Elnarə ilə teatr arasında gərginlik: “Onlardan işdən çıxmaları tələb olunub” - Nazirə MÜRACİƏT

Müğənni Elnarə Xəlilova mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə açıq məktub yazıb.

BakiPost.az  xəbər verir ki, o, nazirə ünvanladığı məktubda Opera və Balet Teatrının rəhbərliyindən şikayət edib. 
Müğənni məktubda qeyd edib:
 "Cənab nazir Əbülfəs Qarayev, mən Elnarə Xəlilova Sabit qızı Müstəqil Telekompaniya olan Space telekanalında yayımlanan "Xanımlar və cənablar” adlı proqramın müəllifi və aparıcısıyam. Proqramda tamaşaçıları istənilən mövzularda mütəxəssislərin yardımı  ilə maarifləndirmə istiqamətində çox mühüm işlər aparılır. Reytinq xatirinə nə ağlamaq, nə də yersiz gülmək yoxdur. Eyni zamanda Azərbaycan mədəniyyətinin yüksək səviyyədə təbliği ilə meşğuluq. Proqramda millət vəkillərindən tutmuş, səfirlər və onların xanımları, ölkənin tanınmış elm, mədəniyyət, incəsənət xadimlərinə qədər qonaqlar təşrif buyururlar.
 Ötən həftə Opera və Balet Teatrında "Arşın mal alan” tamaşasına baxmağa getdim və tamaşadan olduqca böyük zövq aldım. Deyərdim ki, bu tamaşa Azərbaycan mədəni irsinin ən gözəl nümunələrindən biridir. Buna görə də tamaşa bitdikdən sonra kulisdə aktyorlarla görüşdüm və onları böyük məmnuniyyətlə proqramımızda görmək istədiyimi bildirdim. Mayın 13-ü teatrın mətbuat xidmətinin əməkdaşı Şükufə xanımla əlaqə saxlayıb rəhbərlik səviyyəsində aktyorların proqramda iştirakına icazə aldım. Ondan sonra mətbuat xidmətindən bir-bir aktyorların telefon nömrəsini alıb şəxsən özüm onlara zəng edib verilişimə dəvət etdim. Hər kəsin razılığını aldıqdan sonra 76 yaşlı çoxdan təqaüdə getməli olan rejissor işləri müdiri Tamara Eyvazova mənə zəng vurub aktyorları buraxmadığını söylədi. Səbəbini soruşduqda həmin gün saat 4-də aktyorlardan üçünün "Sevil” operasının məşqində olmalarını dedi. Mən də öz növbəmdə aktyorların məşqinə heç bir şəkildə mane olmayacağımı söylədim. Belə ki, veriliş bir saatlıqdır və mən 13:00-da proqrama başlayıb, 14:00-da onları buraxacağıma dair söz verdim. " Bu televiziyadır, gecikmələr olur” bəhanəsi isə bizə aid deyil. "Xanımlar və cənablar” proqramına ayrılmış günlərdə 2-3 veriliş çəkdiyimi və bu səbəbdən də gecikmənin qeyri-mümkün olduğunu Tamara xanıma bildirdim. Qisacası, hər nə qədər aktyorların məşqə gecikməyəcəklərinə dair faktlar sadalasam da 76 yaşlı bu xanımın "icazəsini” ala bilmədim. O, mənim heç bir fikrimi dinləməyərək "aktyorlarımı proqrama buraxmıram” dedi.
 Bundan sonra mən çəkilişi saat 12:00-la təyin etdim və ehtiyatda bir əlavə saatın olmasın ona bildirdim və dedim ki, çəkiliş və sizin məşq günü ayrı-ayrı saatlardadır. Üstəlik aktyorların saat 13:00-da artıq studiyadan çıxacağına söz verdim. Bu isə o deməkdir ki, saat 16:00-dək aktyorların istirahət etməyə vaxtları da qalacaq. Bununla da Tamara xanımı razı sala bilmədim. Ancaq yersiz və səbəbsiz "yox” cavabı eşitdim. Əhvalımı pozmadım. "Sevil” operasında oynayan hər üç aktyora vəziyyəti başa saldım və dedim ki, sizin proqramda iştirak etməyinizə icazə vermirlər. Sonra proqramın çəkilişi günü məşqi olmayan yerdə qalan üç aktyora dəvətli olduqlarını bildirdim. Onlara proqramda Azərbaycan incəsənəti, Opera və Balet Teatrının təbliği istiqamətində söhbətlər edəcəyimizi və yeri gəldikcə tamaşalardan musiqi nömrələri ifa edə biləcəklərini dedim. Mayın 14-də isə mənə bildirdilər ki, Opera və Balet Teatrının teatrının rəhbərliyi iclas edib və bütün aktyorların "Xanımlar və cənablar” proqramda iştirak etməyini qadağan edib. Teatrın direktoru bildirib ki, hansı aktyor proqrama getmək istəyirsə ərizəsini yazıb işdən çıxsın. Rəhbərlik aktyorları şantaj edib.
 Cənab nazir, mən sizə güvənib belə bir sual verirəm: Bu nə dəməkdir, bunun adı nədir? Niyə təqaüd yaşlı olan teatrın məsul işçiləri Azərbaycan mədəniyyətinin inkişafında və təbliğində həyata keçə biləcək tədbirlərdə aktyorlara qadağa qoyurlar? Xüsusən də, ölkəmizin bütün sahələrdə təbliğinin vacib olduğu möhtərəm İslam oyunlarının keçirildiyi bir vaxt dahi Üzeyir bəyin irsinin, Opera və Balet Teatrının milyonlarla televiziya tamaşaçısına ən yaxşı tərəfdən təqdim olunması, Milli Musiqimizin dəyərlərinin təbliğ olunması qəbahət olardı sizcə? Axı niyə təqaüd yaşına çatmış kadrlar teatrlarda cavan aktyorların qarşısını bu cür kəsir? Bunun adı nədir: qərəz, düşmənçilik, yoxsa paxıllıq? Mənim Sizdən başqa sözümü deyə biləcək heç kimim yoxdur. Artıq dərəcədə xahiş edirəm, cənab nazir, teatrlarımızın inkişafına və təbliğ olunmasına bu cür xələl gətirən yaşını ötmüş işçilər haqqında ölçü götürəsiniz. Onlar nəinki teatrın, hətta Azərbaycan mədəniyyətinin adına öz yersiz prinsipləri ilə xələl gətirir, ziyan vurur”.






Fikirlər