Nikolas Maduro: “Mən Səddam Hüseynə BƏNZƏYİRƏM”

Venesuela prezidenti Nikolas Maduro özünü sabiq İraq prezidenti Səddam Hüseynə bənzədib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu N.Maduro Venesuela dövlət televiziyasında çıxışı zamanı bəyan edib.
“Mən Səddam Hüseynə bənzəyirəm. Canlı Səddam Hüseynə”, deyə dövlət başçısı bildirib. 
Səddam Hüseyn 2003-cü ildə ABŞ və Böyük Britaniyanın başçılığı ilə koalisiya qoşunlarının İraqa hərbi müdaxiləsindən sonra hakimiyyətdən devrilib. İraq Ali Məhkəməsi onu 1982-ci ildə əd-Duceyl kəndinin 148 sakininin ölümündə ittiham edərək ölüm hökmünə məhkum edib. Ölüm hökmü 2006-cı ilin dekabrında yerinə yetirilib.
Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Aprelin 4-də Ali Məhkəmə parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Sonrakı etiraz aksiyalarına səbəb ölkə prezidenti tərəfindən Konstitusiya Assambleyasının çağırılması olub. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir. Aprelin əvvəlindən Venesuelada iğtişaşlar nəticəsində təxminən 100 nəfər ölüb.

AzerTaym.az






Fikirlər