İSA Qəmbər bu gün XƏSTƏXANADAN çıxa bilər

Aidə Qəmbər: “Hər şey yaxşıdır...”

Xəbər verildiyi kimi, Milli Məclisin və Müsavat Partiyasının sabiq rəhbəri, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər yanvarın 13-də Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib. Onun ürəyində problemlər yaranıb.

Həkim sabiq spikerə ürəyini anju etdirməyi məsləhət görüb. İlkin müayinələrdən sonra İsa bəyin ürəyində problemlərin olduğu üzə çıxıb. MSDM rəhbərinin  yaxınlarından biri musavat.com -a deyib ki, sabiq spikerin ürək damarlarına stend qoyulub, əməliyyat uğurlu keçib, o, hazırda özünü çox yaxşı hiss edir.

Müsavat başqanı Arif Hacılı İ.Qəmbərlə dünən xəstəxanadan birgə fotolarını yayıb. Foto Hacılının Facebook səhifəsində yerləşdirilib. Onun fotoya qeydi də var. Həmin qeydləri təqdim edirik: “İsa bəylə görüşdük. Özünü yaxşı hiss edir. Hamıya salamları var. Müayinələrdən keçib. Ürəkgücləndirici tibbi proseduralar həyata keçirilir. Yaxın günlərdə xəstəxanadan çıxacaq”.

Müsavat başqanının müavini Razim Əmiraslanlı modern.az-a açıqlamasında İ.Qəmbərin səhhətinin normal olduğunu deyib: “Yanvarın 14-də səhər saatlarında İsa Qəmbəri ziyarətə etməyə getdik. İsa bəyin səhhəti tam normaldır. Özünü çox yaxşı hiss edir. Artıq müayinələrdən keçib. Heç bir problem yoxdur. Bir-iki günə evə buraxılacaq”.

Aida Qəmbər ile ilgili görsel sonucu

MSDM rəhbərinin həyat yoldaşı Aidə Qəmbər bu gün İ.Qəmbərin xəstəxanadan evə buraxıla biləcəyini söylədi: “Hər şey yaxşıdır. Həkimlər də bunu deyirlər. Ola bilsin ki, sabah (bu gün - red.) evə buraxılacaq. Narahat olan hər kəsə təşəkkür edirik. Özü yəqin ki, xəstəxanadan çıxandan sonra açıqlama verəcək”.

Musavat.com İsa Qəmbərin müalicə həkimi ilə də danışıb. Tanınmış kardioloq Firdovsi İbrahimov müxbirimizə deyib ki, İsa Qəmbərin müalicəsi ümumi halda yaxşı gedir, səhhətində böhran yoxdur, pasiyentin səhhətinə həkimlər tərəfindən davamlı nəzarət var. Doktor İbrahimov bildirib ki, onun müalicəsi davam edəcək.

Musavat.com onu da bildirir ki, artıq İsa Qəmbəri dostlarının bir qismi ziyarət edib. Onların arasında sabiq baş nazir Pənah Hüseyn, sabiq millət vəkili Arzu Səmədbəyli, sabiq daxili işlər naziri İskəndər Həmidov, hüquq müdafiəçisi Novella Cəfəroğlu da var. Mərkəzi Klinik xəstəxananın gözləmə zalında isə İsa bəyin səhhəti ilə maraqlanan onlarla vətəndaş yığışıb.

İsa Qəmbəri ziyarət edən dostlarından biri kimi Pənah Hüseyn müxbirimizə bunları deyib: “Başqanı görənə qədər çox narahat idik. Şükürlər olsun ki, onu çox yaxşı gördük, yanında Arzu bəylə bərabər 1 saata yaxın olduq, ən az onun səhhətindən danışdıq. Başqan 1-2 günə, inşallah, çıxar”.

 “Yeni Müsavat”






Fikirlər