25.09.2014 - Xanım xanəndələr necə geyinməlidir?

25.09.2014 -  Xanım xanəndələr necə geyinməlidir?"Şalvar geyinib muğam oxuyurlar və elə köynəklər geyinirlər ki, onlar ortalığa belə, çıxarılası deyil. Bu, lap biabırçılıqdır. Belə getsə, bundan sonra lap şortiklə də muğam oxuyacaqlar".

Bu sözləri bir müddət öncə Teleqraf.com-a açıqlamasında əməkdar incəsənət xadimi Arif Qazıyev xanım xanəndələrin geyimini müzakirə edərkən demişdi. Onun sözlərinə görə, muğam ifaçılarının geyimi ilə bağlı konkret qərar qəbul olunmalıdır: "Muğam oxuyan hər kəs bir nəfər kimi milli geyimdə olmalıdır". Məsələ ilə əlaqədar xanım xanəndələrin fikirlərini öyrəndik.

"Adlarını çəkmək istəmirəm"
Xalq artisti Aygün Bayramova: "Səhnə geyimlərimi özüm seçirəm. Zövqüm çox yaxşıdır. Heç vaxt stilistə müraciət etməmişəm və bundan sonra da etməyəcəm. Daha çox milli geyim geyinməyi sevirəm və hər zaman da paltarlarımı tikdirirəm. Fikrimcə, muğam ifaçısı səhnədə və efirdə sinəsi açıq olmamalıdır. Bu mənzərə ilə çox qarşılaşmışam: xanəndə sinəsi açıq paltarda muğam oxuyur, ətrafında tarzən və kamança ifaçısı. İnanın, bu, çox pis görünür. Mən bunu bir ifaçı kimi deyil, tamaşaçı kim deyirəm. Adlarını çəkmək istəmirəm, amma belələri var. Heydər Əliyev Sarayında və onun kimi digər böyük zallarda konsert verəndə heç vaxt qısa don geyinmirəm, bu, etik deyil. Amma efirdə bir az fərqli ola bilər. Məsələn, səhər efirinə getmişəmsə, vacib deyil uzun paltar geyinim. Sadəcə, dizdən bir az aşağı geyimdə də ola bilərəm".

"Qısa ətəklə oxumaq olmaz"
Xalq artisti Nəzakət Teymurova: "Mən Heydər Əliyev adına Saray, Muğam Mərkəzində keçirilən tədbirlərdə iştirak edirəmsə, o zaman tamaşaçıların qarşısına milli geyimdə çıxmalıyam. Düşünürəm ki, muğam ifaçıları ifası ilə yanaşı, həm də geyimi ilə seçilir. Bu baxımdan, xanəndənin necə geyinməyi şərtdir: açıq- saçıq, çox qısa ətəklə muğam oxumaq olmaz. Hər bir muğam ifaçısı geyiminə ciddi fikir verməlidir. Mənim elə libaslarım var ki, on ildən artıqdır ki, geyinirəm. İndiki zəmanədə milli paltar 2000-3000 manata başa gəlir. Yəni ucuz deyil, ona görə də tez-tez yeni libas tikdirmək mümkün olmur".

"İstəmirəm o xanımı reklam edim"
Xalq artisti Mələkxanım Əyyubova: "Kiminsə başqasının geyiminə müdaxilə etməsi düzgün deyil. Amma səhnə səhnədir. Çox vaxt muğamın ifaçısı janrın təbiətinə uyğun insan olur. Əgər kimsə muğamı cins, cırıq şalvarda, yaxud dizdən yuxarı ətəklə oxuyursa, bu, müzakirələrə səbəb olur. Belə geyinənlər var və arada mənim də qarşıma çıxır. Gördüyümü deyəcəm. Efirlərin birində gənc xanəndələrdən biri dizindən az qala "5 metr" yuxarı paltar geyinib muğam oxuyurdu. Ad çəkə də bilərəm, amma istəmirəm. O xanımı reklam etmək fikrində deyiləm. Bircə onu bilirəm ki, çox vulqar geyinmişdi. Hətta mən evdə ona baxanda dedim, "ayıb olsun", hətta ona baxmağa belə utandım. Elə ailələr var ki, yanında atası, yoldaşı, qardaşı ola-ola bu verilişə baxırlar. Bu, nə dərəcədə düzgündür? Yenə arıq olsa, dərd yarı. O boyda ət-əndamı çöldə qoymaq nə dərəcədə düzgündür? O, özünü nümayiş etdirir, yoxsa sənəti? Əgər özünü nümayiş etdirmək istəyirsə, bunun başqa yolları var. Yoxsa bu formada səhnədə, efirdə muğam oxumağa ixtiyarı yoxdur. Gənclərə məsləhətim odur ki, muğam ifa edən zaman geyimlərinə məsuliyyətlə yanaşsınlar. Bilirsiniz, biz muğamın təbliğatçısıyıq, keşiyində duranlarıq və bu öyüd-nəsihətləri verməliyik. Biz bu məsələlərə münasibət bildirməyəndə məsələ daha da ağırlaşacaq. Nəticə də xalq bizdən inciyir, bütün iradlarını bizə deyirlər. Mənim ilk stilistim Fəxriyyə Xələfova olub. Daha sonra Gülnarə Xəlilova, Syama və başqaları ilə işləmişəm. Bəzən bir libasa 5 min manat pul vermişəm. Libaslarımın tikilişi, parçası, rəngi dəblə uyğunlaşır. Amma əlbəttə ki, o dəbin içərisində millilik var. Mən də müasir xanımam. Ömrüm boyu sinəm, qolum bağlı geyinməmişəm. Geyimlərimin içərisində sinəsi, kürəyi açıq, qoluqısa olan donlarım olub, amma bütün hallarda abır-həya qorunur. Sinə, kürək açıqlığının, qolu qısalığın da bir dərəcəsi var".

