Bu gün Əməkdar artist Röya Ayxanın həmkarı Aygün Bəylərə qarşı iddiası əsasında Səbail Rayon Məhkəməsində iclas başlayıb.
Bu barədə oxu.az-a məlumat verən R.Ayxanın vəkili Vamiq Şükürov bildirib ki, hakim Zaur Əliyevin sədrliyi ilə keçirilən prosesdə A.Bəylər və nümayəndəsi məhkəməyə qatılmayıb:
“Hazırlıq iclasında anket məlumatlar dəqiqləşdirildi. Məhkəmənin növbəti vaxtı hələlik bəlli deyil. Bu barədə yaxın günlərdə açıqlama veriləcək. Röya xanım iddiasında Aygün Bəylər ARB televiziyasına müsahibəsində onun şərəf və ləyaqətini təhqir etdiyini yazıb. Buna görə də biz Aygün Bəylərdən mənəvi ziyana görə 50 min manat təzminat tələb edirik. Eyni zamanda, sözügedən şəxs mətbuat vasitəsilə səsləndirdiyi fikrilərin yalan olması barədə açıqlama verməlidir”.
Qeyd edək ki, Röya Ayxan və Aygün Bəylər arasında olan qalmaqal illər öncəsinə dayanır. Onlar arasında ilk mübahisə Kazım Sübhanın aparıcılıq etdiyi radio proqramında, daha sonra isə “Onlar” verilişində davam etmişdi. Üstündən bir neçə il keçəndən sonra isə ARB TV-nin “Səhər-səhər” proqramında Aygün Bəylərin Röya Ayxan barədə dediyi sözlər bu qalmaqalı məhkəməyə daşıyıb.