Kreml üçün Bakının önəmi artır – yeni “aprel əməliyyatı” üçün FÜRSƏT
Azərbaycana Rusiyanın silahı yox, “dobro”su gərəkdir!; İşğalçını sülhə məcbur etməkdən ötrü daha bir şans yarana bilər; “Stratfor”un Rusiya ilə bağlı proqnozlarında maraqlı Qarabağ gözləntisi; politoloq: “Ermənistan öz kritik sonluğunu yaxınlaşdırır...” Dağlıq Qarabağ probleminin həlli hələ ki, böyük ölçüdə Rusiyadan asılı olaraq qalır. Kreml isə belə görünür, ixtilafın nizamlanmasını özünün prioritetləri sırasına salmağa tələsmir. Bu üzdən Azərbaycan istəsə də, istəməsə də, artıq üç ildən çoxdur Qərbin sanksiyaları altında olan Rusiyanın daxilində və ətrafında cərəyan edən prosesləri, ələlxüsus da Moskvanın Cənubi Qafqaz siyasətindəki gəlişmə və korrektələri diqqətlə izləmək zorundadır. Bu arada ABŞ-ın “kölgə kəşfiyyatı” sayılan “Stratfor” özəl analitik şirkəti Kremlin yeni hərbi planları ilə bağlı proqnozlarını açıqlayıb. Proqnozlarda maraqlı detallardan biri kimi, qeyd edilir ki, az qala son 20 il ərzində ilk dəfə Rusiyanın hərbi büdcəsi 5% ixtisar edilib. “Bu, o deməkdir ki, Kreml müdafiə sahəsində tələbatın prioritetliyinin müəyyənləşdirilməsi baxımından çətin qərarlar verməyə məcburdur” - hesabatda bildirilir.
“Stratfor” analitiklərinə görə, maliyyə məhdudluğu səbəbi ilə Rusiya öz gücünü daha dəqiq nizamlamalı və dənizlə bağlı iddialardan əl çəkməlidir. “Bütün qüvvələr cənub və qərb hərbi dairələrində cəmləşdiriləcək. Həmin qüvvələr isə Baltikyanı ölkələr, Ukrayna və Qafqaza görə cavabdehdirlər”, - deyə proqnozlarda vurğulanır. Yəni söhbət həm də Azərbaycanın da daxil olduğu Cənubi Qafqaz regionuna Rusiyanın artan diqqətindən gedir. *** Lakin Rusiyanın öz müdafiə xərclərini son 20 ildə ilk dəfə azaltmaq məcburiyyətində qalmasının əslində ölkəmizə, Qarabağ məsələsinə daha çox dəxli var. Söhbət nədən gedir? Əvvəla, müdafiə xərclərinin azalması Rusiyanın büdcə gəlirlərinin azalmasının nəticəsidir. Məsələ ondadır ki, Azərbaycan Rusiyanın əsas silah alıcılarından biridir. Silah satışından gələn gəlirlər isə beynəlxalq sanksiyalar üzündən iqtisadiyyatı çətin duruma düşən Rusiyanın büdcəsində əhəmiyyətli yer tutur. Demək, bu həssas dönəmdə Kreml üçün silah bazarını qoruyub saxlamaq və genişləndirmək prioritet kimi ortaya çıxmaqla yanaşı, Azərbaycan kimi ənənəvi silah alıcılarının Rusiyadan ötrü önəmi də artıb.
