AZƏRBAYCANLI OLİQARX PUTİNƏ 6 MİLYARD TƏKLİF ETDİ – Məktubu üzə çıxdı
Azərbaycanlı neft maqnatı, milyarder Vahid Ələkbərovun bu vaxta qədər haqqında heç kimin heç nə eşitmədiyi ortağı üzə çıxıb və prezident Vladimir Putinə 6 milyard dollarlıq təklifdən ibarət məktub göndərib. Virtualaz.org Rusiya biznes-mediasına istinadən xəbər verir ki, Rusiya əsilli Avstraliya vətəndaşı Vladimir Camirzə Putinə yazdığı məktubunda “Başneft” şirkətinin nəzarət səhm paketi üçün 6 milyard dollar ödəməyə hazır olduğunu bildirib. Məktubda deyilir ki, Camirzənin Rostovda 2013-cü ildə qeydiyyatdan keçmiş “Lighthouse Donoilgas” şirkəti “Başneft”in səhmlərini almaq istəyir. Məktuba əsasən “Lighthouse Donoilgas” Rusiyanın neft-qaz sənayesinə investisiya yatırmaq üçün 10 milyard dollara malikdir. Bəs bu Camirzə kimdir və nə işlə məşğul olur? Onu Rusiya ilə nə bağlayır?
Virtualaz.org xəbər verir ki, Camirzənin Rusiyadakı fəaliyyəti barədə bu vaxta qədər heç nə məlum deyil. Eləcə də Avstraliyada neft-qaz biznesi, o cümlədən sıxılmış qaz satışı biznesi ilə məşğul olan biznesmenlər deyiblər ki, həmin qitədə bu adda biznesmen eşitməyiblər. Lakin Camirzə ilə şəxsən tanış olan bir mənbə bildirib ki, bu naməlum biznesmen “Lukoil” prezidenti Vahid Ələkbərovla tanışdır, yaxud onunla partnyordur. Vladimir Camirzə çərkəz ailəsində anadan olub, hələ sovet dövründə Avstraliyaya köçüb. Onun barəsində Rusiya mətbuatında cəmi bir məlumata rast gəlmək olar ki, bu da 1992-ci ildə Camirzənin Rusiya şirkətləri ilə şübhəli əlaqələrindən bəhs edən materialdır. Camirzə “Lighthouse Corporation” adlı şirkətlə əlaqəlidir, bu şirkət 1998-ci ildə Melburnda qeydiyyatdan keçib. Avstraliyanın qiymətli kağızlar üzrə Reyestrində göstərilir ki, şirkətin mülkiyyətçisi “Lighthouse Capital Properties” adlı Avstraliya şirkətidir, şirkətin səhmlərinin 100 faizi hər iki şirkətdə direktor olan Albert Yakobsa məxsusdur. Camirzənin şirkətdəki real payı haqda heç nə məlum deyil, bu şirkət özünün maliyyə hesabatını da açıqlamır.
Şirkətin biznesi barədə onun saytında da heç bir informasiya verilmir, lakin Camirzə Putinə yazır ki, onun 2015-ci ildə neft məhsulları və sıxılmış qaz ticarətindən gəliri 1.3 milyard dollar olub. Korporasiya Malayziyanın “Petronas” şirkəti ilə işləyir, Malayziya, İndoneziya və Brazliyadakı hasilat layihələrində paya malikdir, İtaliya və Yunanıstanda neftayırma zavodlarının səhmlərinin mülkiyyətçisidir. Lakin biznesmen detalları göstərmir. Rusiya federal rəsmiləri, o cümlədən neft-qaz sektorundakı iri oyunçular isə heç vaxt Camirzə adlı biznesmenin adını eşitmədiklərini deyirlər.
“Başneft” şirkəti bundan əvvəl rəhbərliyində Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın da yer aldığı “Sistema” maliyyə korporasiyasına satılmışdı. Lakin bu sövdələşmə qanunsuz hesab edildi. Hökumət “Başneft”in dövlət mülkiyyətində olan nəzarət səhm paketini satmağa hazırlaşır və indiydək səhmlərə ən yüksək qiyməti “Rosneft” dövlət şirkəti təklif etmişdi-5 milyard dollar. Putin isə “Bloomberg”ə deyib ki,“Başneft”i “Rosneft”ə vermək istəməzdi, ancaq təklif olunan qiymət cəlbedicidir. Səhmlərin indiki birja dəyəri 4.7 milyard dollardır. Vladimir Camirzə isə səhmlərə bazar dəyərindən 1.3 milyard dollar çox pul təklif edir…