Eldar Həsənov təkzib etdi: "...FƏRZİYYƏDİR"
03 mart tarixində AFN-də “Sabiq baş prokurorun adı sahibkarlarla qalmaqalda” sərlövhəli yazı dərc edilib. Sumqayıtdakı “Şərq bazarı”nda fəaliyyət göstərən 66 sahibkarın adınndan ünvanlanan şikayət əsasında hazırlanmış yazıda E.Həsənovun adı sahibkarlarla problem yaşayan şəxsi himayə etməkdə hallanır.
Sitat: “Rəşid Babayevə (“Şərq bazarı”nın keçmiş direktoru-red.) sahibkarlara qarşı apardığı müharibədə əsas dəstək verən şəxs bizim bildiyimizə görə, Azərbaycanın sabiq baş prokuroru, Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovdur. Hansı ki, bu bazarda adı qeyri-rəsmi ortaq kimi gedir. Onun işlərini isə qardaşı Şahin Həsənov aparır (o da qeyri-rəsmi). Rəsmən isə "Şərq bazarı"nın keçmiş direktoru, Rəşid Babayevin sahibi olduğu “RŞHT” Ticarət Mərkəzinin digər təsisçi Afət Həsənovadır. O da Eldar Həsənovun qardaşı Şahin Həsənovun həyat yoldaşıdır. Yəni ad Afət Həsənovanın olsa da, faktiki bazarın əsas sahibi Eldar Həsənovdur ki, o da bazarkoma havadarlıq edir”.
Yazı dərc edildikdən sonra redaksiyamızla əlaqə saxlayan E.Həsənov deyilənləri təkzib etdi: “Mən uzun illərdir ki, Azərbaycana gəlmirəm. Azərbaycanda heç bir biznes əlaqəm, orada hər hansı bir işim yoxdur. Haqqımda deyilənlər hamısı yalan, heç bir həqiqətə söykənməyən məlumatlardır. O işlərdə mənim adımın hallanması fərziyyədir, reallıqla əlaqəsi yoxdur. Heç bir aidiyyatı olmayan söhbətlərdir və mən bunu qəti surətdə təkzib edirəm”.