Məlumdur ki, Azərbaycan başqa dövlətlərdən də silah və hərbi texnika alır. Deməli, Rusiyanın öz büdcəsini artırmaq üçün həmin dövlətlərlə daha sərt rəqabətə girəcəyini (bura enerji bazarı uğrunda rəqabətin kəskinləşməsini də əlavə eləmək olar), nəticə etibarilə Azərbaycan üçün də müəyyən kritik seçimlər yarana biləcəyini gözləməyə dəyər. Rusiyanın işğalçı Ermənistanın isterikasına səbəb olan olay - son partiya silahları Bakıya vaxtında çatdırması bu kontekstdə də izah oluna bilər. Yəni Moskvanın onun üçün silah ticarəti baxımından heç bir ciddi kommersiya marağı kəsb etməyən Ermənistanı bundan sonra da nəzərə almadan Azərbaycanla hərbi-texniki əməkdaşlığı davam etdirəcəyi heç bir şübhə doğurmur. Təbii ki, Azərbaycanın bazar qiymətinə Rusiyadan aldığı silahları vitrinə qoymaq fikri yoxdur. Bu silahları Bakı Kremlin kasad büdcəsini doldurmaq üçün də almır, ilk növbədə əlverişli məqamda öz torpaqlarını hərb yolu ilə azad eləmək üçün əldə edir. Bunu Moskva da yaxşı bilir. Bu mənada ən qəliz vəziyyətdə indi elə Rusiya görünür. Ona görə ki, münaqişənin dinc yolla həlli sövq-təbii Azərbaycanın Rusiya silah-sursatına ehtiyacını minimuma endirəcək. Əksinə, münaqişənin qalması isə Rusiya büdcəsi üçün əlavə maliyyə gəlirləri deməkdir - Kreml müharibə vəziyyətindən pis qazanmır. Lakin o da var ki, dinc nizamlamanın ləngiməsi müharibə riskinin artmasına və Bakının hərb yolu seçməsinə apara bilər. Moskva isə regionda böyük müharibənin olmasında maraqlı deyil. Qalır ötən ilin aprelindəki kimi lokal müharibəyə “dobro” vermək. Bu “dobro” ilə Moskva həm Bakının “könlünü ala” və sadiq silah alıcısı kimi Azərbaycanı silah bazarında özü üçün qorumuş olardı, həm də ara-sıra cızığından çıxıb Rusiyanı şantaj eləməyə çalışan və Qərbə sarı boylanan Ermənistana qulaq burması vermiş olardı. Eyni zamanda lokal müharibə zamanı sıradan çıxan hərbi texnika və silahların yerini doldurmaq baxımından yenə məhz Rusiyanın özünə ehtiyac yaranmış olardı. Bu yerdə Kremlin tanınmış ideoloqlarından olan Aleksandr Proxanovun ötən həftə Bakıya etdiyi səfər çərçivəsində dediyi bir ifadə yada düşür. Proxanov bildirmişdi ki, ötən ilin aprelində Azərbaycan Dağlıq Qarabağı qaytara bilərdi. Hərgah, hamı bilir ki, buna əsas əngəl elə Rusiyanın özü olaraq qalır.
Bəs, bu dəfə necə, Rusiya hansı yolu seçəcək, Bakıya “yaşıl işıq” yandıracaqmı? Əsas sual da budur. *** “Ermənistanın sülhə köklənmədiyi və sonsuz şıltaqlıqları ilə eskalasiyaya üz tutduğu şəraitdə əfsus ki, ön cəbhədən sülh qoxusu gəlmir”. Musavat.com-un məlumatına görə, bunu politoloq Tofiq Abbasov konflikt ətrafında sülh və müharibə şanslarını minval.az saytına şərh edərkən deyib. Politoloqa görə, sülhə doğru yol Azərbaycan ərazilərinin işğalına son verməkdən və ardınca nizamlama funksiyalarını vasitəçilərə ötürməkdən keçir. “Bunu başa düşə-düşə İrəvan konflikt zonasını silahsızlandırmanın zəruriliyi məsələsini diqqətin periferiyasına itələmək istəyir. Madam ki, təcavüz faktoru öz gücünü saxlayır, o zaman Sərkisyanın və Nalbəndyanın dinc nizamlanmaya meylli olmaları barədə bəyanatlarının qara qəpiklik də dəyəri qalmır”, - deyə politoloq qeyd edib. *** Və bu sonluq şübhəsiz ki, Rusiyadan ötrü önəmi artmaqda olan Bakının Moskvadan silahdan daha çox, “dobro” almasından keçir. Belə bir “xeyir-dua” niyə də verilməsin ki? Əksər analitiklərə, o cümlədən az öncə dünyasını dəyişmiş ünlü amerikalı politoloq və sovetoloq Zbiqnev Bjezinskiyə görə, Cənubi Qafqazda Ermənistan yox, Azərbaycan lazımdır...
***
Onun qənaətincə, mövcud durumda söhbət yalnız işğalçını sülhə məcbur etmədən gedə bilər. “Bakı buna əmindən də çox əmindir. Nalbəndyan və şefinin son söz oyunu isə olsa-olsa, erməni tərəfi üçün həyəcanlı sonluğu yaxınlaşdırır. Bu sonluğa elə də çox qalmayıb” - politoloq əlavə edib.