SARKİSYANIN İRƏVAN FİASKOSU - Bakıya görə sürprizlər...

SARKİSYANIN İRƏVAN FİASKOSU - Bakıya görə sürprizlər...

Ermənistanın “Rus NATO-su”nun İrəvan toplantısı ilə bağlı gözləntiləri iflas oldu; KTMT baş katibliyi erməniyə niyə etibar edilmir - ilginc səbəblər; erməni nəşri: “Biz qurumda Azərbaycanın yerini tutmuşuq...”

Hurriyyet.org-un da xəbər verdiyi kimi, ötən həftəsonu İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT, ona “Rus NATO-su” da deyilir) üzv ölkələrin başçılarının sammiti keçirildi. Lakin əminliklə söyləmək olar ki, düşmən ölkənin bu sammitə bağladığı ümidlərin heç biri özünü doğrultmadı. 
Belə ki, Ermənistanın bu toplantıdan (şansdan) istifadə edərək, həm öz dəyərini Rusiya və digər üzv ölkələr qarşısında qaldırmaq cəhdi, həm də başqa məkrli niyyətləri boşa çıxdı. Tanınmış erməni portalı Lragir.am-ın yazdığına görə, sammit hətta Azərbaycana “eyham” (reverans) altında keçdi.


***


Ondan başlayaq ki, İrəvana 6 üzv dövlətin başçılarından yalnız Qazaxıstan prezidenti Nursultan Nazarbayev təşrif buyurmamışdı. Bu da rəsmi olaraq onun xəstələnməsi ilə izah edilmişdi. Ancaq maraqlıdır ki, məhz İrəvan toplantısı günü Nazarbayevin sağalıb işə çıxdığı məlum oldu. Yəni belə təəssürat yarandı ki, qazax lideri, sadəcə, İrəvana getməmək üçün bəhanə axtarıb. 
Bəzi informasiyalara görə, gerçəkdən də belədir, çünki Nursultan Abışeviçin erməni prezident Serj Sərkisyana antipatiyası var. Yada salaq ki, Qazaxıstan prezidenti İrəvana onsuz da birbaşa deyil, Bakıdan gəlməyi planlaşdırmışdı. Yəni Ermənistana bəlli münasibətin həm də Azərbaycana və onun rəhbərinə isti münasibətdən qaynaqlandığını söyləmək üçün əsaslar ciddidir. 
Onu da xatırladaq ki, aprel döyüşlərindən sonra İrəvanda nəzərdə tutulan KTMT toplantısı da dost Qazaxıstanın dövlət başçısı tərəfindən boykot edilmişdi (Doğrudur, o zaman Belarus və Rusiya liderləri də Ermənistana getməkdən imtina etmiş, nəticədə toplantı az sonra Moskvada reallaşmışdı). Daha öncələr isə Qazaxıstan prezidenti Ermənistanın Avrasiya Birliyi üzvlüyü üçün Qarabağ şərtini qoymuş, Azərbaycanın mövqeyini müdafiə etmişdi - Azərbaycan prezidenti iclasda olmaya-olmaya. 

SARKİSYANIN İRƏVAN FİASKOSU - Bakıya görə sürprizlər...


Qısası, İrəvan səfərindən imtinanı Qazaxıstanın Ermənistana növbəti sürprizi saymaq olar. Bu türkdilli dövlətin başqa bir sürprizi onun KTMT-nin baş katibi postuna ermənin gətirilməsini əngəlləməsi olub. İş ondadır ki, Nazarbayev İrəvana getməməklə bu məsələyə orijinal şəkildə etiraz bildirib, təyinatın legitim şəkildə həyata keçməsinə mane olub, çünki təsdiqlənmə üçün konsensus lazım idi. Artıq bəllidir ki, bu məsələ ən azı, ilin sonuna - Sankt-Peterburq toplantısınadək ertələnib.

***


Sərkisyana üçüncü sürpriz Rusiya prezidenti Vladimir Putindən gəlib. Putin Ermənistana Gürcüstan üzərindən yox, Azərbaycan səmasından uçaraq gedib. Bununla da bəzi həssas siyasi müşahidəçilərə görə, Kreml başçısı əslində Azərbaycanın Rusiya üçün önəminə vurğu edib, bir növ, İrəvana xəfif Qarabağ mesajı verib. 

SARKİSYANIN İRƏVAN FİASKOSU - Bakıya görə sürprizlər...


