Azərbaycanda “Camaat”a bağlı olan nazir müavinləri, deputatlar, ictimai xadimlər var - adları...; ölkəmizdə genişmiqyaslı “FETÖ” əməliyyatına start verilir...
İndi hamı onlardan danışır. Türkiyənin ana gündəmi hazırda adına FETÖ terror təşkilatı dedikləri Gülən camaatı, onlarla bağlı yeni-köhnə məqamlar, detallarla yüklüdür. Azərbaycanın siyasi və xəbər həyatı da Fətullah Gülən camaatına bağlı gəlişmələrlə çalxalanır. Türkiyədə keçirilən həbslər, aparılan kampaniyalar Azərbaycana da sıçrayıb. Bakıda Gülənlə gizli əlaqələrdə suçlanan müxalif yönümlü fəallar həbsə alınır.
Gülən camaatı, çoxsaylı iddialara görə, Azərbaycanda olduqca ciddi təsir imkanlarına sahibdir. Bu iddialar kifayət qədər yüksək və mötəbər dairələrdən gəlir. Lakin bu iddialar olmasa da, aydındır ki, 20-22 il ərzində Azərbaycanda 20-dən artıq məktəb, universitet, radio-televiziya qurmuş bir şəbəkə ölkəmizdə ancaq iqtidardan zəif ola bilər. Onlarda olan imkan Azərbaycanın bütün müxalifətinin imkanlarının cəmindən daha yüksək sayıla bilər.
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun “Yeni Müsavat” qəzetində olarkən, bu barədə danışmış, açıq və bəzən də yarımgizli mesajlar vermişdi.
Cənab səfir qəzetin müvafiq suallarına cavab verərkən, ortaya çox ciddi bir gerçəklik də çıxmışdı. Belə məlum oldu ki, Gülən camaatına, getdikləri bütün ölkələrdə Türkiyə dövləti arxa durub. Onların dünya çapında uğur qazanmalarının əsas səbəbi də budur! İllərdir ki, dünyanın hər yerində onları Türkiyə adına qəbul edir, buna görə də adekvat münasibət göstərirlər. Hər kəs bu gücün, bu missiyanın Türkiyəni təmsil etdiyinə inanıb, buna əmin olub.
Bu yazılanlara qədər “Camaat” Türkiyədə iqtidar ortağı idi, doğrudan da müəyyən sferalarda qardaş ölkəni təmsil edirdi və dövlətlə, AK Parti iqtidarı ilə iç içəydi. Onlar o qədər güclü idilər ki, Türk Silahlı Qüvvələrinin yüzlərlə general və zabitlərini, tanınmış yazar və jurnalistlərini həbsə alır, onlara saxta “Ergenekon işi” açır, dövlətin gücünü orduya qarşı istifadə edə bilirdi. 2013-cü ilin dekabrına qədər “Camaat” demək, əslində Türkiyə dövləti demək idi...
***
Onların qarşısında Tayyib Ərdoğan kimi güclü bir lider, Türkiyə dövlətinin gerçək başçısı olmasaydı, hələ 2013-dən sonra “Camaat” Türkiyəyə tam və qəti şəkildə sahiblənəcəkdi. Ərdoğan bütün hesabları qarışdırdı, gözləniləndən daha güclü çıxdı; türk milləti isə öz liderinə sarıldı və onu tək buraxmadı...
Son qanlı hərbi çevrilişə qədər Ərdoğanı qınayanlar, “Camaat”a müəyyən simpatiya bəsləyənlər ola bilərdi. Lakin qan töküldü, qırğın düşdü, ilımlı təhsil missionerlərinin əlləri qana batdı və ...pərdələr açıldı.
İndi onların yaxın zamanlara qədər nə qədər güclü olduğunu, necə şəbəkələşdiklərini, Türkiyəni necə sarmaşıq kimi sardıqlarını hər kəs görür. Bu cür şəbəkələşmə Azərbaycanda da var. Bu barədə “Yeni Müsavat” qəzeti iki il öncə də yazmışdı. Biz o zaman Prezident Administrasiyasına, nazirliklərə, komitələrə, təhsil sisteminə, cəmiyyətə uzanan rişələri göstərməyə çalışmışdıq.
