2016-cı ilin aprel ayında Qarabağda baş vermiş eskalasiyadan 1 il keçməsinə baxmayaraq bölgədə ağır döyüş toqquşmaları yenidən təkrarlana bilər. Növbəti hərbi əməliyyatlar regiondakı vəziyyəti daha dəhşətli edə bilər.
"AzerTaym.az" İstipress-ə istinadən xəbər verir ki, bu barədə Avropa və Mərkəzi Asiya üzrə beynəlxalq böhran qrupunun proqram rəhbəri Maqdalena Qrononun “Dağlıq Qarabağdakı eskalasiyadan bir sonra gözlənilən təhlükələr” adlı məqaləsində deyilir.
Məqalədə məcburi köçkünlərin mövcud problemlərindən, yaşayış şəraitindən, onların üzləşdikləri problemlərdən də söhbət açılıb.
Müəllif qeyd edir ki, məcburi köçkünlərin yaşadığı yerlərdən biri köhnə sovet sanatoriyası paytaxt Bakının yaxınlığında yerləşir. Müəllif burada yaşayan məcburi köçkünlərin bəzilərindən müsahibələr də alıb.
Köhnə sanatoriyada yaşayan Bayram – 1988-1994-cü illərdə Dağlıq Qarabağ müharibəsində iştirak edib – bu yaxınlarda aldığı tünd gümüşü rənğli divar kağızı ilə öyünür.
“Qızlarımın gələcək qohumları indi burada rahat yaşaya biləcəklər. Bizdən fərqli olaraq onlar məcburi köçkün deyil”, - Bayram deyir.
O, ötən ilin yazındakı qanlı aprel döyüşlərində Azərbaycan ordusuna yaxından kömək etmək üçün can atırdı: “Əlbəttə, mən bilirəm müharibə nə deməkdir və onun nəticələri necə olur.”
Bayram 25 il əvvəl artilleriya atəşi nəticəsində xəsarət aldığı ayaqlarını göstərir və əlavə edir ki, 20 ildən çoxdur ki, pis şəraitdə yaşayan ailəsinə də yardım edə bilmir.
“Buna baxmayaraq böyük oğlumu hərbi xidmətə göndərdim. O, zabitdir. Oğluma dedim ki, özünü qoru, amma vətənin üçün savaş”, - veteran sözlərinə əlavə edir.
Müəllif xatırladır ki, ötən il Dağlıq Qarabağda döyüşlər aprelin 1-dən 2-nə keçən gecə başlayıb, hər iki tərəfdən böyük itkilər olub. Bayram deyir ki, hərbi əməliyyatların başladığı zaman doğma torpaqlarına qayıdacaqlarına ümidi daha da çoxaldı: “Biz evə qayıdacağımıza inanırıq.”
Məqalədə qeyd olunur ki, Dördgünlük müharibə erməniləri təşvişə salmışdı. Məşhur erməni ekspertlər də müxtəlif fikirlər səsləndirirdilər. Onlardan bəziləri qısamüddətli müharibədə Azərbaycanın uduzduğunu, bəziləri isə böyük qələbə qazandığını bəyan edirdilər.
Dağlıq Qarabağda yaşayan ermənilər də təhlükəsizliklərinə görə narahat olaraq kəndləri boşaldırdılar.
Müəllifin sözlərinə görə, münaqişə dondurulmuş sayılsa da hərbi əməliyyatlar hər an alovlana bilər. Vəziyyət indi xüsusilə təhlükəlidir. Ermənistanın Rusiya ilə, Azərbaycanın isə həm Türkiyə, həm də Rusiya ilə hərbi müqavilələri var.
Azərbaycan 2015-ci ildə hərbi məqsədlər üçün 3 milyard dollar vəsait sərf edib. Azərbaycan Türkiyə, Rusiya, Pakistan və İsraildən yeni nəsil silahlar alıb. Ermənistan isə ordunu Rusiyanın kreditlərlə verdiyi silahlarla təchiz edib.
Hər iki tərəf münaqişə zonasındakı status-kvonu qəbul edilməz sayır. Danışıqların ilkin mərhələsində İrəvan çalışır ki, təcili sürətdə təhlükəsizliklərini təmin etsin. Bakı isə zəmanət almaq istəyir ki, danışıqlar prosesində irəliləyiş olacaq, Dağlıq Qarabağ ətrafındakı torpaqlar Azərbaycana qaytarılacaq. Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazın ürəyində təhlükəli problem olaraq qalmaqdadır.