Yeri gəlmişkən, Ermənistan rəhbərliyinin Qarabağ mövzusunu sammitin gündəliyinə salıb Azərbaycan əleyhinə hansısa siyasi dividend əldə eləmək, Bakını qınamaq, işğalçı ölkə üçünsə əlavə təhlükəsizlik qarantı qazanmaq cəhdi də fiasko olub. Digər üzv dövlətlər buna imkan verməyib və Qarabağ mövzusu yalnız sammitin yekun bəyannaməsində, ümumi şəkildə əksini tapıb - Azərbaycanın ərazi bütövlüyü vurğulanmaqla. Bu da növbəti sürpriz.
Ən önəmlisi, V.Putinin özü İrəvanda Sərkisyanı məmnun və xoş edəcək hər hansı bəyanat verməyib. Amma Rusiya lideri Ermənistanda nə vaxt səfərdə olmuşdu, belə bəyanatlara xəsislik etməmişdi. Türkiyə ilə münasibətlərin istiləşməsi fonunda və İstanbul səfəri sonrası Ankara və Bakıya ünvanlı maraqlı jestdir deyilmi? 
Əksinə, Putini Ermənistan səfərində müşayiət edən Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanda (!) “Türkiyə Dağlıq Qarabağ konfliktinin həllində pozitiv rol oynaya bilər” söyləməklə, erməni tərəfini bir az da məyus etdi. Rəsmi İrəvanın cavabı da özünü gecikdirmədi: Ermənistan XİN-in mətbuat xidməti belə bir təxribatçı açıqlama yaydı ki, “Türkiyəni bacardıqca danışıqlar prosesindən uzaqda saxlamaq lazımdır”. 
Ancaq artıq, necə deyərlər, gec idi, söz ağızdan çıxmış, “qatar getmiş”, sürprizlər edilmişdi. 

***


Əlavə edək ki, Ermənistan nümayəndəsinin “Putin NATO-su”nun başına gətirilməsi məsələsi bununla ikinci dəfə idi ki, təxirə salınırdı. İlk dəfə bununla bağlı İrəvana ötən ilin sonunda, hələ 4 günlük aprel müharibəsindən öncə “dirsək” göstərilmişdi - Rusiya tərəfinin təkidi ilə məsələ təxirə salınmışdı. İstisna deyil ki, bu dəfə təyinata Qazaxıstan mane olub. Əslində isə blok daxilində ümumi konsensus olmadığını söyləməyə əsas var. 
Hər necə olmasa, üzv dövlətlərdən Qazaxıstan, Belarus, Qırğızıstan Azərbaycana dost münasibətdədir. Rusiya isə ilin-günün bu vədəsində Bakı və Ankaranı qıcıqlandırmaq, “qaşınmayan yeri yara eləmək” istəmir. Məntiqlidir və yekun etibarilə Ermənistana KTMT daxilində münasibəti əyani şəkildə ortaya qoyur. Bu xüsusda erməni şərhçilərinin fikirləri də ibrətamizdir.

SARKİSYANIN İRƏVAN FİASKOSU - Bakıya görə sürprizlər...


“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında əsir kimidir”. Bu sözləri erməni eks-deputat Azat Arşakyan söyləyib. Onun sözlərinə görə, Ermənistan bu təşkilatda öz iradəsindən asılı olmayaraq təmsil olunur. Deputat belə bir ilginc ifadə də işlədib ki, “əsirlik (oxu: onun-bunun vassalı olmaq-red.) vəziyyəti ermənilərə atalarından miras qalıb”.
“Sammitdə KTMT-nin yeni baş katibi təsdiqlənmədi. Halbuki, buna qədər bəyan edilmişdi ki, onu Ermənistan nümayəndəsi əvəzləyəcək. Bundan başqa, soyuqdəymə səbəbi ilə Qazaxıstan prezidenti İrəvana gəlmədi. Sonra xəbər yayıldı ki, Vladimir Putin Ermənistana Azərbaycan səmasından uçmaqla təşrif buyurub. Aydın məsələdir ki, Ermənistana doğru yolda Avrasiya prezidentləri daima Bakı tərəfə boylanıblar ki, Əliyevin xətrinə dəyməsinlər və İrəvan görüşünün əhəmiyyətini azaltsınlar. Faktiki surətdə İrəvan görüşü Azərbaycana ”eyham" altında keçdi və belə demək olar ki, qurumda biz Azərbaycanın yerini tutmuşuq. Hər halda, Azərbaycanın KTMT üzvləri ilə ortaq maraqları var". Bu sitat isə yazının əvvəlində adını çəkdiyimiz erməni saytında getmiş redaksiya məqaləsindəndir. 

Əlavə şərhə yəqin ki, ehtiyac qalmır./musavat.com/ 






Fikirlər