01.05.2014. - Tələbə təqaüdünü mənimsəyənlər
İttihama görə, Biləsuvar Peşə Liseyində təhsil alan tələbələrə dövlət tərəfindən ayrılmış təqaüdləri liseyin direktoru Teymur Poladov mənimsəyib. O, 2010-cu ilin sentyabrından liseydə təhsil alan 335 tələbəyə hər ay dövlət tərəfindən verilməsi nəzərdə tutulmuş təqaüdü cibinə qoyub. Peşə liseyinin inzibati binasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Teymur Poladovun gödəkçəsinin cibindən tələbələrə məxsus 10 ədəd “Viza elektron” plastik kartı və cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən bir sıra sənədlər aşkar edilib.
Teymur Poladovun qardaşı Seymur Poladovun Bakı şəhərində yaşadığı mənzilindən isə liseyin tələbələrinə məxsus 325 ədəd “Viza elektron” plastik kartları aşkar olunub. Bütün bu qanunsuz əməlləri liseyin baş mühasibi Almaz Həşimov ilə birlikdə törətməsi müəyyən edilib. İstintaq zamanı Almaz Həşimov da həbsə alınıb. Hakim Elşad Əliyevin sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Teymur Poladov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə Almaz Həşimovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini təyin edib. O, 4 il şərti cəza alıb və məhkəmə zalından azadlığa buraxılıb.