Ayaz Mütəllibov: “Bəzi mütrüblər məni xalqın gözündən salmaq üçün belə söhbətləri ortaya atmışdılar”
“Vaxtilə regionçuluğa bağlı olan bəzi mütrüblər məni xalqın gözündən salmaq üçün belə söhbətləri ortaya atmışdılar ki, guya mən ancaq öz yerlilərimi vəzifələrə çəkirəm və sairə. Onlar iddia edirdilər ki, guya mən Qərbi Azərbaycandan olan soydaşlarımıza ögəy münasibət bəsləyirəm. Bütün bunların hamısı yalan və cəfəngiyyat idi”. Bu fikirləri Ölkə.Az-a müsahibəsində Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov bildirib. A.Mütəllibov hər zaman regionçuluğun əleyhinə çıxış etdiyini və hazırda da eyni mövqedə qaldığını söyləyib: “Azərbaycana bundan böyük zərbə yoxdur. Regionçuluq söhbəti atom bombası kimi bir şeydir. Atırsan partlayır, silinməz izlər yaradır. Elə adamlar var ki, onlar başqa regionlara yad münasibət bəsləyir. Sanki həmin regionlar ikinci dərəcəli yerlərdir və sairə. Bütün bunlar çox pis hərəkətlərdir. İndiyədək kiməsə hansı regiondan olduğunu söyləməmişəm, bu barədə maraqlanmamışam. Heç özümə rəva da bilmərəm ki, kimdənsə “sən haralısan?” sualı verim. Axı nə dəxli var ki, kim haralıdır? Hamımız Azərbaycandanıq, azərbaycanlıyıq. Mən prezident olanda da hər zaman bunlara diqqət etmişəm”. Sabiq Prezident vəzifədə olduğu dövrlərdə hər zaman indiki Ermənistandan qovulmuş soydaşlarımızın problemlərinin həllinə çalışdığını vurğulayıb: “Qərbi Azərbaycandan olan ağsaqqal insanlarla görüşəndə onlar məni görüb çox sevinirdilər, gəl görəsən. Mən də onlara zarafatla deyirdim ki, xəbəriniz var, bizi sizinlə qarşı-qarşıya qoymağa çalışırlar. Misal üçün, mən Baş nazir olanda indiki Ermənistandan qovulan soydaşlarımızın taleyi və problemləri ilə bilavasitə məşğul olurdum. Hətta, həmin soydaşlarımızı bir rayona toplamaq üçün yeni rayon – Xızını yaratdım. Bunun da səbəbi var idi. Çünki Ermənistandan qovulan soydaşlarımızı düzəmliklərə, Qazaxıstana və digər uzaq ərazilərə göndərirdilər. Mən isə Xızının dağlıq, zəngin təbiətə malik olan ərazi və Bakıya yaxın rayon olduğu üçün, Ermənistandan qovulan soydaşlarımın məhz bu rayonda məskunlaşdırılmasını istədim. Çünki həmin insanlar Qərbi Azərbaycanda dağlıq, gözəl təbiətə malik yerlərdə yaşayırdılar. Ona görə də bu insanlara lazımı şərait yaradılması üçün əlimdən gələni edirdim. Xızıya isə təcrübəli katib olmuş Maksim Musayevi başçı təyin etdim. Həmin vaxta qədər Maksim Musayev Qaxda çalışırdı. Maksim Musayev gəlib Xızıda da xeyli işlər gördü. Xızıda Ermənistandan gələn azərbaycanlılar üçün ilk qəsəbəni də biz açdıq. Hətta, özüm də onların xeyr-şər məclislərində iştirak edirdim. Ona görə də bu cür yalan danışan adamlar gərək elə sözlər danışsın ki, o azda olsa inandırıcı olsun”. A.Mütəllibov Yeni Azərbaycan Partiyasının “91-lər”indən olan Maksim Musayevin vaxtilə onunla çalışdığını söyləyib: “Mən Maksim Musayevi işgüzar insan kimi tanımışam, yaxşı təsərrüfatçılıq bacarığı var idi. Hətta, ötən sərin 80-ci illərinin sonlarında Maksim Musayevə dedim ki, Qaxda bir bulaq var, get onun suyunun keyfiyyətini yoxlatdır. Sonra orada bir fabrik açarsan. O da bunu etmişdi. Sonradan bir dəfə mənə Qax mineral suyunu göstərdilər, dedilər ki, bu həmin fabrikdə istehsal olunur”.