Həbsdəki bankir günahı üzərindən atır, əslində isə...
Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin məhkəməsində günahkar olmadığını iddia etməsi, həmçinin maliyyə naziri Samir Şərifovu bir çox məsələlərdə günahlandırması yenidən diqqət mərkəzindədir.
Ölkənin maliyyə sistemində əhəmiyyətli olan bu iki fiqurun arasındakı çəkişmə məhkəmə zalında da davam edir. Beynəlxalq Bankdan izsiz-tozsuz çıxarılaraq mənimsənilən səkkiz milyard manatla bağlı günahkar axtarışı isə davam edir. Doğrudanmı, Maliyyə Nazirliyi, həmçinin Beynəlxalq Bank rəhbərliyi bundan xəbərsiz olub? Ekspertlər vurğulayırlar ki, həmin milyardlar xəbərsiz mənimsənilə bilməzdi. Səlahiyyətli qurumlar isə bundan xəbərdar olsalar da, hansısa səbəblərdən susublar. Bu isə onların da məsuliyyətini artırır.
Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı musavat.com-a bildirib ki, mənimsənilən milyonlardan istənilən halda Maliyyə Nazirliyi və nazir xəbərdar olmalı idi: “Çünki Samir Şərifov Beynəlxalq Bankın Müşahidə Şurasının sədri olub. Müəyyən məbləğdən yuxarı olan kreditlərin verilməsinə qanuna görə Müşahidə Şurasının qərarı lazımdır. Maliyyə nazirinin burada məsuliyyəti var. Bu, bir növ ona bənzəyir ki, müqayisə aparaq, ailədir, pul ehtiyacı var və arvad bunu xərcləyir. Nə azı ərin də buna icazəsi, razılığı lazımdır. Əgər arvad elə xərcləyirsə, ər də buna nəzarət etmirsə, demək olarmı ki, onun heç bir məsuliyyəti yoxdur? Var. Qanunda da deyilir ki, Müşahidə Şurasının sədri müəyyən məbləğdən yuxarı kreditlərə razılıq verməlidir. Hamı da bilirdi ki, Beynəlxalq Bankda böyük məbləğdə kreditləri elə sağa-sola paylayırlar. Maliyyə Nazirliyi də başda maliyyə naziri olmaqla bunu bilməli idi. Əslində Cahangir Hacıyev Müşahidə Şurasının razılığı olmadan verib bu kreditləri. İndi Maliyyə Nazirliyi çıxış edib deyir ki, kreditlər bizim razılığımız olmadan verilib. Cahangir Hacıyev nəinki Müşahidə Şurası ilə hesablaşmayıb, heç Maliyyə Nazirliyinin işçilərini Beynəlxalq Bankın binasına buraxmırdı. Yəni Mərkəzi Bankın da işçilərini həmçinin əksər hallarda Beynəlxalq Bankın binasına buraxmırdı. Amma kreditləri verib, razılığı da almayıb. Amma Samir Şərifovun əlində səlahiyyətlər olub. Müşahidə Şurası müəyyən qərarlar qəbul edə bilərdi buna görə. Başa düşürəm, burada da maliyyə naziri deyə bilər ki, Cahangir Hacıyevin arxasında Eldar Mahmudov kimi güclü adam durub. Ona görə bunları edə bilmirdik. Amma ən pis halda, Beynəlxalq Bankın Müşahidə Şurasının sədri postundan istefa verərdi. Yəni çıxıb deyərdi ki, ”Dövlət başçısı, siz məni bu vəzifəyə təyin etmisiz, öhdəsindən gələ bilmirəm, məni saymırlar". Ən azı bunu etməli idi. Bunu da etməyib. Cahangir Hacıyev son məhkəmələrdə çıxışlar edir. Deyir ki, guya bütün bunlara görə Samir Şərifov günahkardır. Əlbəttə, bunlar həqiqətə uyğun deyil. Beynəlxalq Bankda baş verənlərə görə ən azı 90 faiz cavabdeh Cahangir Hacıyevdir. Məsuliyyəti öz boynundan başqalarının üzərinə atmasın. Amma eyni zamanda, hesab edirəm ki, başda Elman Rüstəmov olmaqla, Mərkəzi Bankın da, başqa Samir Şərifov olmaqla Maliyyə Nazirliyinin də məsuliyyəti var. Ən azı, ona görə ki, onları saymayıblar, nəzarət etməli olduqları halda, edə bilməyiblər. Buna görə də heç bir tədbir görməyiblər".
