Sərkisyan və komandasının başı yeni dərddə...; 4 günlük savaşdan sonra düşmən ölkənin iqtisadi göstəriciləri daha sürətlə pisləşir; çözülməyən Qarabağ məsələsi səbəblərin ən önəmlisi kimi; erməni baş nazirindən acı etiraf, amerikalı diplomatdan isə xəbərdarlıq gəldi...
Ermənistanın sovetdən qalma rüşeym iqtisadiyyatı qürub dövrünü yaşayır. Bunu təkcə biz demirik. İşğalçı ölkənin yerli praqmatik iqtisadçıları və əcnəbi təhlilçilər də bu iddianı təsdiqləyirlər. Son olaraq, mövcud acınacaqlı durumu keçmiş prezident, ana müxalifətin lideri Levon Ter-Petrosyan cəmiyyətə açıq bəyan etdi. O, kifayət qədər düzgün çıxış yolu da göstərdi: Qarabağ probleminin həlli - həm də mərhələli həlli. Ter-Petrosyana görə, bunun ardınca türk-erməni sərhədinin açılması an məsələsi olacaq.
Ermənistanda eks-prezidentin bu mövqeyini bölüşənlər az deyil. Hətta daha çoxdur. Çünki reallığı hamı bilir. Yalnız onu dilə gətirməyə heç də hər kəs cürət eləmir. Hakim Sərkisyan rejiminə isə heç sərf eləmir. Təsadüfi deyil ki, bu kriminal rejimə yaxın deputatlardan biri Ter-Petrosyanın söylədikləri ilə razılaşmayaraq, belə bir absurd ifadə işlədib ki, Qarabağ məsələsinin ölkənin inkişafına əngəl olması fikri doğru deyil, çünki ölkədə təkcə korrupsiyanın kökünü kəsməklə əhalinin güzəranını yaxşılaşdırmaq olar.
*****
Əlbəttə ki, nağıl və blefdir. Əmək qabiliyyətli, yəni gənc və orta yaşlı insanlar Ermənistani təkcə korrupsiya və məmur aparatının özbaşınalığına görə tərk edib Rusiyaya, Türkiyəyə, Avropa ölkələrinə getmirlər. İnsan resursu yalnız bu səbəbdən azalmır. Ermənilər həm də işsizlikdən və kasıbçılıqdan, sabaha inamsızlıqdan, ən önəmlisi, Azərbaycanla bitməyən müharibəyə görə emiqrasiya edirlər. Özü də rəsmi statistikaya əsasən, onların çoxu geri qayıtmır.
O üzdən ölkə əhalisi ildən-ilə daha sürətlə azalır. Apreldəki 4 günlük müharibədən sonra insanların xarici ölkələrə axını isə bir qədər də vüsət alıb. Məntiqlidir, ağlı başında olan erməni Sərkisyan rejiminin hakimiyyət maraqları yolunda daha qurban getmək istəmir. Yəni, emiqrasiyanın bir mühüm səbəbi də kriminal Sərkisyan hakimiyyətidir.
Noyabrda ermənilərin Bakıya gəlişi və az sonra Sülh Platformasının imzalanması Sərkisyan rejiminə nifrətin başqa bir sübutu sayıla bilər. Platformaya son olaraq qoşulan ABŞ-da yaşayan Anait Nersesyan beləcə də deyib: “Biz Qarabağa görə Ermənistanı da itirə bilərik”.
Beləliklə, ölkəsini və xalqını uçuruma aparan, 20 ildə verdiyi Qarabağ vədləri doğrulmayan iqtidardakı “Qarabağ klanı”ndan narazılıq açıq, nümayişkaranə şəkildə özünü göstərməkdədir. Önümüzdəki aylarda bu tendensiyanın güclənəcəyi və aprel ayındakı parlament seçkilərinin nəticələrinə təsir edəcəyi qənaətindəyik - təbii ki, əgər hakim qüvvə seçkiləri saxtalaşdırmasa.
*****
Məsələ ondadır ki, Sərkisyan və onun hakimiyyətdəki bandası beynəlxalq erməni lobbisinin də siyasi və maliyyə dəstəyini böyük ölçüdə itirib. Erməni lobbisi korrupsiya səbəbiylə ölkəyə maliyyə inyeksiyalarını xeyli azaldıb, çünki hakim rejimə inanmır və ayrılan vəsaitin onun komandası tərəfindən mənimsəniləcəyinə əmindir.
İşğalçı ölkədə sosial-iqtisadi durumu dərinləşdirən başqa mühüm səbəb - qiymətli təbii və mineralı qaynaqları olmayan Ermənistanın hazırkı durumda qonşu ölkələr üçün ciddi iqtisadi-ticari, tranzit dəyər kəsb etməməsidir. Bura müharibə və korrupsiya amilinə görə xarici investorların ölkəyə maraq göstərməməsini də əlavə etmək olar.
Hətta analitiklərə görə, İran prezidenti Həsən Ruhaninin son İrəvan səfəri və orada imzalanan sənədlər də mövcud reallığı dəyişmək gücündə deyil. O səbəbə ki, nə İranın, nə də Ermənistanın haqqında bəh-bəhlə danışılan ortaq böyük layihələri maliyyələşdirmək imkanı yoxdur. Yəni, ortada, sadəcə, xoş məram və arzular var.
