Lukaşenkodan İlham Əliyevə mühüm jest; Düşmən ölkənin başçısı Rusiyadan pərt döndü; “Rus NATO”su yenə erməniyə etibar edilmədi; bu dəfə Belarus işğalçı ölkənin planını pozdu; Minsk Lapşini də Bakıya təhvil verərsə...
Xəbər verildiyi kimi, dekabrın 26-da Sankt-Peterburqda Avrasiya Birliyinin sammiti və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT - ona “Rus NATO”su da deyilir) sessiyası keçirilib. Sessiyada KTMT-nin 6 üzv dövlətindən yalnız Belarusun prezidenti Aleksandr Lukaşenko naməlum səbəbdən iştirak etməyib.
Həmin gün KTMT Şurasının iclasında yeni baş katib seçilməli idi. Lakin iclasda Belarus nümayəndə heyətinin iştirak etməməsi səbəbindən bu, baş tutmayıb. KTMT baş katibi Nikolay Bordyuja jurnalistlərə bildirib ki, şuranın sessiyasının iclasında Belarus nümayəndə heyətinin olmaması üzündən yeni baş katib təyinatı məsələsinin təxirə salınmasına qərar verilib. Onun sözlərinə görə, Rusiya, Ermənistan, Qırğızıstan, Qazaxıstan və Tacikistan liderləri bu məsələni 2017-ci ilin aprel ayına qədər ertələmək haqda razılığa gəliblər.
***
Beləcə, bu dəfə Belarusun sayəsində ermənilərin arzusu gerçəkləşməyib. Bu nəticə əslində gözlənilən idi. Ötən sayımızda yazdığımız kimi, çünki söhbət, sadəcə olaraq, baş katibin rotasiya qaydasında dəyişdirilməsindən getmir. Onu Azərbaycanla müharibə vəziyyətində, Türkiyə ilə isə gərgin vəziyyətdə olan Ermənistanın nümayəndəsinin tuta biləcəyindən gedir. Bu isə Bakı-Moskva, Moskva-Ankara münasibətlərinin hazırkı dövründə kifayət qədər həssas, ikitərəfli əlaqələr üçün əlavə psixoloji diskomfort yaradacaq məqamdır.
Bir daha yada salaq ki, Bordyujanın sələfi hələ ötən ilin dekabrında dəqiqləşməli, yerinə erməni general gəlməli idi. Ancaq o vaxt məsələ gündəlikdən çıxarıldı. Daha sonra aprel döyüşləri səbəbindən İrəvanda planlaşdırılan toplantı da bir müddət gecikdi. Çünki konkret olaraq, Qazaxıstan və onun prezidenti Nursultan Nazarbayevin bunda maraqlı olmadığı üzə çıxdı. Doğrudur, o zaman Belarus və Rusiya prezidentləri də Ermənistana getməkdən imtina etdilər. Nəticədə toplantı az sonra Moskvada reallaşdı. Lakin baş katib N.Bordyuja yenə yerində qaldı.
Nəhayət, bu ilin oktyabrında KTMT dövlət başçıları İrəvanda bir araya gəldilər. Amma yenə Nazarbayevsiz. Qazax lideri bu dəfə xəstəlik səbəbi ilə işğalçı ölkənin paytaxtına getmədi. Nəticədə ermənilərin arzusu yenə gözündə qaldı. Yerli analitiklər isə İrəvan sammitini Serj Sərkisyan üçün fiasko kimi qiymətləndirdilər.
***
Peterburq sammiti KTMT daxilində bu məsələ ilə bağlı konsensusun olmadığını bir daha üzə çıxardı. Əlbəttə ki, Azərbaycan amili yenə öz sözünü dedi. Nəticə etibarilə işğalçı ölkənin prezidenti Serj Sərkisyanın üçüncü cəhdi də fiasko oldu. Düşmən ölkə başçısı Rusiyadan pərt döndü.
Təsadüfi deyil ki, əksər erməni analitiklər “Rus NATO”su daxilində Azərbaycanın dostunun daha çox olduğunu qeyd edirlər, nəinki Ermənistanın. Peterburq sammiti ərəfəsində isə həmin analitiklərdən biri - Akop Badalyan beləcə də yazmışdı ki, KTMT-də iki blok var - “türk-müsəlman bloku” və “xristian bloku”. Onun sözlərinə görə, Ermənistan ikincidədir.
Ancaq heç “xristian bloku”nda da Ermənistanı hamı sevmir. Rusiyanın yalançı erməni sevgisi bəlli. Belarusu isə xüsusi vurğulamaq lazım gəlir. O Belarus ki, aprel döyüşləri zamanı Azərbaycanın mövqeyini, ərazi bütövlüyünü dəstəklədiyini bəyan eləmiş, buna görə Belarusun İrəvandakı səfiri Ermənistan XİN-ə çağırılmışdı. Daha sonra - KTMT-nin İrəvandakı oktyabr toplantısı barədə prezident Aleksandr Lukaşenko aşağılayıcı ifadələr işlətmişdi...
***Azərbaycanın həm də silah tərəfdaşı olan Belarusla bağlı bir mühüm detal da var. Məsələ ondadır ki, Peterburq sammitindən az öncə bu ölkədə Azərbaycanın rəsmi sorğusu əsasında Dağlıq Qarabağa qanunsuz səfərlər edərək separatçı rejimi təbliğ edən Aleksandr Lapşin saxlanılıb. Onun Bakıya ekstradisiyası gözlənilir.
Bu fakt Azərbaycana növbəti xoş məram jesti olmaqla yanaşı, sözsüz ki, İrəvanı ciddi şəkildə qıcıqlandıran addımdır - təsadüfi deyil ki, məsələ Ermənistan XİN səviyyəsində belə ciddi narahatlıq doğurub. Həm də o səbəbə ki, bu, ilk belə presedentdir və Azərbaycanda mühakimə olunarsa, Lapşini 7 ilədək həbs cəzası gözləyir.
Lukaşenko Peterburq sammitinin ardınca Lapşini də Bakıya təhvil verərsə, bu, heç şübhəsiz ki, işğalçı ölkənin Qarabağla bağlı maraqlarına növbəti zərbə olacaq.