2500 tələbənin gələcəyi ilə kimlər oynayır?
Azərbaycanlı gənclər də bu proqramlara qoşularaq özlərinin təhsil ehtiyaclarını ödəyə bilirlər. Bu işin görünən yaxşı tərəfi olsa da hərdən problemlər meydana gəlir və burada da işbazlar dövrəyə girir.
Tezxeber.az-ın redaksiyasına Anadolu Universiteti Azərbaycan Proqramlarında “Distant təhsil” alan bir qrup gəncin problemlərindən bəhs edən məktubu daxil olub. Məktubda qeyd olunur ki, tələbələri narahat edən məslələlərin başında 2014- 2015 tədris ilində müəyyənləşdirilən təhsil ödənişlərinin kursda qalan tələbələr üçün haqsız olaraq yüksəldilməsi, Anadolu Universitetinin Azərbaycandakı tərəfdaş qurumu olan və tələbələrə texniki xidmət göstərməyi öhdəsinə götürən Azərbaycan Türkiyə İşadamları Birliyi (ATİB) ilə tələbələr arasında heç bir rəsmi müqavilənin bağlanmaması və universitet tərəfindən verilən diplomların Azərbaycan Təhsil Nazirliyi tərfindən nostrifikasiya (təsdiq olunma) edilməməsidir.
Anadolu Universiteti Azərbaycan Proqramlarında “Distant təhsil” alan tələbələrin dediyinə görə, tədris ili başlar –başlamaz təhsil ödənişlərində dəyişiklik oldu. Əvvəlki illərdə tələbələr normal il üçün 1200 EURO, kursda qalan təqdirdə isə məbləğin yarısını yəni 600 EURO ödəniş edirdilər.
Bu ildən yeni tərəfdaş qurum rəsmiləri normal il üçün 1000 EURO, kursda qalan bir çox tələbədən isə 750 EURO – 1000 EURO ödəniş tələb edirlər.
Universitet rəhbərliyi bu tədris ilindən tələbələrin təhsili üçün daha əlverişli şəraitin yaradılacağına və texniki xidmət keyfiyyətinin artırılacağına verdiyi söz isə boş vəd olaraq qalmaqdadır.
Araşdırmamız zamanı tələbələr bildirdilər ki, vaxtilə Anadolu Universitetinin Azərbaycandakı rəsmi tərəfdaş qrumu Avrasiya İnnovasiya İnistitutu olub. Hansı səbəblərdənsə, Avrasiya İnnovasiya İnistitutu bu layihədən sıxışdırılıb çıxarılıb. 2014 – 2015 tədris ilində isə Anadolu Universiteti ATİB-lə əməkdaşlıq protokolu imzalayıb. Görəsən, T.C. Anadolu Universiteti özünə Tətəfdaş Qurum kimi niyə ATİB-i seçmişdir?! Axı bu qurumun təhsillə heç bir əlaqəsi yoxdur ?!
Əlavə edək ki, sözügedən əməkdaşlıq haqqında Azərbaycan Təhsil Nazirliyinin rəsmilərinin də məlumatı yoxdur və nazirliyin informasiya bazasına heç nə daxil edilməyib. Nazirlikdən bizə belə bir proqramdan xəbərsiz olduqlarını bildirdilər və araşdırılacağı haqda söz verdilər.
Maraqlı orasıdır ki, bu haqda heç ATİB-in (Azərbaycan-Türkiyə İşadamları Birliyi) rəsmi saytında da hər hansı məlumat yerləşdirilməyib. Bu haqda ATİB-ə müraciət etdik. Quruma ünvaladığımız sual hələ cavabsız buraxılıb…
Anadolu Universitetinin sonuncu kursunda təhsil alan Vüsal Süleymanlının sözlərinə görə, illik təhsil haqqının ödənməsində müəyyən anlaşılmazlıqlar mövcuddur.
“Yeni tədris ili ödənişləri ilə əlaqədar tələbələrin bir çoxunun telefonuna Türkiyə Türkcəsində SMS-lər yollanıb ki, müəyyən edilmiş təhsil haqqını Yapı Kredi Bankının şöbələrinə 27 oktyabr 2014 tarixinə qədər keçirə bilərsiniz. Halbuki payız semestri rəsmi qeydiyyat tarixi 27 oktyabr- 21 noyabr 2014 tarixləri arasında olacaqdır. Aydın olmayan məqamlardan biri də təhsil haqlarının niyə Anadolu Universitetinin hesabına deyil, Şimali Kipr Türk Respublikasının (KKTC) paytaxtı Lefkoşadakı, Anadolu Vizyonu Kurs Destek ve Turizm Sanayi Ticaret Anonim Şirketinin Ziraat Bankındakı hesabına keçirilməsi tələbidir” .
Bütün bunlar isə heç bir sənədə əsasən aparılmır. Universitet rəhbərliyi ilə tələbələr arasında heç bir rəsmi müqavilə mövcud deyil. Əndişə içində olan tələbələr Anadolu Universiteti rektoru Professor Naci Gündoğana məktub da ünvanlayıblar. Hələ də rəsmi cavab yoxdur.
Rektora şikayət məktubu göndərən tələbələr isə, Tərəfdaş Qurumun rəsmiləri tərəfindən təzyiqlərə və təhdidlərə məruz qalmaqdadırlar.
Əməkdaşımız Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatorluğu ilə əlaqə saxlayıb. Özünü təqdim etmək istəməyən qurum təmsilçisi bildirdi ki, sizə şikayət edən tələbələrəin əksi olaraq bizdə 455 nəfər tələbənin imzası var.
“Yazırlar yazsınlar də. Qaldı ki, təhsil haqlarının qaldırılmasına, əksinə, endirilib. Verdiyiniz suallar isə protokolla qəbul olunan tələbələrə aidir. Xahiş ediirk suallarınızı rəsmi tərəfdaş qrumu olan ATİB-nə ünvanlayasınız. Onlar sizə məlumat verər”
Bizsə ümidvarıq ki, onlardan fəqrli olaraq həm Türkiyə Cümhuriyyətinin, həm də Azərbaycan Respublikasının əlaqədar qurumlarının 2500-ə yaxın tələbənin taleyinə biganə qalmayacağına ümid edirik.
R.S. Məsələ ilə bağlı araşdırma davam edir, tərəflərin münasibətlərini dərc etmək üçün cavablarını gözləyirik.