Əli MİRƏLİYEV Aygün Bəyləri MƏHKƏMƏYƏ verən Röyaya HİDDƏTLƏNDİ

“Oxuya bilmirsən, deməli, təhqir olunursan?!”

Ötən ildən qalan Röya-Aygün Bəylər davası səngimək bilmir. Xəbər verdiyimiz kimi, əməkdar artist Röya Ayxan həmkarı Aygün Bəylərdən 50 min manat təzminat tələb edib.

Əməkdar artistin köməkçisi Vüsal Rzazadə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, müğənni həmkarını bağışlamaq fikrində deyil:
Artıq sənədlər təsdiqlənib məhkəməyə göndərilib. Bildiyim qədər məhkəmənin vaxtı da müəyyən edilib... Ortada bağışlanmaq ehtimalı yoxdur. Çünki Aygün Bəylər öz sənət yoldaşı haqqında o cür fikirlər söyləyib. Hər halda Röya xanım bağışlamaq haqda özü qərar verəcək. Lakin bu haqda hələ ki, heç bir ehtimal yoxdur. Qarşı tərəf də barışmaq üçün addım atmayıb”.

Qeyd edək ki, Aygün Bəylər tele-aparıcı Elgiz Əkbər və müğənni Əli Mirəliyevin aparıcılıq etdiyi verilişdə həmkarının sənəti ilə bağlı sərt ifadələr səsləndirmişdi. Məsələ ilə bağlı müğənni Aygün Bəylərin mövqeyini öyrənməyə çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Müğənni Əli Mirəliyev isə “Yeni Müsavat”a açıqlama verərək həmkarını məhkəməyə verən Röya Ayxanı qınayıb:
Söyüb onu, təhqir edib? Axı Aygün Bəylər Röyaya nə edib?! Ortada təhqir-filan olmayıb. Sadəcə, Aygün Bəylər Röyanın oxumağını bəyənmədiyini deyib. Bəyəm bu təhqirdir? Qəribə adamlar var, oxuya bilmirsən, deməli, təhqir olunursan? Şəxsən mən Üzeyir Mehdizadə, Rəqsanə, Aygün Kazımovanın oxumasını bəyənmirəm, deməli, indi onlar məni məhkəməyə verməlidir? Bu nə axmaqlıqdır?! Əgər ortada şəxsi təhqir, cinayət, oğurluq olsaydı, məhkəməyə verərdi. Amma axı bunlar olmayıb. İndi yalandan aparıb verib məhkəməyə. Bəyəm məhkəmə Aygün Bəyləri asacaq? Gülməlidir söhbətdir. Üstəlik, bu söhbət mənim yanımda olub. Aygün Bəylər onun ailəsinə qarışmayıb, ünvanına təhqir yağdırmayıb, sadəcə deyib ki, “Röyaya niyə müğənni, sənətkar deyirsiz, harada oxuyub, bu kimdir axı?!” İndi buna görə adamı məhkəməyə verərlər?

Aygün Bəylər həm gözəl muğam ifaçısıdır, həm də müğənnidir. İndi o yazıq ona layiq olan titulları almayıbsa, o demək deyil ki, o yaxşı oxumur. Gərək kiminsə bayrağının altından keçəsən də. Biri var ki, tanışlıqla, “adamının”, iş adamlarının köməyi ilə gedib “yuxarılara” gedib çıxasan, sonra da varlanıb, pullanıb özünə sənətkar adı verəsən, bu gülməlidir. Biri də var ki, xalq bu adı sənə versin”.

Xatırladaq ki, əməkdar artist Röya Ayxan həmkarı Aygün Bəylərdən 50 min manat təzminat və mətbuat vasitəsilə onun haqqında səsləndirdiyi fikrilərin yalan olması barədə açıqlama verməsini tələb edir. Bu haqda Röya Ayxanın vəkili Vamiq Şükürov report.az saytına açıqlamasında bildirib. V.Şükürov qeyd edib ki, A.Bəylər ARB televiziyasında R.Ayxanın şərəf və ləyaqətini təhqir edib. Buna görə də R.Ayxan iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək onu məhkəməyə verib: 
“Müraciətin icraata qəbul edilib-edilməməsi yaxın günlərdə bilinəcək”.  Musavat.com

 
 

 






Fikirlər