Ekspert Qubad İbadoğlu isə qeyd edib ki, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin ittihamlarına cavab olaraq, Maliyyə Nazirliyinin son açıqlaması bir çox kölgəli məsələlərə işıq salır: “Bu açıqlamadan bəlli olur ki, Beynəlxalq Bank 2009-cu ilin oktyabrından 2015-ci ilin martına qədər yaxınlarından ibarət olan hüquqi və fiziki şəxslərə zəmanətsiz 1,3 milyard manat, 1,4 milyard dollar və 300 milyon avro verib, ölkədən 3,7 milyard dollar, 1,1 milyard avro çıxarıb. Bu o deməkdir ki, ölkədə 6 il ərzində nə bank-maliyyə nəzarəti, nə də valyuta-gömrük nəzarəti sistemi işləməyib, bu funksiyaları həyata keçirən Mərkəzi Bank, Maliyyə Nazirliyi və gömrük orqanları üzərinə düşən adi vəzifələrini belə icra etməyiblər, beləliklə də Cənubi Qafqazın ən böyük bankında rasional idarəçilik deyil, məqəsdyönlü talançılıq olub, nəticədə dövlət maliyyə sisteminin balansı pozulub, bank sisteminin ”onurğa sütunu" zədələnib. Belə faktlar sivil ölkələrdə açıqlansaydı, ilk növbədə maliyyə-bank, valyuta nəzarətinə məsul olan bütün orqanların rəhbərləri istefa verər və onlar dərhal məsuliyyətə cəlb olunardı. Bəlkə də bu illər ərzində 3,7 milyard dollar, 1,1 milyard avro ölkədən çıxarılmasaydı, eləcə də milyardlarla manat kredit zəmanətsiz verilməsəydi hazırda milli valyutanın durumu bu dərəcə acınacaqlı olmazdı".
Digər iqtisadçı-ekspert Samir Əliyev sual edir ki, Beynəlxalq Bankın Müşahidə Şurası (Maliyyə Nazirliyi) niyə 6 il müddətində zəruri tədbir görməyib? “Qanunsuzluqları sadalamaqla deyil, konkret tədbirlər görmək lazım idi. Bu işdə Müşahidə Şurası Cahangir Hacıyev qədər məsuliyyət daşıyır”, deyə ekspert belə hesab edir.
Başqa bir iqtisadçı Rövşən Ağayev isə azadliq.org-a Beynəlxalq Bank vasitəsilə 8 milyard dollara yaxın vəsaitin iki kanalla mənimsənildiyini deyib: “Bir kanal ondan ibarətdir ki, ayrı-ayrı vətəndaşların adına iri məbləğdə kredit yazılıb, şəxsi məqsədlər üçün istifadə edilib. Sonra həmin vəsaitlərin xeyli hissəsi ümidsiz borc kimi rəsmiləşdirilib. Başqa kanal bu olub ki, ofşor zonalarda şirkətlər qeydiyyatdan keçirib, Bankın vəsaitlərini onların veksellərini almaq adı ilə ölkədən çıxarıblar. Həmin vəsaitləri xaricdəki şirkətlərinə və hesablarına yönəldiblər”. Ekspertin fikrincə, 8 milyard dollar Azərbaycanın 7-8 illik təhsil, az qala 20 illik səhiyyə, 5 illik sosial müdafiə xərclərinə bərabər bir məbləğdir. R.Ağayev hesab edir ki, bu qanunsuz işlərdə C.Hacıyev tək günahkar deyil. Ekspert vurğulayıb ki, Maliyyə Nazirliyi bütün günahları C.Hacıyevin üzərinə qoysa da, bu işə görə ölkənin bütün maliyyə sisteminin rəhbər şəxsləri, bütövlükdə hökumət məsuliyyət daşıyır.
Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev ötən il dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Onunla birgə daha 7 nəfər məhkəmə qarşısına çıxarılıb. Onlar mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, qanunsuz silah saxlama maddələri ilə ittiham edilirlər. Bu maddələrin sanksiyasında 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur.