"Bu cür insanları itirməklə mən vəzifəmi, Azərbaycan xalqı isə QARABAGI itirdi..."

Картинки по запросу ayaz mütəllibov

”Buna görə vertolyotun “qara qutusu” Moskvaya aparıldı...”
Eks-prezident 20 noyabr vertolyot faciəsi barədə ilginc açıqlamalar verdi...
Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovla bu dəfəki müsahibəmizdə 20 Noyabr vertolyot faciəsi və ölkəmizin mövcud durumu mövzusunda danışdıq. Təqdim etdiyimiz hissədə 1991-ci   noyabrın 20-də  Qarakənd səmasında Azərbaycanın say-seçmə dövlət xadimləri və ziyalılarının həlak olmasıyla nəticələnmiş terror aktı ərəfəsində və sonra regionda baş verən hadisə və proseslər, Ağdama yollanacaq dövlət komissiyası üzvləri siyahısının müəyyən edilməsində keçmiş SSRİ DTK-nın rolu, vertolyotun “qara qutu”sunun Moskvaya göndərilməsinin səbəbləri və s. barədə  bəhs edilir. Eks-prezidentə bu günədək verilməmiş bir sıra suallar ünvanladıq...
 
 
- Ayaz müəllim, bütövlükdə Azərbaycan xalqı ilə yanaşı, o zamankı mürəkkəb dövrdə respublika rəhbəri kimi sizə də böyük zərbə vurmuş 20 Noyabr vertolyot faciəsindən  iki gün öncə -1991-ci il noyabrın 18-də siz Kiyevdə bir ittifaq tədbirində iştirak etmişdiniz. Səhv etmiriksə, həmin görüş SSRİ-nin rekonstruksiya olunaraq Suveren Respublikalar İttifaqına çevrilməsi ilə bağlı idi.  Orada Ermənistan nümayəndələri ilə hər hansı bir ziddiyyət yaranmamışdı ki?
- Bəli. O dövrdə biz hələ SSRI-nin tərkibində olduğumuza gərə bu tədbirlərdə iştirak etməli idik. Çünki söhbət SSRI respublikalarının suverenliyinin bərpasından və Yeni Ittifaq sazişi layihələrinin müzakirəsindən gedirdi. Burada biz Qarabağımızı müdafiə edirdik. Amma erməni nümayəndələrlə elə bir dialoqumuz olmadı. 
 
“Belə bir məqamda Azərbaycandan SSRİ ordusunun çıxarılması siyasi səhv idi...” 
 
- Demək olar ki, Azərbaycanın taleyini dəyişən bu faciədən az əvvəl SSRİ DİN qoşunlarının Dağlıq Qarabağ və ətraf rayonlardan çıxarılması barədə qərar hansı şəraitdə qəbul olundu?
- Bu məsələ 18 oktyabrdan sonra Ali Sovetdə müzakirəyə müxalifət tərəfindən qoyulmuşdu.. Onsuz da Müstəqillik aktının qəbulundan sonra Azərbaycan ərazisində heç bir özgə ölkənin hərbi qruplaşmaları qalmamalı idi. Bununla belə, sovet qoşunlarının tezliklə Qarabağdan çıxarılması, ermənilər üçün daha sərfəli idi. Çünki onların  xeyli dərəcədə nizamlı hərbiləş dəstələri var  idi, Azərbaycanın isə həmin vaxt nizami ordusu yox idi. Belə bir məqamda ölkədən keçmiş SSRİ ordusunun çıxarılması siyasi səhv idi. Çünki  o ərəfədə Moskvadakı faktiki Mərkəzi hökumət Qarabağda fövqalədə vəziyyət elan etmişdi və sabitliyi  mümkün qədər qoruyub saxlayırdı. 
Qorbaçovun köməkçisi faciə ərəfəsində Azərbaycan rəhbərliyindən kiminləsə danışıbmı?
 
- Belə bir məlumat var ki, siz hələ Kiyevdə olanda, noyabrın 18-də  keçmiş SSRİ prezidenti M.Qorbaçovun köməkçisi Qarabağla bağlı yaradılmış Təhlükəsizlik Şurasının növbəti iclasının erməni və rus nümayəndələrinin də iştirakıyla Xankəndində keçirilməsi xahişi ilə respublika rəhbərliyi ilə danışıb. Həmin danışıq kiminlə olmuşdu və bu barədə sizə məlumat vermişdilərmi? 
- Belə bir şey olmayıb, ağ yalandır...
 
- Məlumata görə, noyabrın 20-də Ağdamda müşavirəyə gedəcək komandaya Azərbaycan KPMK-nın keçmiş II katibi Viktor Polyaniçko başçılıq edəcəkmiş. Lakin Kreml rəhbərliyinin SSRİ DTK-nin Dağlıq Qarabağdakı şöbəsinin rəhbəri general G.Septa vasitəsilə xahişindən sonra siyahıya Tofiq İsmayılov və İsmət Qayıbovun adı da əlavə edilib. Tofiq İsmayılovun rəhbərliyi ilə müzakirə edilən və 19 noyabr saat 19.05-də təsdiqlənən ikinci siyahıda Polyaniçkonun adı da qalır. Amma deputatlar Vəli Məmmədov və Vaqif Cəfərovun adı çıxarılır, onların yerinə güc strukturlarının nümayəndələri salınır. Sonradan necə olursa, sizin həmin gecə 23.05-də təsdiqlədiyiniz siyahıda Polyaniçkonun adı olmur. Eləcə də güc strukturları nümayəndələrinin yerinə yenidən V.Məmmədov və V.Cəfərov salınır. Siyahının tərtib edilməsi prosesi sizin necə yadınızda qalıb? 
- Bu düzgün məlumat deyil. 18 noyabrda mən Kiyevdən qayıdanda, ayroportda məni qarşılayan, özümdən çox inandığım, akademik Tofiq İsmayılov mənə dedi ki, o, Ağdamda sərhədyanı rayonların rəhbərləri ilə Təhlükəsizlik Şurasının iclasını çağırıb.  O, ertəsi gün, yəni noyabrın 19-da oraya gedəcəyini bildirdi. Və əlavə etdi ki, gedib Dağlıq Qarabağın bəzi kəndlərinin gerçək vəziyyətini  öyrənmək istəyirəm. Mən  bir az da qəzəblə Tofiq müəllimə dedim ki, sən yalnız Ağdamda müşavirəni keçirib tez qayıdarsan. İki gündən sonra vacib iclas çağırmışam, sən orada iştirak etməlisən. Açıq şəkildə ona özünü təhlükəyə atması barədə xəbərdarlıq etdim. Bundan sonra biz xidməti avtomobillərimizə  yanaşdıq. Bərk narahat olduğumu görən Tofiq, əlini çiynimə qoyub dedi: “Ayaz müəllim, narahat olma!..”  Amma mən bir daha  təkrar etdim ki, o, Qarabağın dağlıq hissəsinə getməsin, bu cur  səfərlərə ciddi hazırlaşmaq lazımdır. Onu da deyim ki,  Ağdama gedənlərin siyahısını elə Tofiq İsmayılov Dövlət katibi kimi özü müəyyən etmişdi... 
- Faciədən sonra vertolyotun “qara qutusu” məsələsi ilə Bakıdan bilavasitə kim məşğul olurdu? 
- Bununla Moskvadan gələn komissiya məşğul olurdu, çünki ölənlərin arasında Rusiya və Qazaxıstanın yüksək rütbəli zabitləri də vardı. Vertolyot da onların idi... 
- Cümşüd Nuriyev deyir ki, guya “qara qutu”nun əvvəlcə Kanadaya -Monreala göndərilməsi planlaşdırılıbmış, sonradan nədənsə Moskvaya göndərilib. Belə bir məsələ olubmu? 
- “Qara qutu” məsələsinə Moskvadan gələnlər baxırdı. Mənim bu prosesdə heç bir iştirakım olmayıb. 
“Elə bilməyin ki, “müstəqilk” deyən kimi müstəqil olduq...”
- Müsahibəni oxuyan oxucuda belə bir təbii sual yarana bilər ki, məgər Ayaz Mütəllibovun artıq suverenlik əldə etmiş dövlətin başçısı kimi ən nüfuzlu komanda üzvlərinin həlak olduğu  terror aktının obyektiv araşdırılması üçün “qara qutu” məsələsi ilə də birbaşa və ciddi maraqlanmaq imkanı yox idi?
- Oxucu da, vətəndaş da o dövrün gerçəkliklərinə obyektiv yanaşmağa çalışmalıdır. Bilirsiz,  18 oktyabrda biz müstəqillik aktına qol çəksək də, hələ müstəqil deyildik. Azərbaycanda SSRİ qanunları və strukturları işləyirdi. Elə bilməyin ki, “müstəqilik” deyən  kimi müstəqil olduq. Moskva bizi tanımamışdı. 18 oktyabrdan sonra Azərbaycanın müstəqilliyini istəməyən qüvvələr vardı və   20 noyabrda vertolyotun kimlər tərəfindən vurulmasının bir versiyası kimi biz bunu da nəzərdən qaçırmamalıyıq. 
“Moskvaya minlərlə teleqramlar vururdular ki, Azərbaycan Prezidenti millətçidir...”
18 oktyabrdan sonra rusiyapərəstlər və digərləri Moskvaya minlərlə teleqram vururdular ki, Azərbaycan Prezidenti millətçidir, Azərbaycandakı rusları və başqa millətləri gözüm-çıxdıya salıb və s. Məqsəd Yeltsini Azərbaycana düşmən etmək idi. Buna da nail olmuşdular.  Və yenə də təkrar edirəm, vertolyotun  gerçək sahibi biz deyildik. Vertolyot Rusiyaya məxsus idi, bir də orada Rusiya və Qazaxıstanın yüksək səlahiyyətli generalları həlak olmuşdular. Ona görə "qara qutu" Moskvaya aparıldı...
“MDB-yə girməklə bağlı Yeltsinlə ciddi mübahisəm oldu...”
Yadınızdan çıxmasın ki, 1991-ci il dekabrın sonunadək Azərbaycan SSRİ-nin tərkibində idi. Odur ki, 20 Noyabr faciəsindən sonra hələ çox çətinliklər, sınaqlar yaşadıq. SSRİ dağılandan sonra Azərbaycan öz müstəqil hüquqlarını tələb etdi. MDB-nin yaranma səbəbləri də keçmiş sovet respublikalarının suverenliyinin BMT tərəfindən tanınması ilə bağlı idi. Çünki Qərb Moskva qarşısında belə tələb qoymuşdu. Əgər biz MDB-yə  girməsəydik, bizi BMT tanımayacaqdı.  Təsəvvür edin ki, MDB-nin Alma-Atıda keçirilən təsis iclasına Azərbaycan çağırılmamışdı. Bunu eşidən kimi, Ukraynanın Prezidenti Kravçuka zəng vurdum və ondan xahiş etdim ki, mənim Alma-Atıya gelməyimə dəstək versin. Belə olmasaydı, Azərbaycanı parçalanma təhlükəsi gözləyirdi. Ukrayna Prezidenti Kravçuk Azərbaycan rəhbərinin Alma-Atıya gəlməsini vacib hesab etdi və mən Alma-Atıya uçdum. Orada məlum oldu ki, Azərbaycanın adı BMT üçün hazırlanmış siyahıda yoxdur. Yeltsinlə ciddi mübahisəm oldu və nəticədə o, göstəriş verdi ki, Azərbaycanı da bu siyahıya əlavə etsinlər. Bundan sonra MDB sazişinə qol atdım. O dövrün müxalifətçiləri və onların qəzetləri Azərbaycanın suveren hüquqlarını bərpa etmək istəyən Prezidenti Alma-Atıya getdiyinə görə günahlandırırdılar. Maraqlısı bu idi ki, onların fikirləri ermənilərin fikirləri ilə üst-üstə düşürdü, çünki iclasda Azərbaycan tanınmasaydı, indi biz müstəqil dövlət deyildik. Belə olan halda Azərbaycanın parçalanmaq təhlükəsi də artırdı. Bir faktı göstərmək istəyirəm. MDB-yə daxil olmaq istəməyən Gürcüstanı BMT tanımadı və bu ölkə vətəndaş müharibəsinə məruz qaldı. Nəticədə Abxaziya və Cənubi Osetiya Gürcüstandan ayrıldı....
- Ayaz müəllim, yadımdadır ki, faciədən sonra iki variantda şayiələr yayılırdı. Bir variant beləydi ki, guya AXC liderləri faciə axşamı “Bakı” mehmanxanasında şadyanalıq ediblər. Digər variantda isə nə qədər qəribə olsa da, sizin və yaxınlarınızın guya şadlıq məclisi keçirməniz söylənilirdi. Bu barədə son məlumatlardan birini də 2011-ci ilin sentyabrında “Xural” qəzeti yaymışdı: “Noyabrın 20-də Ayaz Mütəllibov İqtisad Unversitetinin keçmiş rektorunun bağında eyş-işrət içində olub...”
 
- Sifarişlə yazılan məqalədir. O dövrdə bütün Azərbaycan xalqı kimi mən də matəm içində idim... 
“Hacı Əbdül  haqq-ədalət tərəfdarıdır. Əgər o deyirsə, deməli, əlində faktlar  var...”
 
- Yəqin ki, Hacı Əbdülün 20 Noyabr faciəsi haqda son açıqlamasından xəbəriniz var? O deyib:“Vaqif Hüseynov, “Qatır Məmməd”, Şahvələddi, nəhayət, mən; ayrıca təkadamlıq kameralarda qalırdıq. Kameramın nömrəsi, tərsliyə bir bax 13-dü. Bir gün “Qatır Məmməd”ə (Ağdam özünümüdafiə batalyonlarından birinin komandiri Yaqub Rzayev-S.L.) dedilər bəs guya qazamatda yoluxucu xəstəlik var. Sənə peyvənd vurmalıyıq. Vurdular. 20 dəqiqədən sonra o, öldü. Gəlib apardılar. -Niyə öldürdülər onu? -Deyirdi bəs vertolyot qəzasından əvvəl Tamerlan Qarayev ratsiyada axtarıb onu. Deyib o səmalardan bir erməni vertolyotu uçacaq indi. Vurarsız. Düşdümü, buna da sakitləşməyin. Gedin, cəsədləri gülləylə darayın...” Buna münasibətiniz? 
- Hacı Əbdül çox ciddi adamdır. Haqq-ədalət tərəfdarıdır. Əgər o, deyirsə, deməli, əlində faktlar var. Hacı heç vaxt boş-boşuna danışmaz... 
- AXC hakimiyyəti dövründə 20 Noyabr faciəsində həlak olmuş jurnalist Alı Mustafayevə, Fəxrəddin Şahbazova və işıqçı Fəxrəddin Hüseynzadəyə Milli Qəhrəman adı verildi. Ancaq Tofiq İsmayılov, Məhəmməd Əsədov, Osman Mirzəyev və s. kimi dövlət xadimlərinə heç şəhid statusu da verilmədi. Bu nə ilə bağlı idi, sizcə? 
- Bu elə onu göstərir ki, AXC iqtidarı Azərbaycanın ən sanballı övladlarına qarşı qərəzli ayrı-seçkilik edib. 
- 1991-ci il noyabrın 20-də - Müstəqillik haqqında Konstitusiya Aktının qəbul edilməsindən cəmi 1 ay 2 gün sonra – Qarabağ səmasında komandanızın xalq tərəfindən sevilən və nüfuzlu əsas simalarının da olduğu vertolyotun vurulmasını Azərbaycanın müstəqilliyə doğru həlledici addımına qarşı bir qisas aktı kimi dəyərləndirmək olarmı? 
- Əlbəttə ki, bu cür insanları itirməklə mən vəzifəmi, Azərbaycan xalqı isə Qarabağı itirdi... 
“Faciədən sonra Ali Soveti topladım...”
 
- 20 Noyabr faciəsindən sonra ölkə başçısı  kimi gördüyünüz  ilk tədbirlər hansılar oldu? 
- Ali Soveti çağırdım. Düzdür, deputatlar müharibə istəyirdilər. Yadımdadır, qeyd etdim ki, hələlik 
müharibəyə getmək olmaz. Çünki biz Qarabağ ermənilərini öz vətəndaşımız sayırdıq, odur ki, onların konstitusion hüquqlarını təmin etməli idik. Hazırda Bakıda yaşayan 30 minə yaxın erməninin hüququnu təmin etdiyimiz kimi. Ən əsası odur ki, Ali Sovetin iclasında Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğvi məsələsuini qoyduq və muxtariyyəti ləğv etdik... 
 
- Ayaz müəllim, faciədə həlak olmuş şəxslərin əzizləri və qohumları da neçə illərdir onlara hər hansı bir status verilməməsindən narazıdırlar. Həmin dövlət xadimlərinə rəhbərlik etmiş eks-prezident kimi onlara ad verilməsi məsələsini yenidən rəsmi dairələr qarşısında qaldıra bilərsinizmi? 
- Bunu hakimiyyət özü etməlidir. Çünki bu həm də ümummilli barışığa doğru atılmış addım olardı...
Müsahibənin ardını tezliklə dəyərli oxuculara təqdim edəcəyik...
 
Sultan Laçın

 

 






Fikirlər