Yazdıqlarımızın müəyyən təsiri oldu: Gülənçilərin Azərbaycandakı lideri Elnur Aslanov Prezident Administrasiyasından uzaqlaşdırıldı, gənc lider kimi yetişdirdikləri və parlamentə yerləşdirdikləri Ceyhun Osmanov təsirsizləşdirildi, Elşad İsgəndərov Dini Komitədən çıxarıldı, məktəblər dövlətin kontroluna keçdi...
Amma...Hamı bilir ki, şəbəkə tam sökülmədi. Bu gün SAM-da, Gənclər və İdman Nazirliyində, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində, Təhsil Nazirliyində, Milli Məclisdə, media sektorunda və başqa sahələrdə kifayət qədər əhəmiyyətli postlarda “Camaat”çılar əyləşib, fəaliyyətlərini davam etdirilər. Gənclər və idman nazirinin müavinlərindən birinin - İntiqam Babayevin gülənçi olmasına dair açıq iddialar var. İndi bu şəbəkənin bir alt toru da üzə çıxır: məlum olur ki, “Camaat”ın müxalifət düşərgəsi ilə də illeqal əlaqələri varmış...
***
İnsaf naminə, “Camaat”ın dünya gücü olmasında, o cümlədən də Azərbaycanı təsiri altına almasında yalnız AK Parti iqtidarını suçlamaq düzgün olmazdı. Məsələ burasındadır ki, son 25 ildə Türkiyənin bütün iqtidarları, bütün prezident və baş nazirləri Azərbaycandakı Gülən missionerlərini yerli hakimiyyətlərə tapşırıb! Gerçəklik budur! Turqut Özal, Süleyman Dəmirəl, Tansu Çillər, Abdullah Gül... və başqaları.
Azərbaycanda onların güclənməsinin, böyüməsinin, rişələnməsinin tək səbəbi də budur. Hər kəs onları hər zaman Türkiyənin təmsilçiləri, daha sonra isə iqtidar ortağı və yeni Türkiyəni dizayn edən nəhəng güc bilib. Bu qavrayışa uyğun da hörmətli münasibət sərgiləyib. Gülən camaatına açılan qapılar əslində Türkiyəyə açılıb...
***
Belə bir məqamda oxucular üçün də maraqlı olardı: Azərbaycana Gülən camaatı necə gəldi? İlk gələn kimlər oldu? Hədəf nə idi? Bu şəbəkələşmə hekayəsi necə başladı, Azərbaycan necə işğal olundu? Ölkəmizə gülənçilər ilk dəfə nə zaman və necə gəldilər...
***
Gülən camaatından “Azərbaycan” deyib, ilk dəfə yola çıxan 11 nəfər olub. Özlərinin nəql etdiklərinə görə, onlar Fətullah Gülənin göstərişi ilə Azərbaycana üz tutublar. (Bu barədə “Samanyolu” televiziyasında nümayiş etdirilən sənədli filmlər var, yazıda onlardan istifadə olunub
***
1990-cı il, 10 yanvar tarixində aralarında Sadetdin Başar, Mehmet Tanrısevər, Sadetdin Kültürel, Cahid Dəyərli, Muammer Türkyılmaz, Halit Esendir, Mehmet Şefki Erol və digərləri olan 11 nəfərlik qrup Türkiyədən avtomobillə yola çıxaraq, Azərbaycana doğru istiqamət alıblar, Batuma, sonra isə Tiflisə gəliblər. Azərbaycanın Gürcüstanla sərhədinə çatanda 11 nəfərdən 6-sı Gürcüstanda qalır, 5-i isə Azərbaycana keçir. Onları Qazax rayonunda azərbaycanlı könüllü əsgərlər və Xalq Cəbhəsi hərəkatının nümayəndələri qarşılayır. Türkiyədən gələn hər kəsə göstərilən xoş münasibət onlara da göstərilir.
Sonra ilk fətullahçılar Gəncəyə, oradan da Bakıya gəlirlər. Yol üstündə olan rayonlarda, kəndlərdə yerli camaatla görüşə-görüşə sovet ordusunun əsarətində olan Bakıya çatırlar. Qrup üzvləri Bakıdakı vəziyyətlə, insanların yaşayış şəraiti, ölkədəki iqtisadi-siyasi durumla tanış olduqdan sonra yanvarın 17-də yenidən Gəncəyə qayıdırlar. Gəncədə yerli camaat tərəfindən böyük izdihamla qarşılanırlar. Buradan Gürcüstana keçir, oradan isə Türkiyəyə dönürlər. Yanvarın 19-da Fətullah Gülən və “Camaat”ın rəhbər heyəti ilə görüşürlər. Azərbaycanda olan 5 nəfərlik qrupun üzvləri gördüklərini, eşitdiklərini, yerli camaatla ünsiyyətdə olarkən gəldikləri nəticəni F.Gülənin də iştirak etdiyi söhbətdə “Camaat”a çatdırırlar.
