14.07.2014- 17 min kəndlinin adından mənimsənilən 2 milyon – Əziz Əzizovun Cəlilabaddakı mərəzi (Özəl)

14.07.2014- 17 min kəndlinin adından mənimsənilən 2 milyon – Əziz Əzizovun Cəlilabaddakı mərəzi (Özəl)Ölkədə buğda və çəltik əkininə görə ayrılan subsidiyaların böyük bir hissəsinin yerli məmurlar tərəfindən mənimsənilməsi, nəinki Kənd Təsərrüfatı Nazirliyini, artıq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsini də rəsmi hərəkətə keçməyə vadar edib.
Məlumata görə, artıq Kənd Təsərrüfatı Nazirliyinin ümumilikdə yardım ayrılmış 58 rayon və şəhər üzrə apardıqları monitorinqlərin bir hissəsi Baş Prokurorluğa təqdim edilib. Təqdim edilən sənədlərin içində elə faktlar var ki, hətta uzun illərin maliyyəçisi olan Heydər Əsədovun şəxsən özü də təəccübünü saxlaya bilməyib.

Mia.az xəbər verir ki, hazırda Heydər Əsədovun əsas hədəfində olan rayonlardan biri də Cəlilabad rayonudur. Nazirlikdə bu rayon üzrə buğda səpini üçün hər hektara əlavə verilmiş 40 manatlıq yardımın ümumi məbləğin - 2.163.504 manatın (İki milyon yüz altmış üç min beş yüz dörd) ən azı 35-40 faizinin mənimsənildiyi şübhəsi var. Maraqlı burasıdır ki, 17263 buğda istehsalçısının statistikasının şişirdilməsi ilə yetməyən icra başçısının yerli icra nümayəndələrindən ibarət komissiya üzvləri, həm də hektarların ölçülərini də bilərəkdən artırıblar: «Nəticədə isə çox böyük məbləğdə dövlət vəsaiti yerli icra nümayəndələrinin "əl”i ilə talan edilib: «Rayonun 35 kənd və qəsəbəsi üzrə 17263 nəfərin ümumilikdə guya 5487.6 hektar buğda əkdiyi rəsmi sənədlərdə qeyd olunub. Amma elə bu sənədlərə diqqət edikcə, ilk baxışdan həm istehsalçıların, həm onların əkdiyi torpaq sahələrinin, həm də verilən pulların xeyli şişirdildiyi nəzərdə qaçmır.
Məsələn, Cəlilabadın ən böyük ərazi-inzibati dairələrindən biri sayılan Üçtəpədə 868 nəfərin 2532.91 hektar torpaq əkdiyi və buna görə həmin siyahı üzrə 101.316.40 (Yüz bir min üç yüz on altı manat qırx qəpik) manat yardım verildiyi bildirilir. 2532 hektar kifayət qədər böyük bir rəqəmdir. Və buna uyğun olaraq, yaxşı olar ki, həmin kənd üzrə nə qədər buğda istehsal olunduğu da açıqlansın. Ümumiyyətlə, rayon rəhbərliyi zəhmət çəkib, Cəlilabad üzrə bu il istehsal olunan buğdanın rəsmi statistikasını açıqlamalıdır. O zaman bu qədər yardımın müqabilində istehsal olunan buğdanın buna adekvat olub-olmadığını da cəmiyyət biləcək. İnanın, bu sənədləri kəndlər üzrə yoxlasanız, elə biabırçı hallara rast gələcəksiniz ki, heyrət doğuracaq».


Qaynaq deyib ki, Üçtəpədəki biabırçı hallardan əvvəlcədən rayon rəhbərliyinin xəbəri olub: «Ən azından icra başçısı Əziz Əzizovun aqrar məsələlər üzrə müavini Nazim Səlimov üçtəpəlidir. Hətta iş o yerə çatıb ki, Əziz Əzizovun müavininin öz qohumlarının da əksəriyyətinin adına şişirdilmiş yardım yazılıb. Yəni açıq deyilməlidir ki, buradakı korrupsiya birbaşa Əziz Əzizovun xeyr-duası ilə bağlıdır...».

İddiaya görə, Cəlilabadda elə kəndlər olub ki, orada icra başçısının nümayəndəsi qardaş, bacısı, yaşlı ata və ya anasından tutmuş, həyat yoldaşının adına qədər saxta sənədlər tərtib etməklə, yardım yazıb: «Nəticədə böyük məbləğdə vəsaitin mənimsənilməsi həyata keçirilib. Maraqlıdır ki, icra nümayəndələri nazirliyə bunu icra başçısının qanunsuz tələb və tapşırıqları ilə etməyə məcbur olduqlarını da demək məcburiyyətində qalırlar».

Məlumata görə, şişirdilmiş rəqəmləri özündə etiva edən kəndlərdən biri də Privolnoyedir: «Rəsmi sənədlərdə həmin kənd üzrə 661 nəfər buğda səpini aparmış kəndlinin adı yazılıb. Onların isə guya 2589.76 hektar ərazidə buğda səpini apardığı qeyd olunub. Nəticədə isə Cəlilabada ümumilikdə ayrılmış 2 milyondan çox vəsaitin 103 min 590 manat 40 qəpiyi bu kəndin sakinlərinin adı ilə silinib. Əgər Ələsgər Bayramovun icra nümayəndəsi olduğu bu kənddəki buğda istehsalçıları ilə bağlı araşdırma aparılarsa, o zaman hektarların sənədlər üzrə ciddi şişirdilməsi şübhəsinə son qoyula bilər».

Mia.az bildirir ki, Cəlilabad rayonu üzrə bütün yardım sənədləri redaksiyadadır. 17263 nəfərin adbaad qeyd olunduğu sənədlər üzrə araşdırmalarımız davam edəcək.

Qarşı tərəfi də dinləməyə hazırıq.


Mia.az






Fikirlər