Sarkisyan Səfər Əbiyevlə telefonda nədən danışıblar?

Sarkisyan Səfər Əbiyevlə telefonda nədən danışıblar?

İndi Ermənistan prezidentinin "qaynar xətt” təklifinin arxasında mənfur niyyətlər durur

Miq.Az xəbər verir ki, Ermənistan prezidenti Serj Sarkisyan "Rossiya Seqodnya” agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsi zamanı maraqlı məqama toxunub. Müsahibə zamanı Bakı ilə Yerevan arasında "qaynar xətt”in yaradılmasından danışan Serj Sarkisyan hətta Azərbaycan dilini bildiyini də xatırladıb.
Ermənistan prezidenti Serj Sarkisyan təmas xəttində hadisələrə operativ reaksiya verilməsi üçün Bakı ilə İrəvan arasında "qaynar xətt”in yaradılması təşəbbüsü ilə çıxış edib. Sarkisyanın sözlərinə görə, ötən əsrin 90-cı illərinin əvvəllərində belə praktika olub:
"O zaman mən müdafiə naziri idim və Azərbaycanın müdafiə naziri ilə təcili əlaqə qurmaq lazım olduqda, telefonla danışırdıq. Amma bu gün belə bir əlaqə yoxdur”. Erməni rəhbərin qeyri-səmimi təklifi Azərbaycan ictimaiyyətində sərt reaksiya doğurub. Məsələyə münasibət bildirənlər Sarkisyanın növbəti dəfə təxribat yaratmaq arzusunda olduğunu deyiblər.
Təkliflə bağlı "Şərq”ə danışan millət vəkili Fəzail İbrahimlinin sözlərinə görə, Sarkisyanın bütün fəaliyyəti, varlığı və düşüncələri öz hakimiyyətini hansısa formada xilas etməyə yönəlib: 
"Onun istənilən təşəbbüsü iki istiqamətdə olur. Ya daxili ictimaiyyətin başını qatmağa çalışır, ya da beynəlxalq aləmi aldatmaq istəyir. İndiki təklif birbaşa dünya ictimaiyyətinə hesablanıb. Sarkisyanın dediklərində heç bir səmimiyyət yoxdur. Olduqca avantürist və hiyləgər hərəkətdir.
Niyə sadəcə atəşkəsin pozulmasından danışırsan?! Əgər elə xoşniyyət adamsansa, götür qoşunlarını, rədd ol torpaqlarımızdan, onda problem birdəfəlik həll olunar. Sən işğalçısan və zəbt etdiyin əraziləri əlində saxlamağa çalışırsan. Əminliklə deyirəm, qan-qada üzərində qurulan, xalqın iradəsinə zidd siyasət yeridən Sarkisyan rejiminin məqsədi cəbhə bölgəsindəki təxribatlara bəraət qazandırmaqdır. 
 Əgər qaynar xətt yaranarsa, düşmən yalandan iddia edəcək ki, "atəşkəs Azərbaycan əsgərləri tərəfindən pozulur, amma guya ermənilər bunu sübut edə bilmir”. 
F.İbrahimli deyib ki, erməni hakimiyyəti Azərbaycan tərəfini şərləmək məqsədi ilə beləabsurd təkliflər irəli sürür: 
"Guya Sarkisyan özündən arxayın olduğu üçün bu cür təşəbbüs göstərir. Yəni iddia etməyə çalışır ki, "baxın, biz bu addımı atmağa hazırıq, amma rəsmi Bakı təklifdən qaçır”. Amma Azərbaycan tərəfi məsələyə qətiyyən müsbət təşəbbüs kimi baxmamalıdır. Sarkisyanın təklifinin arxasında mənfur niyyətlər durur. Fikir verərsiz, biz imtina edəndən sonra erməni tərəfi hay-küy salacaq ki, "görürsüz,  Bakı təklifə yaxın durmadı”.
Hərbi ekspert Üzeyir Cəfərov da bunu boş və mənasız təklif adlandırıb. Ekspert bəyan edib ki, ermənilər əvvəllər də buna bənzər təşəbbüs göstərib: 
"Təklifin məqsədi vaxtı uzatmaqdır. İnanmıram ki, Azərbaycan tərəfi buna razılıq versin. 1990-cı illərdə Sarkisyan müdafiə naziri olanda eks-nazir Səfər Əbiyevlə müəyyən telefon danışıqları aparıb. Çünki o vaxt insanlarda  ATƏT-in Minsk Qrupunun düşməni yola gətirəcəyinə ümid var idi. Amma 20 ildən artıq zaman keçib və ermənilər öz həyasızlıqlarını havadarları vasitəsi ilə davam etdirirlər. Belə olan təqdirdə nəyə görə, Azərbaycan erməni tərəfinin zənginə cavab verməlidir?! Düşmənin utanmadan bizə şərt qoyması çox gülüncdür. Sarkisyan deyir ki, əgər Azərbaycan əsgəri erməniyə atəş açarsa, dərhal Bakıya zəng edəcək və şikayətini bildirəcək. Arsızlığa baxın”.
 
Ü.Cəfərova görə, Minsk Qrupunun boşboğaz həmsədrləri də elə Sarkisyan ağıldadır:"Xatırlayırsızsa, vasitəçilər təklif irəli sürürdülər ki, insidentlərin araşdırılması ilə bağlı komissiya yaradılmalıdır. Sarkisyanın təklifi də buna bənzər şeydir. Düşmənin məqsədi bütün imkanlardan maksimum yararlanmaqdır. Sarkisyanın sayıqlamasına, ağılsız təklifinə reaksiya vermək lazım deyil. Cavabsız qoymaq daha  yaxşıdı”.
 Miq.az oxuculara bir daha xatırlatmaq istəyir ki, Qarabağda hərbi əməliyyatlar zamanı Xocalı soyqırımında iştirak edən Sarkisyan 1989-cu ildən 1993-cü ilə kimi Dağlıq Qarabağdakı separatçı rejimin özünümüdafiə qüvvələri komitəsinə rəhbərlik edib. 1993-1995-ci illərdə Ermənistanın müdafiə naziri olub. 1995-1996-cı illərdə əvvəlcə dövlət təhlükəsizliyi departamentinin başçısı, daha sonra milli təhlükəsizlik naziri vəzifəsində çalışıb.
Növbəti 3 ildə isə Ermənistanın daxili işlər və milli təhlükəsizlik naziri olub.
2000-2007-ci illər arasında yenidən müdafiə naziri işləyib. 4 aprel 2007-ci ildən 19 fevral 2008-ci ilə qədər baş nazir, 19 fevral 2008-ci ildən isə Ermənistan Respublikasının prezidentidir.
 Miq.az olaraq ona da ümidvarıq ki, inşallah Sarkisyanın azərbaycanlılara qarşı törətdiyi əməllərə görə, ömürlük azadlıqdan məhrum olunmasının şahidi olacağıq...və ona da ümidliyik ki,  Sarkisyan və Köçəryan kimi Azərbaycan xalqının düşmənləri ŞUŞA türməsində ömürlərini başa vuracaqlar! Məhz ŞUŞA türməsində...






Fikirlər