ELDAR MAHMUDOVUN OĞLU SAXLANILIB – Milyardlarla dollarlıq əmlakı var + SİYAHI

 img2069828

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş şefi Eldar Mahmudovla bağlı xəbərlərin ardı kəsilmir.

Keçmiş nazir vəzifədən çıxarılandan sonra onun ailə üzvlərindən bəzilərinin xaricə qaçması haqda məlumatlar yayılmışdı. Belə ehtimallar vardı ki, qaçanlardan biri də keçmiş nazirin oğlu Anar Mahmudov olub. Bugünlərdə isə məlum oldu ki, ölkədən gedən Anar Mahmudovun həyat yoldaşı Aida Mahmudovadır.

Beynəlxalq Bankın hazırda həbsdə olan sabiq prezidenti Cahangir Hacıyevin qızı olan A.Mahmudova indi Londondadır. O, orada anası Zamirə Hacıyevaya ilə birgə yaşayır. Hər iki xanım “Beynəlxalq Bank işi” üzrə dindirilməyə çağırılıb və istintaqa gəlməkdən imtina edib. Hacıyevlərin kürəkəni, Eldar Mahmudovun oğlu isə Azərbaycandadır. Onu bir neçə gün əvvəl Bakının Nardaran qəsəbəsində keçirilən reyd zamanı saxlayıblar.

Anar Mahmudov narazı halda reyddə iştirak edən polislərdən saxlanılmasının səbəbini soruşub. Ona bir daha reyd keçirildiyini bildirəndə isə polislərə irad tutub, özünün sıradan biri olmadığına işarə vurub. 33 bahalı maşına sahib olan, maşınlarının nömrə nişanları 009-la bitən A.Mahmudov polislərin onu tanımamasına etiraz edib. Onun sözlərindən belə çıxıb ki, polislər onu mütləq şəkildə tanımalı, reyd olsa belə saxlamalı deyilmişlər…
Polislər Nardarandakı reydlərin məlum əməliyyatların davamı olduğunu və ölkə rəhbərliyinin tapşırığı əsasında keçirildiyini Anar Mahmudova bildirəndən sonra keçmiş nazirin oğlu narazı halda maşına minərək yoluna davam edib.

Eldar Mahmudovun Nardaran qəsəbəsində dəbdəbəli imarəti var. Həmin imarət Eldar Mahmudov nazir olduğu dövrlərdə tez-tez kef məclislərinin keçirildiyi məkanlardan olub. Eldar Mahmudov vəzifədən çıxarılandan və Bilgəhdəki bağ evində nəzarət altına alındıqdan sonra Nardarandakı imarətində də kef məclislərinin arası kəsilib. Anar Mahmudov həmin imarətdə ara-sıra peyda olur. Bu məlumatlar A.Mahmudovun ölkədən çıxışına qadağa qoyulması haqda iddiaları da dolayısı ilə təsdiqləyir.

A.Mahmudov atasının nazirliyi dövründə “Caspian Crystal Holding”də birləşən ailə biznesini idarə edirdi. Bundan əlavə, yayılan məlumatda bildirilir ki, Eldar Mahmudovun oğlu Şamaxı rayonunda yüz hektarlarla torpaq sahəsini də ələ keçirib. Belə ki, Şamaxı bələdiyyəsinin mülkiyyətində olan 205 hektar torpaq sahəsi Anar Mahmudovun rəhbərlik etdiyi “Kometa-T” MMC şirkətinin adına rəsmiləşdirilib. Heç kimə sirr deyil ki, Eldar Mahmudov vəzifəsindən sui-istifadə edib, korrupsiya ilə məşğul olub, cinayətlər törədib və s. Bu da sirr deyil ki, Eldar Mahmudovun oğlu biznes imperiyasını atasının hesabına əldə edib. Məsələnin bu tərəfi də var ki, atasının hesabına milyonlar əldə edən, onu küçədə polisin mütləq şəkildə tanımalı olması düşüncəsi ilə yaşayan təkcə Anar Mahmudov deyil. Bu da başqa bir yazının mövzusudur. (Musavat.com)

Bu gün Eldar Mahmudovun əmlaklarının bir hissəsi haqda məlumatlar var. Bir müddət əvvəl meydan.tv onun oğlu Anar Mahmudovun Azərbaycanda, Türkiyədə, İspaniyada, Lüksemburqda olan şirkətləri haqda məlumat yaymışdı. Bu şirkətlərin yaranması Anar Mahmudovun atasının nazir təyin olunduğu vaxtdan sonraya təsadüf edir.