"Geyim ifanı asanlıqla korlaya bilir"
Aytən Məhərrəmova: "Şalvar və dizdən yuxarı ətəklə muğam oxumağın qəti əleyhinəyəm. Bu hərəkət muğamın adına, sənətə xələl gətirir, hətta xanəndə nə qədər gözəl oxusa da, geyimi həmin ifanı asanlıqla korlaya bilir. Geyim insanın daxili tərbiyəsini nümayiş etdirir. Bu mənada, muğam ifaçıları geyimlərinə diqqətlə yanaşmalıdırlar. Əcnəbi dövlətlərdə çıxış etdiyim zaman həmişə milli geyimlə səhnəyə çıxıram. Efirlərə gəlincə, bu, bəzən məni dəvət edən verilişin istəyi ilə bağlı olur. Geyimlərimi, əsasən, Azərbaycanda tikdirirəm. Səhnə geyimlərim əsasən daş-qaşla, müxtəlif naxışlarla bəzədilir və bu da qiymətə təsirsiz ötüşmür. Qiymətlər də 1000-3000 manat civarında dəyişir".

"Kiminləsə bəhs etməyi sevmirəm"
Əməkdar artist Nuriyyə Hüseynova: "Mənim geyim tərzim öz xarakterimə uyğundur. Səhnə üçün milli heyim tikdirən zaman mütəxəssislərə müraciət edirəm. Çünki milli geyimlərdə çox incəliklər olur və məsləhət olunmadan tikiləndə səhvlərə yol verilir. Ona görə də məsləhət üçün qədim miniatürlərimizi, milli geyimlərimizi gözəl bilən insanlara müraciət edirəm. Rənglərin hamısını sevirəm, qatıldığım məclislərə, verilişlərə uyğun olaraq geyimi və onun rəngini müəyyənləşdirirəm. Özüməməxsus tərzim var, kiminləsə bəhs etməyi sevmirəm. "Kimsə geyinirsə, mən də geyinməliyəm" fikri ilə yaşamıram. Libaslarımın qiymətinə gəlincə, bu, 500-1500 manat arasında olur. Heç vaxt şalvarla muğam ifa etməmişəm. Mənim üçün səsin gözəlliyi, gözəl ifa şərtdir. Mentalitetə uyğun olmayan səhnə geyimi ilə tamaşaçıların qarşısına çıxmaq düzgün deyil. Lap biədəb geyimlərdənsə abırlı şalvar və köynək geyinmək daha yaxşıdır. Gəncləri kəskin tənqid etməyin də tərəfdarı deyiləm, onlar gəncdirlər, şıltaq görünmək istəyirlər. Bəzən onlara elə gəlir ki, müasir olmaq, bir az açıq-saçıq geyinmək olar. Uşaq dünyasıdır, şıltaqlıqdır və bu,normaldır, bunu faciəyə çevirmirəm. Yetər ki, hər geyimdə insan çərçivədən kənara çıxmasın. Hər bir millətin özünəməxsus qaydaları, xüsusiyyətləri, ənənələrinə sadiqlik var. Yetər ki, insanların ağlında, düşüncəsində, şüurunda müasirlik daha çox olsun, nəinki geyimində".






Fikirlər