23.09.2014 - «İcra nümayəndəsi pulu yedi, suçu üstümə atdı» - Şikayət

23.09.2014 - «İcra nümayəndəsi pulu yedi, suçu üstümə atdı» - ŞikayətMəmurlar və hüquq-mühafizə orqanları Balakəndə «zəlzələ pulu əməliyyatı»ndakı yeyintini xəstə uşağı olan qadına “yükləyib”lər

Mia.az-a Balakən rayonu Mahamalar kənd sakini İkramat Paşa qızı Abdullayeva tərəfindən prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya və digər aidiyyatı dövlət qurumlarının rəhbərlərinə ünvanlanmış şikayət məktubunun surəti daxil olub.

Şikayətçi yazır ki, 2013-cü ilin mart ayında yaşadığı kənddə olan evləri zəlzələdən zərər gördüyündən Balakən rayon İcra Hakimiyyəti Başçısının kənd üzrə icra nümayəndəsi Sabir Mahmudovun qəbulunda olub: «Həmin vaxtı Sabir Mahmudovdan dövlətin ayırdığı yardımlardan bizə də kömək edilməsini xahiş etdim. O həm bizim, həm də qayınatamın evini yardım siyahısına aldırmaq üçün hər bir ev üçün əvvəlcə 200 manat pul lazım olduğunu dedi. Sonradan isə alınacaq pul yardımından isə 2000 min manat ona verilməsini dedi. Düzü, əlacsız vəziyyətdə olduğumuzdan razılaşdım. Və beləliklə onun özümüzün və qayınatamın evi üçün ilkin olaraq istədiyi 400 (200+200) manatı gətirib verdim. Həmin vaxtı icra nümayəndəsi mənə dedi ki, ona kömək eləyim. Yəni kənddə evləri zərər görən insanlardan pul yığım, o isə bunun müqabilində onlara yardım yazdırsın. Belə olarsa, o, bizə də güzəşt edəcəyini bildirdi».

İkramat xanım yazır ki, Sabir Mahmudov icra başçısının rəsmi nümayəndəsi olduğundan ona inanıb: «Savadsız qadın olduğumdan ona inandığım üçün də başıma sonradan gəlməyən oyun da qalmadı. 14 nəfər kənd sakini olan qohum-əqrəbanı da savadsızlığımdan Sabir Mahmudovun rüşvət toruna saldım. İcra nümayəndəsi kəndimizin 14 sakinindən də mənim vasitəmlə hər ev üçün 2000-2500 manatı əvvəlcədən almaqla, məni olmazın ağır vəziyyətinə saldı. Belə ki, o, pulu alıb, 7 ay mən daxil, camaatı «bu gün-sabah» bəhanələri ilə aldatdı. Sonradan isə camaata vəd etdiyi məbləğdə yardım verilmədi. Belə olan da isə camaat şikayət elədi. Həmin vaxtı Sabir Mahmudov rayon rəhbərlərinə arxalanaraq, özünü təmizə çıxardı, mən isə xəstə bir uşaqla hüquq-mühafizə orqanlarının qapılarında, məhkəmələrdə qaldım. İcra nümayəndəsi pulunun və himayəçilərin gücü ilə savadsız bir qadını utanmadan bada verdi».

İkramat Abdullayeva bildirir ki, Balakən rayon məhkəməsinin hökmü ilə barəsində 3 (üç) il azadlıqdan məhrumetmə cəzası ilə məhkum edilib: «Yenə sağ olsun məhkəmə. Qadınlığımı və himayəmdə bir az yaşlı xəstə uşağımın olmasını nəzərə aldılar. Lakin burada ən əsas məsələ odur ki, camaatdan pulu mən deyil, icra nümayəndəsinin alması hüquq-mühafizə orqanları tərəfindən ört-basdır edilməsi araşdırılmayıb. Ona görə də camaatın ayrı-ayrı banklardan kredit şəkilində götürüb, Sabir Mahmudova verilən borcların hamısı da mənim üzərimdə qalıb. Mən indiyə qədər şişən 55 min manatı necə qaytara bilərəm? Axı mənim nə işim, nə də elə bir imkanım yoxdur. Kənd camaatının haqlı tələbləri səbəbindən utandığımdan kəndimdə də yaşa bilmirəm. Axı savadsız bir qadınla bərabər 14 nəfəri aldadıb pullarını yeyən icra nümayəndəsi haqda niyə tədbir görülmür?».

Sonda isə şikayətçi bildirir ki, elə vəziyyət yaranıb ki, yeganə və xəstə uşağı ilə birgə intihar etməyə cəhd eləyib: «Bir neçə dəfə uşağımla birgə intihar etməyə cəhd etmişəm. Artıq çarəsiz qalmışıq. Xahiş edirəm, bu məsələni obyektiv araşdırıb, mənə kömək eləyin. Ümidim Sizlərədir».

Şikayətdə adıçəkilən hər kəsin fikrini də dərc etməyə hazırıq.






Fikirlər