“Günah İsmayıl Ömərovun QARDAŞINDA İDİ...”
Ali Məhkəmənin hakimi Fərhad Kərimovun qardaşı, dələduzluqda təqsirləndirilən Mahir Kərimov istintaqa ifadəsində bütün günahları şəriki, “İctimai” Televiziyanın keçmiş rəhbəri İsmayıl Ömərovun mərhum qardaşı Ələsgər Ömərovun üzərinə atıb. Hər iki şəxs tikdirdikləri binadan mənzil və obyektləri bir neçə şəxsə sataraq dələduzluq etməkdə ittiham ediliblər. İstintaq dövründə Ə.Ömərov vəfat etdiyi üçün bütün suallara M.Kərimov təkbaşına cavab verməli olub.“Qafqazinfo” M.Kərimovun istintaqa ifadəsini əldə edib. O, müstəntiqə bildirib ki, sadəcə rəsmi sənədlərlə məsul şəxs olsa da, faktiki heç bir səlahiyyəti olmayıb: “30 ilə yaxın tikinti sahəsində işləmişəm, 1987-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Baş Təmir Tikinti İdarəsində işləyərkən orada taxta sexinin rəisi olan Ələsgər Ömərovla tanış olmuşam. Elə o vaxtdan da dost idik. 2005-ci ildə Ələsgər dedi ki, yüksək mərtəbəli bina tikintisi ilə məşğul olmaq üçün “Fateh-N” adlı şirkət açacaq, mənə də direktor olmağı təklif etdi. Ələsgər dedi ki, başqa bir neçə şirkətin təsisçisi və sədri olduğu üçün burada rəsmi sənədlərdə adı keçə bilməz, ona görə mənim sənəd üzərində imzam olmasını, lakin bütün işləri özünün görəcəyini dedi. Mən də onu çoxdan tanıdığım üçün razılıq verdim. Şirkət təsisçisi Nəsir İsayev, direktor isə mən oldum. 2007-ci ildə Ələsgrəin tapşırığı ilə Nəsir İsayev təsisçilikdən çıxdı, bütün paylarını mənə verdi. Beləliklə, mən həm təsisçi, həm də direktor oldum.2005-ci ildə Neapol küçəsi 26A ünavnın 11 mərtəbəli, 5 bloklu 290 mənzilli binanın tikintisinə başlandı, özül qazılan andan mənzillər satılmasına start verildi. Satışı birbaşa Ələsgər özü tənzimləyirdi, müştərilərlə görüşürdü, pulu da mənim iştirakım olmadan alırdı. 2010-cu ilə qədər mənzillər 99 faizi satıldı, həmin il binanın tikintisində problemlər yarandı. Çünki müştərilərdən alınan pullar bu binaya deyil, onun yanındakı ikinci binanın tikintisinə xərclənirdi. Buna görə də həmin bina üçün tikinti avadanlıqlarının alınmasında, işçilərin maaşlarının verilməsində çətinlik yarandı. Bu da tikintinin dayandırılmasına gətirib çıxartdı. 2012-ci ildə Ələsgər Ömərov ürəktutmasında vəfat etdi. Bundan sonra mən binanın tikintisini öz gücümə davam etdirməyə çalışdım. Lakin maliyyə imkamlarım məhdud olduğu üçün başa çatdıra bilmədim”. Qeyd edək ki, M.Kərimov cinayət işi üzrə məhkəmə prosesi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun icraatındadır.