Prokuror Cahangir Hacıyevə 17 il iş istədi - 'Beynəlxalq Bank işi'

Prokuror Cahangir Hacıyevə 17 il iş istədi - 'Beynəlxalq Bank işi'

"Beynəlxalq Bank işi"nə görə həbs edilənlərin cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 27-də davam etdirilib. 

Musavat.com xəbər verir ki, məhkəmə prosesi hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilib. Prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərə iş istəyib.
Prokuror Fərid Nağıyev çıxışında Cahangir Hacıyeva 17 il, Anar Sultanov, İlqar Abdullayev, Məmməd Cahangirov və Kənan Orucovun hər birinə 8 il, İbrahin Hüseynovla Yusif Ələkbərova 11 il və Azad Cavadova isə 12 il 11 ay cəza istəyib.
Dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxslərin hər birinin 3 il dövlət və yerli orqanlarda rəhbər vəzifə tutmaqdan məhrum edilməsini tələb edib.
"Beynəlxalq Bank"ın nümayəndəsi isə çıxışında banka dəymiş ziyanın tam ödənilməsinin təmin edilməsini istəyib.
Təqsirləndirilən şəxslərin vəkilləri isə çıxış üçün vaxt istəyiblər.
Məhkəmə prosesi oktyabrın 3-nə təyin edilib.
Qeyd edək ki, bankın sabiq rəhbəri Cahangir Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abduallayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.






Fikirlər