Anar Bakıda “Caspian Crystal” Holdinqinin İdarə Heyətinin sədridir. Şirkətə “Beluga”, “Salvador Dali”, “Lord”, “VİP” və “Velluto” kimi dəbdəbəli restoranlar şəbəkəsi daxildir. Şirkət ərzaq bazarına da daxil olub. Onlar 2007-ci ildən başlayaraq “Gastronomy-1″, ”Gastronomy-2″ və “Gastronomy-3″ mağazalarını açıblar. Eyni zamanda şirkət Azərbaycanda dünyanın hər yerindən gətirilmiş şərablar və alkoqollu içkilər təklif edən ilk butikin yaradıcısıdır. ”Wine City” adlı 18 min şüşənin saxlanıldığı şərab anbarı da şirkətə daxildir. Şirkət şərab butikinin layihəsi və dizaynını fransızlarla birgə hazırlayıb. Bu şərablar elit müəssisələrə təqdim edilib və VİP müştərilər üçün nəzərdə tutulub. Şirkət “müştəri tələbatının artmasını” nəzərə alaraq 2012-ci ildə “Wine City-2″ mağazasını açdığını bildirir. Holdinqə ”Range Rover”, “Jaguar”, “Maseratı”, “Ducati” kimi avtomobilləri Azərbaycana gətirən “Crystal Motors” da daxildir.

скачанные файлыBundan başqa, Anar Mahmudov Azərbaycanda “Diqlas-1″ MMC-nin təsisçisi, həm də qanuni nümayəndəsidir, ”Kristal İnşaat” MMC-nin isə təsisçisidir. “Kristal İnşaat” 2008-ci ildə, “Diqlas-1″ MMC isə 2010-cu ildə yaradılıb. Eldar Mahmudov nazir işlədiyi dönəmdə – 3 avqust 2012-ci ildə o, ”Royals” Turizm İnşaat Sənaye Ticarət Anonim Şirkətinin İdarə Heyətinin üzvü olub. Türkiyə bazalarında şirkətin 100.000 TL-lik sərmayəsi olduğu göstərilir. Şirkət Türkiyədə və xarici ölkələrdə turistlərin gəzintisini və turları təşkil edib. Şirkətin digər sərmayədarı və nümayəndəsi Ağamikayıl İsmayılovdur. Anar Mahmudov isə Türkiyədə “Deha Gömlek Üretim Sanayi ve Ticaret Limited” şirkətinin şəriklərindən biridir.

Oğul Mahmudov həmçinin “Sınalco Gayrimenkul ve Danışmanlık Hizmetleri Anonim” şirkətinin İdarə Heyətinin sədridir. Bundan başqa, Mahmudovların İspaniyada 4 şirkəti var. “22 Vaquer De Bendinat S.L.” və “Son Sana Portals S.L.” adlı şirkətlər tikinti, inşaatla məşğul olur. “22 Vaquer De Bendinat S.L.” şirkətinin kapitalı 4 milyon 403 min 085 avrodur. Şirkət 31 mart 2015-ci ildə yaradılıb. “Son Sana Portals S.L.” şirkəti 3 min 100 avro kapitala sahibdir. İspaniyada digər şirkəti “Macent Invest Group SL” şirkətidir ki, kapitalı 19 milyon 563 min 600 avrodur. Dördüncü şirkəti olan “Majorca Capas Group İnvestment SL” isə 11 milyon 859 min 111 avro kapitalı var. “Majorca” tikinti, alqı-satqı, daşınmaz əmlak sahəsində işləyir. Şirkət 2006-cı ilin 15 mayında yaradılıb. Şirkətin ödədiyi vergi 2 milyarddan bir az azdır. Oğul Mahmudovun Lüksemburqda da şirkətləri var. Onun direktoru olduğu “Utılıcom” və “Konoco.M” şirkətləri 2015-ci il ildə yaradılıb. Sənədlərdə bildirilir ki, Anar Mahmudov gəlirləri haqqında deklarasiya təqdim etməyib. Eldar Mahmudov 2004-cü ildən nazir vəzifəsinə təyin ediləndə bunların heç biri olmayıb…

Əgər bu şirkətlərin bütün əmlakları nağd pula konvertasiya edilsə, on milyardlarla vəsait əldə etmək olar. Bir daha qeyd edirik ki, bu hələ Eldar Mahmudovun 11 illik nazirliyi dövründə əldə etdiyi sərvətlərin tam siyahısı deyil. Onun tabeçiliyində çalışıb çetesinə daxil olanlara da dəyəri on milyonlarla ölçülən mal-mülkə sahiblənmələri üçün şərait yaradılıb. Uduzan tərəf Azərbaycan dövləti, sahibkarlığı, xalqı olub.

 






Fikirlər