəkatı arasında həm tarixi, həm ideoloji, həm siyasi, həm dini, həm milli yöndən, həm də məzmun etibarilə böyük bir bağlılıq olmuşdur. İndi Azərbaycan tarixünaslığına bir oğul gərəkdir ki, bu bağlılığın sirlərini tam şəkildə çözsün.

 Babək adlı tarixi qəhrəmanımızın kimliyi və mübarizə motivlərindən söhbət açarkən ilk növbədə onu qeyd etmək lazım gəlir ki, mənbələrdə təsdiq olunduğu kimi, bu igid insanın əsl adı Həsən, atasının adı Abdullah (Səmaniyə və ona istinad edən İbn-əl-Əsirə görə, Mərdəs), anasının adı Bərumənd, yaxud Bərümid, mənbələrə məlum olan qardaşlarınınsa adları Abdullah və Müaviyə olub. Mənbələrdən sızan məlumatlara görə, Babək çoxarvadlı bir insan olub. Və bu faktı incələyən tədqiqatçılar da bu haqda yazılan məlumatlar əsasında eyni nəticəyə gəlirlər. S.Nəfsi qeyd edir ki, “Görünür ki, onun (Babək nəzərdə tutulur – C.B.) bir neçə arvadı var imiş. Yazıldığına görə, Samirəyə aparılan əsirlər içərisində bir neçə qadın varmış ki, Babəkin arvadları hesab olunurdular”.

 

news-detail

 Müxtəlif mənbələrdə Babəkin arvadlarından ikisi Cavidanın dual qadını və Sünik knyazı Vasakın qızı Doxtəri-Kəldaniyyə (Mənbələrdə əsl adının İbnət-əl-Kəldaniyyə olması qeyd edilir. Babək 828-ci ildə Vasakın üzərinə gələn ərəb qoşununu darmadağın etdikdən sonra Vasakın bu qızını almaq istədiyini bildirmiş, evləndikdən sonra öz hakimiyyətini Sünik vilayətinə də şamil etmişdi. Babəkin müsəlman olmasını isbatlayan dəlillərin işığında təxmin etmək olur ki, İbnət-əl-Kəldaniyyə müsəlmanlığı qəbul etdikdən sonra Babək onunla evlənmilşdi – C.B.) barədə daha geniş məlumatlar verilir, bəzi mənbələrsə onun çoxarvadlı olması haqda ümumi sözlərlə danışır, arvadlarının sayının 23 olduğunu qeyd edirlər. Bu rəqəm əslində Babəkin ailəsi Afşinin əlinə keçdiyi zaman oradakı qadınların ümumi sayını ifadə edir. Və sonrakı dövr müəllifləri də Babəkin ailəsindən hesab olunan qadınların sayı barədə bu məlumatlara istinad edərkən onların hamısının Babəkin avradları olması kimi yanlış fikir irəli sürmüşlər. İmadəddin ibn-Kəsir “Əl-bidayə-və-nnihayət” adlı əsərində hicri 223-cü ilin hadisələrindən bəhs edərkən Babəkin öldürülməsini təsvir edərək onun Afşin tərəfindən ələ keçirilən ailə üzvlərinə toxunur və yazır: “Onun (Babək nəzərdə tutulur – C.B.) on yeddi oğlu və özü ilə oğullarının arvadlarından iyirmi üç nəfər qadın ələ keçmişdi. Babəkin anası rüsvay olmuş bir kəniz idi. Axırda o, cəzasına çatdı”. Bu məlumatlardan Babəkin özünün nə qədər arvadının olduğu bəlli olmur. Bilinən odur ki, əsir götürülən qadınlar təkcə onun yox, həmçinin, onun oğullarının da arvadları imiş. Babəkin övladlarının sonrakı taleyi ilə bağlı mənbələrdəki məlumatlarsa bunu söyləyir ki, onların arasında yaşı kiçik olanlar və Babəkin qızları da varmış. Təbəri yazır ki, “Samirəyə gətirilmiş əsirlərin içərisində yeddi kiçik yaşlı oğlan və üç qız uşağı var idi. Bunlar əsir gətirilmiş qadınların (Babəkdən olan) uşaqları idi”.

 Bu məlumatlardan sonra düşünmək olar ki, ola bilsin həmin azyaşlı uşaqlardan da bir neçəsi Babəkin oğul nəvələri imiş. Nəzərə almaq lazımdır ki, Babəkin oğullarından biri hələ Bəzz qalası süqut etməmişdən əvvəl Afşinin adamları tərəfindən əsir götürülmüşdü və kifayət qədər yetkin yaşda olan bu oğlu Babəkin 833-cü ildə ərəb sərkərdəsi İshaq ibn İbrahimin qoşunları ilə savaşmaq üçün Həmədana yolladığı hürrəmi dəstələrinə başçılıq etmişdir.

Babək təxminən 40 il ömür sürmüşdür. Bu ilk baxışdan qısa görünən şərəfli ömrünün gənclik çağlarında – təxminən18-19 yaşında Bəzz qalasının sahibi olarkən Cavidanın dul xanımı ilə ailə qurmuş, çox güman ki, hələ gənc ikən ata olmaq sevincini yaşamışdır. Bu baxımdan Babəkin 40 yaşında əsir alınaraq Samirəyə aparılarkən artıq baba olduğunu təxmin etmək mümkündür. Hər halda, mənbələrdə bunu təkzib edən heç bir şey yoxdur, mülahizələr üçünsə müəyyən əsaslar vardır. Bəzi mənbələrə görə Babək Hürrəminin 13, bir qism mənbələrə görə isə 17 oğlu və bir neçə qızı olub. Babək edam olunduğu zaman onun anası Bəruməndin (və ya Bərümidin) altmış yaşında olması təxmin edilir. (admiral.az)






Fikirlər