“Məmur tanıyıram ki, balaları bir gecədə 100-200 min xərcləyir” - Hafiz Hacıyev

bitmap-img6

Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin (RYTN) həbsdə olan aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin işi üzrə sabiq nazir Əli Abbasov ibtidai istintaqa ifadə verib

 

Sabiq nazir ifadəsində özünün şəxsi xərclərinə aylıq olaraq 200.000-300.000 manat vəsait xərclədiyini bildirib. Bundan əlavə nazir müavinlərinə əvvəllər 30.000 manat, son iki ildə isə 50.000 manat pul verilib. 
Azərbaycanlı nazirin aylıq xərcləri 200-300 min manatdır. Maraqlı bu deyil. Məsələ burasındadır ki, dünya liderlərinin illik gəlirləri bizim nazirin aylıq xərclərinə bərabərdir. Məsələn, ABŞ-ın keçmiş prezidenti Barak Obamanın illik maaşı 400 min dollardır.
Bəzi dövlət liderlərinin maaşlarına nəzər yetirək:
Stefan Harper (Kanada dövlət başçısı) - illik maaşı 260 min dollar.
Angela Merkel (Almaniya kansleri) - illik maaşı 249,4 min dollar.
Yakob Zuma (CAR prezidenti) - illik maaşı 223,5 min dollar.
Fransua Holland (Fransa prezidenti) - illik maaşı 194,3 min dollar.
Vladimir Putin (Rusiya prezidenti) - illik maaşı 136 min dollar.
Xi Jinping (Çin prezidenti) - illik gəliri 22 min dollar.
Con Kerri (ABŞ dövlət katibi) - illik gəliri 206 min dollar.
Göründüyü ki, Azərbaycan naziri Rusiya, Kanada, Fransa, Almaniya kimi dövlətlərin liderlərindən daha çox qazanıb, daha çox yeyir. Bəs bu qədər pullar hardan qazanılır.
Bu paradoksal vəziyyəti Qaynarinfo.Az-a şərh edən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirdi ki, Azərbaycanda nazirlərin maaşı 1750 manatdır:
"Mən məmur tanıyıram ki, onların balaları bir gecədə 100-200 min pul xərcləyir. Azərbaycanın sərvətlərini talayırlar. Bu məmurların bilmirəm, pul kəsən maşınları var? Onlar özləri və övladları həbs edilməlidir. Əli Abbasovun aylıq xərci 200-300 mindirsə, indi o birilərinin xərcləri gör nə qədərdir? Axşam bahalı otellərə baxın, görün məmurları nə qədər pul xərcləyirlər. Bunu soruşan olacaqmı ki, ay yoldaş nazir, icra hakimiyyətinin başçısı sənin oğlun, qızın bu pulları haradan alıb xərcləyir? Neftdən gələn pulları belə dağıdıb yedilər. Nazirin aylıq maaşı 1750 manatdır. Necə olur ki, bunların 10 dənə dəyəri milyardlıq olan villaları olsun, 40-50 maşını olsun. Məsələn, Yessentukidə bir nazirin milyardlıq sanatoriyası var. Korrupsiyaya qarşı Mübarizə İdarəsi var, niyə gedib həmin nazirlərdən soruşmur ki, pullar haradandır? Amma bir-iki uşaq hazırlayan müəllimdən tez soruşurlar. Mən yenə öz fikrimdə qalıram ki, nazirlərin başından toyuq broylerləri kimi basılmalıdır. Həmin nazirlərin pullarını alıb büdcəyə keçirməlidir ki, iqtisadi böhrandan çıxa bilək. Əli Abbasov hələ yaxşı deyib ki, aylıq xərci 200-300 mindir. Bilmirəm, bunlar millətə nə veriblər ki, ala bilmirlər. Bunlar hamısı prezidentə qarşı yönəldilmiş addımlardır ki, mənim qardaşımı təkləsinlər". 

 






Fikirlər