Azərbaycandan gələnlərin danışdıqlarından sonra F.Gülən “Camaat” üzvlərinin mütləq Azərbaycana getməli olduqlarını deyir.
Beləliklə, “Camaat” qərar verir - “Azərbaycana gedirik...”
***
20 Yanvar faciəsindən sonra “Zaman” qəzetinin Yılmaz Polad adlı müxbiri və bir neçə əməkdaşı Azərbaycana gəlir. Onlar 20 Yanvar hadisələri və Azərbaycanda baş verənlərlə bağlı qəzet üçün material toplayırlar.
“Zaman” qəzetindən gələn bu şəxslər o zamankı baş nazir Həsən Həsənovla görüşürlər. H.Həsənov “Zaman” qəzetindən gələn türkiyəli jurnalistlərə zamin durur və 1990-cı ilin əvvəllərində qəzetin Azərbaycanda ilk bürosu açılır. Beləliklə, “Zaman” qəzetinin əməkdaşları Azərbaycanda rəsmi səviyyədə dəstək alaraq, çalışmağa başlayan ilk xarici mətbuat nümayəndələri olurlar.
****
Bir qrup gənc fətullahçı Türkiyədən Azərbaycana birdəfəlik köç etməyi qərarlaşdırır.
Hilmi Öney adlı iş adamı həyat yoldaşı və üç uşağı ilə Azərbaycana köçən ilk “Gülən camaatı” üzvü olur. Gələnlər Azərbaycanda biznes qurmaqla yanaşı, türk və ingilis dillərində dərs verməyə də başlayırlar. Bu ərəfələrdə tələbələrin Türkiyədəki universitetlərə göndərilməsi ilə bağlı da işlər görülür.
Hilmi Öneyin təşkilatçılığı ilə “Çağ”ın ilk ofisi açılır. Azərbaycandan Türkiyəyə, Türkiyədən isə Azərbaycana tələbələrin göndərilməsi üçün ikitərəfli razılıq əldə olunur.
Bundan sonra iki ölkə arasında tələbə mübadiləsi genişlənməyə başlayır. Hər il Türkiyədən Azərbaycana, Azərbaycandan isə Türkiyəyə təhsil almaq üçün tələbələr göndərilir. Azərbaycandan Türkiyəyə göndərilən 25 tələbədən sonra “Gülən camaatı”nın 36 tələbə və 8 müəllimdən ibarət üzvləri Bakıya gəlir. Bu qrup 1991-ci il, noyabrın 15-də Bakıya çatır.
Əvvəlcədən gələn “Camaat” üzvlərinin dəstəyi ilə Azərbaycan Təhsil Nazirliyi ilə danışıqlar aparılır. Təhsil Nazirliyi bu tələbələrin yerləşdirilməsi üçün “Partşkola”nın - “Ali Partiya Məktəbi”nin yataqxanasında yer ayırır.
Bu ərəfələrdə Azərbaycana gələn “Camaat” üzvləri arasında Ahmet Öksüz, Ahmet Salih Güren, Mehmet Durmuş, Şükrü Yıldız, Murat Erkan, Zəfər Yalçın, Muaz Menekşe, Mustafa Atalay (rəhmətə gedib), Halil İbrahim, Necmi Aydın, Kemal Dadaşoğlu, ilahiyyatçı Reşit Haylamaz, Abdulkadir Erdur, Mövlud Turan, Faruk Güllü və başqaları olur.
Zaman keçdikcə fəaliyyətlərini genişləndirən “Camaat” üzvləri Türkiyədən gələn tələbələri Bakının ətraf rayon və şəhərlərinə göndərirlər.
1993-cü ildə “Camaat” üzvləri “Partşkola”dan yavaş-yavaş ayrılaraq kirayə mənzillərə köçürlər. Mərkəz olaraq isə “Neftçilər” metrosunun yaxınlığındakı ev seçilir.
***
“Camaat”a məxsus “Araz kursları” ilk dəfə 1991-ci ilin dekabrında açılır. Universitetə hazırlıq kursuna 100-ə qədər şagird cəlb olunur.
