14.08.2014- Ordumuzda erməni polkovniki? - Prokurorluq araşdırır

14.08.2014- Ordumuzda erməni polkovniki? - Prokurorluq araşdırır Ekspert Üzeyir Cəfərov Hərbi Prokurorluğa etdiyi müraciətlə bağlı dünən 4 saata yaxın dindirilib.

Bu barədə hərbi ekspert özü Facebook profilində məlumat verib. Ü.Cəfərovun sözlərinə görə, Hərbi Prokurorluqda iş ciddi surətdə araşdırılır.

Hərbi ekspertin qaldırdığı məsələ Rusiya Federasiyasının vətəndaşı ola-ola Azərbaycan Silalı Qüvvələrinin Hərbi Akademiyasında mühüm vəzifədə çalışmış general Bağır Fətullayev və erməni əsilli polkovnik Seyran Qaffarovla bağlıdır. Ü.Cəfərovun iddiasına görə, Bağır Fətullayevin məxfi qrifli məlumatlarla sərbəst tanış olmaq imkanı verilib. Polkovnik Qaffarov isə Xocalı faciəsində iştirak edən 366-cı motoatıcı diviziyanın ermənilərə yardım edəcəyi ilə bağlı məlumatlı olmasına baxmayaraq, bunu gizlətməkdə və sonradan Azərbaycan SQ-də etimad göstərilməsində ittiham edilir:

"Anası erməni millətindən olan polkovnik Seyran Qaffarovla bağlı maraqlı araşdırmalara başlanılıb. Burda çox ciddi məqamlar olduğuna görə, düşünürəm ki, bir sıra həqiqətlər ortalığa çıxacaqdır. Onun Xocalı qətliamı zamanı Tiflis şəhərində Zaqafqaziya Hərbi Dairəsinin Əməliyyat idarəsində mühüm vəzifədə çalışması, Rusiyanın 366 motoatıcı alayının ermənlərə köməklik göstərəcəyi ilə bağlı məlumatları olduğu halda, niyə əsl azərbaycanlı kimi lazım olan addımları atmaması, sonradan onun MN-nin Baş İnspeksiyasına, Hərbi Elmi Mərkəzinə, daha sonra isə bu yaxınlara qədər SQ Akademiyasında mühüm vəzifədə saxlanılması araşdırma mövzusudur”.

Ü.Cəfərov qeyd edir ki, müraciətini ədliyyə polkovnik-leytenantı Azər İbrahimov araşdırır.

Xatırladaq ki, Ü.Cəfərov dəfələrlə Azərbaycan Silahlı Qüvvələrindən düşmənə informasiya sızdırılması şübhələrini ifadə edib və bu fikirlərinin əsassız olmadığına inandığını bildirib. Hazırda isə araşdırmalar zamanı ciddi nəticələr ortaya qoyulacağı ilə bağlı anons da edib.






Fikirlər