Kəşfiyyata gələn erməni diversiya qrupu məhv edildi – cəbhə xəttində gərginlik

Kəşfiyyata gələn erməni diversiya qrupu məhv edildi – cəbhə xəttində gərginlik

Düşmənin təxribatçıları ordumuzun pusqusuna düşdü; İşğalçı ölkə çoxsaylı itkilər verib geri çəkildi; ermənilər öldürülən 1 zabit, 2 əsgərin adlarını açıqladı; Azərbaycanın bir əsgəri itkin düşüb; rəsmi Bakı işğalçıya dəstək verən KTMT-nin baş katibi Nikolay Bordyujaya etiraz etdi; İrəvan savaşı Qarabağ cəbhəsindən iki dövlətin sərhədinə keçirmək istəyir 

 

Dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. 
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. Rəsmi məlumatda deyilir ki,  döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Nazirlik bəyan edib ki, hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.
Ermənistan isə cəbhə xəttində məhv edilmiş erməni hərbçilərdən üçünün adını açıqlayıb. İşğalçı ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti baş leytenant Şavarş Melikyan, sıravi əsgərlər Edqar Narayan və Erik Abovyanın məhv edildiyini təsdiqləyib. 
Ermənistan ordusunun Azərbaycanla sərhədin qərb istiqamətinə cavabdeh olan 3-cü ordu korpusunun komandiri, polkovnik Ayk Petrosyan jurnalistlərə bildirib ki, atışmaya baxmayaraq Çinari kəndində situasiya sakitdir, əhali arasında panika yaranmayıb. (virtualaz.org)
29 dekabr səhər saat 07.30 radələrində Ermənistan silahlı qüvvələri baş qərargahının rəis müavini, general-leytenant Enriko Hapriamov isə avtomobillə Azərbaycanla sərhəddəki döyüş mövqelərindən birinə gedərkən qəzaya düşüb.
Ermənistan KİV-lərinin məlumatına görə, general və sürücüsü yaralanıb, onlar hərbi hospitala aparılıb. Lakin həyatları üçün təhlükə yoxdur. Müdafiə Nazirliyinin rəsmisi Artsurun Ovanisyan məlumatı təsdiqləyib. Məlumata görə, Hapriamov Ermənistan parlamentinin spikeri Qalust Saakyanla birlikdə hərbçilərlə görüşmək üçün döyüş mövqelərinə gedirmiş.
Elə həmin gün Azərbaycanın işğal olunmuş Ağdam rayonunun təmas xəttində yerləşən Əhmədağalı kəndi Ermənistan silahlı qüvvələrinin atəşinə məruz qalıb. “Report” xəbər verir ki, ermənilərin atdığı mərmilərdən biri kənd sakini Mətləb Əliyevə məxsus ikimərtəbəli evə düşüb. Nəticədə yanğın baş verib və 8 otaqlı 338 kv.m-lik evin 318 kv.m-i əşyaları ilə birlikdə tamamilə yanıb. Kənd sakinlərinin sözlərinə görə, qarşı tərəf əsasən yandırıcı güllələrdən və mərmilərdən istifadə edib. Atılan güllələrdən biri evin dam örtüyünə düşüb. Yanğın zamanı ev sahibləri mənzildə olublar. Xəsarət alan olmayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağdam rayon Yanğından Mühafizə hissəsinin əməkdaşları cəlb olunublar. Alovun qonşu evlərə keçməsinin qarşısı alınıb.
***
Image result for Sarkisyan
Qeyd edək ki, “Yeni Müsavat” qəzeti bir neçə gün əvvəlki sayında cəbhə xəttində “tufanqabağı sakitliyin” hökm sürdüyünü yazmışdı. Xüsusilə də erməni prezident Serj Sərksiyanın Qarabağa səfərindən sonra geri dönərək müharibə hazırlıqları ilə bağlı xəbərdarlıq etməsi, həmçinin düşmən ölkənin birmənalı şəkildə danışıqlardan yayınması hər an şiddətli döyüşlərin başlaya biləcəyi ehtimalını yaradırdı. Üstəlik, Ermənistanın yeni müdafiə naziri  Vigen Sərkisyan apreldə itirilmiş mövqelərin əvəzini çıxmaqdan və özünü təsdiqləməkdən ötrü fürsət gəzir. 
Bu mənada düşmənin Ermənistan-Azərbaycan dövlət sərhədində təxribatlar törətməsi təsadüfi deyil. İstisna deyil ki, işğalçı ölkə apreldəki kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dəstəyindən məhrum olmamaq üçün təxribat-diversiya planını bu dəfə Qarabağ cəbhəsindən deyil, iki ölkə sərhədindən həyata keçirib. Ola bilsin bununla Ermənistan həm də KTMT-dəki sonuncu iflasının qarşılığında qurum üzvlərinin dəstəyini qazanmaq istəyir. Xatırladaq ki, qurumun bugünlərdə Sankt-Peterburqda keçirilən toplantısında KTMT-nin baş katibliyinin Ermənistana verilməsi növbəti dəfə təxirə düşdü və aprel ayına saxlanıldı. 
Görünür, İrəvan aprel ayındakı toqquşmalar zamanı təmkinli davranan KTMT-nin Azərbaycana qarşı səfərbər olunması üçün təxribatları işə salıb. Bununla işğalçı ölkə çox güman ki, “KTMT üzvü olan ölkəyə qarşı təhlükənin olduğu” görüntüsünü yaratmaq istəyir. Erməni tərəf təxribatın ardınca yanlış informasiyalar yaymaqda davam edib. Hətta Ermənistanın news.am saytı insidentlə bağlı KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinova zəng vurub. 
Image result for Azərbaycan ordusunun kəşfiyyat