Düşmən ölkə iqtisadiyyatını çıxılmazda saxlayan digər mühüm faktor, şübhəsiz ki, onun Rusiyanın tam hərbi-siyasi və iqtisadi asılılığında olmasıdır. Ayrı sözlə desək, Ermənistan rəhbərliyi istəsə belə, onun iqtisadi azadlığı yoxdur, hansı ölkə ilə, kiminlə gəldi müştərək layihələrə girişə bilməz. Mütləq Kremlin maraqlarını nəzərə almalı, onun maraqları çərçivəsində hərəkət etməlidir.
Rusiyanın işğalçı ölkə üçün yaratdığı iqtisadi, hərbi buxovlar isə az deyil - faktiki işləməyən Avrasiya İqtisadi Birliyi, Gömrük İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı. Ümumiyyətlə, inkişaf eləməmiş Ermənistan Rusiyaya sərfdir.
*****
Sadalananların fonunda Ermənistanın baş naziri Karen Karapetyanın ötən həftəsonu bu xüsusda etdiyi acı etiraflar əslində təəccüblü deyil. Onun sözlərinə görə, Ermənistan iqtisadiyyatında vəziyyət yaxşılaşmır: “Ermənistan Milli Statistika xidməti rəqəmlər açıqlayıb. İqtisadi göstəricilər oktyabrla müqayisədə noyabrda 5% azalıb. İqtisadi aktivlik iyul ayından etibarən aşağı düşməkdədir, hərgah, ilin əvvəlində yüksək inkişaf tempindin danışırdılar. İlin birinci rübündə iqtisadi fəallıq 8,7% olub, ancaq elə birinci yarım ildəcə 4,4%-ə düşüb. İl faktiki, sıfır artımla başa çatır”.
Diqqət edildi, yəqin ki, apreldəki 4 günlük müharibədən dərhal sonra - 2-ci rübdə Ermənistanda iqtisadi fəallıq iki dəfə aşağı düşüb. Bu da həll olunmamış Dağlıq Qarabağ məsələsi və müharibə amilinin işğalçı ölkə iqtisadiyyatına neqativ təsirinə dair növbəti dəlil.
Ermənistanın maliyyə naziri Vardan Aramyan isə ölkənin xarici borcunun 6 milyard dollara yaxın, daxili borcunun istiqrazlar üzrə 1 milyard dollar təşkil etdiyini bildirib (üst-üstə 7 milyarda yaxın). “Mərkəzi Bankın borcu təxminən 511 milyon dollardır. Yerdə qalanlar isə xarici borcdur. Mərkəzi Bankın borcunu çıxmaq şərti ilə hökumətin borcu ölkənin ümumi daxili məhsulunun 50%-ni təşkil edir. Ümumi borc isə ümumi daxili məhsulun təxminən 55%-i (!!-red.) həcmindədir”, - deyə nazir qeyd edib.
Bu, illik büdcəsi cəmi 2.6 milyard dollar olan (2017) Ermənistan üçün olduqca böyük rəqəmlər hesab edilir.
Öz növbəsində Ter-Petrosynın başçılıq elədiyi müxalif Ermənistan Milli Konqresinin katibi Aram Manukyan Sərkisyan klanını nəzərdə tutaraq deyib: “Müharibə və korrupsiya bir-biri ilə əlaqəlidir. Təsadüfi deyil ki, korrupsiyalaşmış ölkələrin birinci onluğuna müharibə aparan ölkələr daxildir.
Çünki generallar müharibədən öz məqsədləri üçün istifadə edirlər. O ki qaldı guya Qarabağ məsələsinin iqtisadiyyatımıza təsir etməməsi iddiasına, müharibə iqtisadiyyatı ehtiva edir. Müxtəlif iqtisadçıların hesablamasına görə, blokada vəziyyəti ucbatından biz idxal etdiyimiz malları 30% daha baha alırıq, çünki dəmiryolumuz yoxdur. İqtisadi inkişaf tempinə görə isə başqa ölkələrdən 15-20 dəfə geri qalırıq. Kimsə bu haqda danışmalıdır, ya yox? Dünən (dekabrın 24-ü -red.) parlament 3 kredit müqaviləsini bəyənib və Ermənistanın xarici borcu 6 milyard dollara çatıb. Bu - ÜDM-in 60%-dir”.
*****
Bu arada ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz yerli nəşrə müsahibəsində işğalçı ölkəyə, faktiki, xəbərdarlıq xarakterli açıqlama verib. Diplomat bildirib ki, heç olmasa, ticari əlaqələr üçün Ermənistan-Türkiyə sərhədləri açılmayınca Ermənistanın öz potensialını bütünlüklə açması mümkün olmayacaq.
Ancaq amerikalı səfir də gözəl bilir ki, türk-erməni sərhədi yalnız bir halda açıla bilər: Dağlıq Qarabağ məsələsində Azərbaycanı qane edən real irəliləyiş olduqda. Qarabağ probleminin öz problemi sayan rəsmi Ankara bununla bağlı dəfələrlə açıq və birmənalı mövqe bildirib.
Demək, amerikalı səfir erməni tərəfinə anladıb ki, inkişaf eləmək, sərhədləri və kommunikasiyaları açıq görmək istəyirsizsə, izolyasiyadan çıxmağı arzu edirsizsə, o zaman Dağlıq Qarabağ konflikti ilə bağlı pozitiv mövqe tutun, öncə Azərbaycanla anlaşın. Qısası, atı arabanın arxasından açıb qabağa bağlayın.