1991-ci ilin dekabr ayından “Gülən camaatı”na məxsus məktəblərin açılmasına geniş şəkildə start verilir. Məktəblərin açılması üçün maddi dəstək Türkiyədən, “Camaat” üzvləri tərəfindən göndərilir. “Camaat”a məxsus ilk lisey Naxçıvanda, Sumqayıtda və Bakıda açılır.
1992-ci ildə Türkiyədən Azərbaycana gələn iş adamlarının da sayı artır. Ailəsi ilə Azərbaycana köçən ikinci “Gülən camaatı” üzvü Ali Osman Uysal olur. 1994-cü il, dekabrın 16-da Azərbaycanda Türk İş Adamları Cəmiyyəti (indiki TÜSİAB) yaradılır.
“Camaat”dan olan iş adamları Azərbaycana gələndə ilk olaraq Türk İş Adamları Cəmiyyətinə üzv olurlar.
1993-cü ildə Azərbaycanda ilk dəfə olaraq xarici televiziya kanalı açılır. “Camaat”a məxsus olan “Zaman” TV ilk dəfə yayıma çıxır. Telestudiyanın binasında bir neçə otaq icarəyə götürülür. Bu kanal həftədə cəmi 4 saat efir çıxır.
***
1993-cü ildə açılan Naxçıvan, Sumqayıt və Bakı liseylərindən sonra Əlibayramlı (indiki Şirvan-red.), Dədə Qorqud, Ağdaş, Mingəçevir, Quba və Lənkəran türk liseyləri, Naxçıvanda isə Şərur və Ordubad qız liseyləri fəaliyyətə başlayır.
1993-cü ildə Bakıda köhnə binaların birində Qafqaz Universitetinin açılması üçün işlər görülür. Azərbaycanda Qafqaz Universitetinin açılması üçün “Gülən camaatı”nın Azərbaycana gələn ilk üzvlərindən Ali Bayram dövrün prezidenti ilə görüşür və universitet tikmək üçün onlara yer ayrılmasını xahiş edir.
Onlara indiki Qafqaz Universitetinin yerləşdiyi Xırdalan şəhəri ərazisində 200 hektar yer verir. Beləliklə, Azərbaycanda ilk xarici təhsil verən ali məktəb “Camaat” tərəfindən açılır.
***
Məlumat üçün qeyd edək ki, Azərbaycanda “Camaat”a məxsus 21 lisey, bir gimnaziya, Qafqaz Universiteti və Azərbaycanın 10 müxtəlif şəhər və rayon mərkəzlərində - paytaxt Bakıda Xətai, Sabunçu, Nərimanov, bölgələrdə olan Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Lənkəran, Şəki, Zaqatala, Şamaxı və Qax “Araz kursları” fəaliyyət göstərirdi. Adlarını qeyd etdiyimiz müəssisələr “Çağ Öyrətim İşlətmələri”nə aid idi. Yalnız Naxçıvanda fəaliyyət göstərən 3 lisey “Zaman” öyrətim şirkətinə daxil idi.
***
2014-cü ildə baş nazir kimi Azərbaycana səfər edən Rəcəb Tayyib Ərdoğan “Camaat”la açıq döyüşünü prezident İlham Əliyevlə də müzakirə etdi. Hətta Ərdoğanın ölkə başçısına “Camaat” üzvlərinin adlarını və onların müəssisələrinin siyahısını təqdim etməsi ilə bağlı iddialar da yayıldı.
Elə həmin il Bakıda və bölgələrdəki türk liseylərinin fəaliyyəti dayandırıldı.
***
“Camaat”a qarşı Azərbaycandakı əməliyyatlar yenidən start götürüb və iddialara görə, məsələ ciddidir. Artıq “Zaman Azərbaycan” qəzeti, Qafqaz Universiteti bağlanıb. Gülənçi müəllimlər Azərbaycandan çıxarılıb, şəbəkə əhəmiyyətli şəkildə dağıdılıb.
Görünən budur ki, Azərbaycan iqtidarı AK Parti iqtidarı ilə sinxron şəkildə hələ illərlə “Camaat”la döyüşməli olacaq.
İddialar var ki, artıq xüsusi tədbirlər hazırlanıb və yaxın günlərdə Azərbaycanda genişmiqyaslı “FETO əməliyyatları” başlayacaq. Bu məqsədlə Türkiyədən də müəyyən kəşfiyyat və əməliyyat dəstəyinin olacağı gələn iddialar arasındadır.