Virtualaz.org-un xəbərinə görə, Zaynetdinov sualı eşidəndən sonra əvvəlcə deyib ki, bu sualı Ermənistan hakimiyyətinə ünvanlamaq lazımdır. Daha sonra o, xəstəliyə görə məzuniyyətə çıxdığını və insident barədə KTMT-nin məlumata malik olub-olmadığını yaxın saatlarda dəqiqləşdirə bilməyəcəyini bildirib. Bəs erməni jurnalist hara müraciət etsin, dərdini kimə desin? Zaynetdinov deyib ki, əlinin altında sorğu-məlumat kitabçası yoxdur və bir saat sonra zəng vurmaq lazımdır. Bir saat sonra isə KTMT-də dəstəyi qaldıran olmayıb...
***
29 dekabr səhər saatlarında Ermənistan təbliğatı davamlı olaraq Azərbaycanı günahlandıran bəyanatlar, məlumatlar yaydılar, hətta KTMT-ni şantaj mövqeyindən çıxış edib məsələyə münasibət bildirilməsini istədilər. Ən nəhayət, düşmən istəyinə çatdı. Belə ki, KTMT-nin baş katibliyindən verilən reaksiya Ermənistanın həyata keçirdiyi təxribat planının arxasında başqa qüvvələrin də dayandığını deməyə imkan verir. 
Image result for Azərbaycan ordusunun kəşfiyyat
“Ermənistanın Çinari kəndi yaxınlığındakı məlumatları xüsusi narahatlıqla qəbul edir”. KTMT-nin baş katibi Nikolay Bordyuja bunu Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmaya münasibət bildirərkən deyib. Vəziyyətlə bağlı narahatlığını ifadə edən N.Bordyuja növbəti dəfə Ermənistanın yanında olduğunu nümayiş etdirərək “KTMT üzvü olan ölkənin ərazisində” törədilən bu hərəkətləri “təxribat” adlandırıb. Azərbaycan Müdafiə Nazirliyinin hadisənin gerçək səbəbləri ilə bağlı rəsmi açıqlamasını nəzərə almayan baş katib hətta aprel döyüşlərini xatırladarkən “Dağlıq Qarabağ Respublikası” ifadəsindən də istifadə edib. 
Rəsmi Bakı KTMT rəsmisinin açıqlamasına reaksiya verib.
“Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının Ermənistan-Azərbaycan sərhədindəki məsələ ilə əlaqədar şərhini birtərəfli hesab edirik”. 
Azərbaycan Xarici İşlər Nazirliyinin Azərbaycan- Ermənistan sərhədində baş verən hadisə ilə bağlı KTMT-nin baş katibi Nikolay Bordyujanın açıqlamasına dair bəyanatında belə deyilir. 
Image result for Bordyuja
Bildirilir ki,  KTMT-nin baş katibinin təşkilatın üzv dövlətlərinin rəsmi mövqeyinə və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin mahiyyətinə zidd olaraq, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə “Dağlıq Qarabağ Respublikası” kimi müraciət etməsi qəbuledilməzdir: “KTMT-nin baş katibi hər hansı açıqlama və şərhlə çıxış etməzdən öncə vəziyyəti düzgün təhlil etməli və qiymətləndirməlidir. Ermənistanın KTMT-nin sonuncu Sankt-Peterburq zirvə görüşündən sonra növbəti məyusluğa uğrayaraq, belə bir növbəti təxribata əl atması istisna edilməməlidir. Azərbaycan münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Helsinki Yekun Aktı əsasında münaqişənin həll edilməsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalının nəticələrinin aradan qaldırılması, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birlikdə səylərini və substantiv danışıqları davam etdirəcək”.
Millət vəkili Qənirə Paşayeva da baş verənlərə münasibət bildirib: “Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində baş verən hadisə birbaşa Ermənistanın və işğalçı ölkənin silahlı qüvvələrinin təxribatıdır. Tovuzla, aidiyyəti qurumlarla tez-tez danışırıq. Azərbaycan Ordusu Ermənistanın təxribatının qarşısını layiqli şəkildə alıb, sərhədlərimizi, mülkü vətəndaşlarımızı qoruyublar”.
Image result for Millət vəkili Qənirə Paşayeva
Q.Paşayeva Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın baş verənləri “təxribat” adlandırmasına da toxunub: “Amma bu təxribatı törədən ölkənin Ermənistan olduğunu deməyib. Hər zaman olduğu kimi...” 
***
Ermənistan Müdafiə Nazirliyi isə ötən gün ərzində döyüşlərin davam etdiyi barədə davamlı xəbərlər yayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyanın özünün facebook səhifəsində yazdığına görə, “döyüş hələ də davam edir, tərəflər snayper silahlarından və qumbaraatanlardan istifadə edir”. Üstəlik, düşmən Azərbaycanın guya 7 itki verdiyi, həlak olanların meyitlərinin guya Ermənistan tərəfdə qaldığı barədə iddialarla çıxış edib. 
Image result for Vaqif Dərgahlı
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı isə “Yeni Müsavat”a bildirdi ki, bu məlumatların heç bir əsası yoxdur: “Azərbaycan Ordusunun guya 7 əsgər itirməsi ilə bağlı Ermənistan KİV-lərində yayılmış məlumatlar tam yalandır. Biz bir hərbçimizin itkin düşməsi barədə məlumat yaymışıq, bu faktı təsdiqləyirik. Erməni mahiyyəti növbəti dəfə özünü büruzə verdi. Ermənistan ordusunun rəhbərliyi uğursuzluqla nəticələnən təxribat əməliyyatına haqq qazandırmaq, erməni xalqı qarşısında özünü təmizə çıxarmaq məqsədilə guya Azərbaycan tərəfinin 7 nəfər itki verməsi barədə yalan məlumat yayıb. Bu xəbərin heç bir əsası yoxdur”.
“Ermənilər Azərbaycan Ordusunun qarşısını ala bilməyəcək”. 
 
Image result for Yaşar Aydəmirov
Bunu azvision.az-a sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə təxribat törətməsinə münasibət bildirərkən deyib. Y.Aydəmirov qeyd edib ki, Azərbaycan Ordusu hər an düşmən təxribatının qarşısını almağa hazırdır: “Ermənilərin tək bir yolu qalıb. Düşmən ya haradasa təxribat törətməyə cəhd edir, ya da hansısa yaşayış məntəqəsini atəşə tutur. Buna da nail ola bilmirlər. Azərbaycan Ordusu düşmənə daha ağır zərbələr vuracaq. Ordumuz hər zaman erməni təxribatının qarşısını alır və alacaq. İstisna deyil ki, hər an müharibə başlaya bilər. Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Bunun üçün kifayət qədər hərbi texnikamız, şəxsi heyət, maddi vəsaitimiz var”. 
“Dekabrın 29-dakı təxribat rəsmi İrəvanın əvvəlcədən hazırladığı plandır”.
Image result for Çingiz Məmmədov
Bu fikirlər isə müdafiə nazirinin sabiq müavini, istefada olan general-leytenant Çingiz Məmmədova məxsusdur. Onun sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Sankt-Peterburqda keçirilən son sessiyasında Ermənistan nümayəndə heyətinin təşkilatın üzvlərinin diqqətinin Dağlıq Qarabağ münaqişəsinə yönəldilməsi və qurumun baş katibi vəzifəsinə erməni təmsilçisinin seçilməsi cəhdlərinin boşa çıxmasından sonra KTMT-yə üzv ölkələrin diqqətini konfliktə cəlb etmək məqsədilə rəsmi İrəvan son təxribatı törədib. General Bordyujanın iddiasına da cavab verib: “Dövlət sərhədində baş vermiş insidentdən qısa müddət sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın hadisəni Azərbaycanın təxribatı kimi qiymətləndirməsi təəssüf hissi doğurur. Belə ki, təxribatın və tələsik müsahibənin verilməsi vaxtlarının təqribən üst-üstə düşməsi provokasiyanın Ermənistan tərəfindən əvvəlcədən planlaşdırıldığını qeyd etməyə əsas verir. Ermənistan tərəfi planlı şəkildə və vaxtaşırı Dağlıq Qarabağa aidiyyəti olmayan bölgədə təxribatların törədilməsi barədə dezinformasiya xarakterli məlumatları yaymaqla münaqişənin miqyasını süni şəkildə genişləndirmək və təmsil olunduğu hərbi-siyasi təşkilatın digər üzvlərini də bu münaqişəyə cəlb etmək məqsədini güdür”.
Azərbaycan tərəfi itkin düşmüş Azərbaycan hərbçisi, əsgər Qurbanov Çingiz Salman oğlu ilə bağlı beynəlxalq təşkilatlarla birgə araşdırma aparır. Bu barədə APA-ya Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasından bildirilib. 
Qəzetimiz çapa hazırlanan vaxt Müdafiə Nazirliyi ilə təkrar əlaqə saxladıqda bildirdilər ki, cəbhəboyu nisbi sabitlik hökm sürür...

 






Fikirlər